Neft Daşlarının yüksəlişində Heydər Əliyev mərhələsi

post-img

Dünyada açıq dənizdə ilk dəfə neftçıxarmanın ilk istinad nöqtəsi olan əfsanəvi Neft Daşları 74 illik şərəfli yol keçib. Bu illər ərzində Xəzərın fırtınalı qoynunda nəhəng neft-qaz istehsalat müəssisəsi, dünyanı heyrətə salan qeyri-adi dəniz şəhəri yaradılmışdır. Bu bizim şanlı tariximizdir. 

Neft Daşlarının salındığı ilk illərdə respublika rəhbərləri tez-tez burada olur, hasilat, quruculuq işləri ilə maraqlanır, la­zımi köməklik göstərirdilər. 1960-cı il ap­relin 26-da sovet rəhbəri Nikita Xruşşov da Neft Daşlarında oldu. Sonralar çox rəhbərlər, müxtəlif peşə adamları Neft Daşlarının sorağına Azərbaycana gəl­məyə başladılar. Neft Daşlarının həya­tında ən əlamətdar hadisə isə dahi şəx­siyyət, dünya miqyaslı siyasətçi, müasir dövlətçiliyimizin memarı və qurucusu, neftçilərin sadiq dostu Heydər Əliyevin Neft Daşlarının 25 illiyi yubileyinə gəli­şidir. Bu görüşlər mərasimin iştirakçısı olmuş hər bir neftçinin yaddaşına əbədi həkk olunmuşdur. 

Xatırladaq ki, bu, ulu öndərin Neft Daşlarına ilk gəlişi deyildi. Respublika rəhbərliyinə gəlişindən əvvəl, DTK-da işlədiyi dövrlərdə də dəfələrlə dəniz neftçilərin qonağı olmuşdu. 1965-ci ildə ADR rəhbəri V.Ulbrixtin, 1967-ci ilin sentyabrında Türkiyənin baş naziri Süley­man Dəmirəlin dəniz mədənlərinə səfər­lərində onları Heydər Əliyev müşayiət etmişdi. 1967-ci ildə DTK-nın 50 illiyi mü­nasibətilə keçirilən tədbirlər çərçivəsində Heydər Əliyev Neft Daşlarının qonağı oldu, müdafiə, təhlükəsizlik məsələləri ilə bağlı mühazirə oxudu, fərdi söhbətlər apardı. O, Neft Daşlarının rəhbərləri ilə görüşdü, klubda, kitabxanada, yaşayış evlərində oldu. DTK sədri neftçilərin iş şəraiti, yaşayışı, istirahəti ilə maraqlan­dı, gecə saat 2-yə qədər qəsəbəni gəzdi, gecə neftçilərimizin qonağı oldu.

Təsadüfi deyil ki, 1969-cu ildə Heydər Əliyev respublika rəhbərliyinə gələndə ən çox sevinənlər məhz dəniz neftçiləri olmuşdular, çünki onu yaxşı tanıyırdılar.

Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra ilk səfəri də Neft Daşlarına oldu. 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci kati­bi seçilən Heydər Əliyev plenumda iştirak edən Sov.İKP MK katibi İ.V.Kapitonov ilə birgə Neft Daşlarına səfər etdi. 1970-ci ildə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri N.V.Podqornı, SSRİ Döv­lət Plan Kömitəsinin sədri N.K.Baybakov və digər nazir, komitə sədrlərinin daxil olduğu nümayəndə heyəti ilə birgə Neft Daşlarına gəldi, dəniz neft şəhərinin in­kişafı ilə bağlı dəyərli məsləhətlər verdi. Bu səfər neftçilərin məhsuldar əməyinə təkan verdi.

1969-cu il avqust plenumunda Heydər Əliyevin təklifi ilə Azərbaycan KP MK-nın neft sənayesinin inkişafını sürət­ləndirmək tədbirləri barədə qəbul etdiyi qərar respublikada “qara qızıl” hasilatının enmə tempinin qarşısını almaq üçün ge­niş proqram müəyyənləşdirdi. Geoloqlar, geofiziklər, qazmaçılar, mədənçilər qarşı­sında məsul vəzifələr qoyuldu, dəniz neft donanmasının genişləndirilməsi və güc­ləndirilməsi nəzərdə tutuldu.

Neftçilər qürurla qeyd edirlər ki, bütün bu vəzifələr Heydər Əliyevin rəhbərliyi və iştirakı ilə tam həyata keçirildi, neft səna­yemiz, o cümlədən, Neft Daşları yeni in­kişaf mərhələsinə qədəm qoydu. O vax­tadək Xəzərdə cəmi 30 ton yükqaldırma gücünə malik kran gəmisi mövcud idi. Bu qərardan sonra xarici ölkələrdən neft-qaz tipli yedək gəmiləri, “Atlet” tipli qaldırı­cı kran gəmiləri, yeni, irihəcmli sərnişin gəmiləri alındı. Neft sənayesinin inkişafı üçün möhkəm maddi-texniki baza yara­dıldı.

Ötən əsrin 70-ci illərinin ortalarından Xəzərin daha dərin qatlarında tədqiqatlar başlandı. Zığ sahəsində özüllər zavo­du istifadəyə verildi. Xarici şirkətlərdən yeni texnika və avadanlığın alınması, ən əsası isə respublikada iri istehsal, emal, tikinti-quraşdırma müəssisələrinin yaradılması Xəzərdə işləri genişləndir­məyə imkan verdi. “Şelf” seriyalı üzən qazma qurğularının, 3 min ton yükqal­dırma gücünə malik “Azərbaycan” kran gəmisinin istismara buraxılması, Dərin Dəniz Özülləri zavodunun inşası, o zaman “Neft Daşları” NQÇİ-nin tərkibin­də istismar olunan “Günəşli” yatağında ilk quyuların qazılması, ilk platformanın qoyulması, daha dərin yerlərdə özüllə­rin qurulmağa başlanması və digər çox önəmli işlər dənizdə neft çıxarılmasında inqilab yaratdı. Bu inqilabın ilhamvericisi, bayraqdarı və əsas hərəkətverici qüvvəsi ümummilli lider Heydər Əliyev idi.

1972-ci ildə SSRİ-nin yaranmasının 50 illiyi ittifaqın hər yerində təntənə ilə qeyd olunurdu. O zaman Azərbaycan­da Ukrayna günləri çərçivəsində tədbir­lərdən biri də Neft Daşlarında keçirildi. Heydər Əliyev başda olmaqla böyük nü­mayəndə heyəti Neft Daşlarına gəldi. Uk­rayna nümayəndə heyətinə Kiyev şəhər partiya komitəsinin birinci katibi rəhbərlik edirdi. Bu dostluq görüşünə nümayən­də heyətləri ailə üzvlərilə gəlmişdilər. Mərhum akademikimiz, Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım Əliyeva ilə görüşlər, səmimi söhbətlər neftçilərin ürəyincə oldu. Zərifə xanım böyük həs­saslıqla neftçi qadınların problemləri, qayğıları ilə maraqlanırdı. 

1975-ci ildə Azərbaycan KP MK Neft Daşlarının 25 illik yubileyinin qeyd olun­ması barədə qərar qəbul etdi. Bu yubiley ümumxalq bayramı kimi hər yerdə qeyd olundu. Tədbirin zirvəsi isə, təbii ki, Neft Daşlarında keçirilən misilsiz mərasim idi. Yubiley mərasimi 1975-ci il iyunun 17-də keçirildi. Respublika rəhbəri, Neft Daşla­rının yüksəlişində misilsiz xidmətləri olan Heydər Əliyev və digər qonaqlar “Mö­cüzələr adası”na gəmi ilə gəldilər.

Gəmi meydançasında neftçilər Hey­dər Əliyevi böyük sevinc hissilə, gül-çiçək­lə qarşıladılar. Ulu öndərlə birlikdə SSRİ neft sənayesi naziri V.A.Şaşin, respub­likanın rəhbər xadimləri Qurban Xəlilov, Əli İbrahimov, Həsən Seyidov, nazirlər, dövlət nümayəndələri və əlbəttə ki, böyük incəsənət ustaları dəstəsi gəlmişdi.

Xalqımızın böyük oğlu Heydər Əliyev həmişə zəhmət adamının vurğunu olub. Daha ağır zəhmətlə məşğul olan neft­çilərlə görüşlərə ulu öndər xüsusi həvəs göstərirdi. Bu dəfə də o, dərhal neftçilə­rin əhatəsinə düşdü, çox səmimi söhbət elədi, işləri, uğurları, problemləri, qayğı­ları ilə maraqlandı. İdarənin rəisi Bəhmən Hacıyev, siyasi rəhbər Neman Qasımov və həmkarlar təşkilatının sədri Mayıs Ha­cıyev, başqa qabaqcıllar yüksək qonaqla­rı ilk qarşılayanlar sırasında idilər. Onlar hörmətli rəhbərimizi neftçilərin adından salamladılar, idarənin fəaliyyəti, uğurları haqda məlumat verdilər. 

Həmin gün qəsəbədəki meydança­da yubiley mərasimi keçirildi. Toplantıda Heydər Əliyev geniş çıxış etdi, dənizdə neftçıxarma tarixindən, neftçilərin uğurla­rından ətraflı bəhs etdi. Respublika rəh­bəri Neft Daşlarının zəngin təcrübəsinə əsaslanaraq Xəzərin 100 metr və daha dərin qatlarına getməkdən, “Günəşli” yatağının işlənməsi perspektivlərindən danışdı (o vaxt hələ kəşfiyyat qazma­sı gedirdi), “Azəri” yatağının qazılması təşəbbüsünü irəli sürdü. Sonra qabaqcıl­lar təltif edildi. Yubiley konsert proqramı ilə davam etdi.

Ulu öndər elə oradaca yenicə özülü qoyulmuş 5 mərtəbəli yaşayış binasının tikintisini sürətləndirmək barədə əlaqədar təşkilatlara göstəriş verdi. O qeyd etdi ki, bu binalar mümkün qədər tez tikilməlidir ki, neftçilərimiz vaxtında etibarlı binala­ra köçürülsün. Həqiqətən, bu xeyirxah göstəriş vaxtında yerinə yetirildi və yeni yaşayış binası rəhbərin neftçilərə hədiy­yəsi oldu. 

Ertəsi gün yübiley təntənəsi indiki Heydər Əliyev Sarayında davam etdirildi. Tədbirə Neft Daşlarının 50 nümayəndəsi dəvət olunmuşdu. Məruzə və çıxışlarda dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxaran Neft Daşları əməkçilərinə yüksək qiymət verildi, neft sənayemizin inkişaf etdirilməsi yolları barədə danışıldı. Bütün bu tədbirlər Heydər Əliyev şəxsiyyətinin neftçi əməyinə verdiyi qiymətin, neftçilərə məhəbbətinin sübutu idi. 

Onu da qeyd etmək yerinə düşər ki, Neft Daşlarında söylənilən bütün təklif və iradlara həssaslıqla yanaşan Heydər Əliyev bütün məsələlərin həllinə dair konkret tapşırıqlar verdi. O cümlədən, neftin sahilə boru xətti ilə nəql olunma­sı, “Günəşli” yatağının işlənməsi, elektrik stansiyasının tikilməsi və s. önəmli məsələlər ulu öndərin köməyi ilə müsbət həllini tapdı.

Neft Daşlarının yubileyi neftçilərə Heydər Əliyev kimi dahi şəxsiyyəti, ge­niş mənada, daha yaxından görmək, daha yaxşı tanımaq şansı verdi. Neftçilər onun əsl qurucu, yaradıcı, millətin, xalqın gələcəyini düşünən və aydın görən bir lider olduğunu gördülər. Onun respub­likaya rəhbərlik etdiyi 70-80-ci illər Neft Daşlarının ən gur inkişaf dövrü oldu. Ti­kinti-quruculuq işləri geniş vüsət aldı. Bu gün Neft Daşlarının ahəngdar işini təmin edən bir çox sənaye, sosial əhəmiyyətli obyektlər məhz həmin illərdə tikilmişdir. Neftçilərin mənzillə təmin olunmasında heç bir problem yox idi. Mədəni xidmətin səviyyəsinə isə yalnız qibtə etmək olar­dı. Respublikaya gətirilən filmlər ilk dəfə Neft Daşlarında göstərilirdi. Bir sözlə, neftçi hər cür qayğı ilə əhatə olunmuşdu. Onun problemləri, qayğıları daim diqqət mərkəzində idi.

1999-cu ildə müstəqil dövlətimizdə Neft Daşlarının 50 illiyi böyük təntənə ilə qeyd olundu. Hələ 2 il ondan əvvəl Prezident Heydər Əliyevin bu yubileyə hazırlıqla bağlı sərəncam verməsi dəniz neftçilərinə sonsuz hörmət və ehtiramın ifadəsi idi. “ARDNŞ”, “Azneft” İB və “Neft Daşları” NQÇİ rəhbərliyinin təşkilatçılığı ilə yubiley mərasimi çox yüksək səviyyə­də keçdi. Tədbirin zirvəsi isə möhtərəm Prezidentin Neft Daşları əməkçilərinə ünvanladığı təbrik idi. “Neft Daşlarını XX əsrdən XXI əsrə atılmış bir körpü” adlan­dıran ulu öndər bu dəniz şəhərinin böyük gələcəyinə inamını ifadə etmişdi. 

Dəniz neftçiləri fəxrlə deyirlər ki, bəli, bu gün bu ümidlər doğrulmuşdur. Heydər Əliyev dühasının nurundan bəhrələnib yetkinləşmiş Neft Daşları bu gün dahi öndərimizin arzuladığı işıqlı yoldadır. Də­niz şəhəri günü-gündən abadlaşır, çiçək­lənir. Ümummilli lider Heydər Əliyevin şərəfinə salınmış park neftçilərin sevimli istirahət yeridir. “Heydər Əliyev muzeyi” isə neftçilərimizin dahi rəhbərin zəngin irsini, müdrik məktəbini öyrənməsi üçün bir məbəddir. Xüsusilə dövlət bayramı günlərində hamı bu muzeyə üz tutur, öl­məz liderimizə öz məhəbbətini və ehtira­mını ifadə edir.

Ulu öndər Heydər Əliyevin ucaltdığı bayraq, qurduğu dövlət, miras qoyduğu ideyalar daim onun nurlu adı ilə qoşa ya­şayacaq və xalqımızı yeni zirvələrə apa­racaq. 

Xeyrulla AĞAYEV,
“Neft Daşları” qəzetinin baş redaktoru



Sosial həyat