II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı davam edir

post-img

Bakıda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı davam edir. Hüseyn Cavid prospektində AMEA-nın binasının qarşısındakı parkda təşkil olunan festivalda müxtəlif sahələrə dair nəşrlər, eləcə də incəsənət nümunələri böyük marağa səbəb olub. Daha geniş proqramla kitabsevərlərin görüşünə gələn budəfəki festival müxtəlif filmlərin, imza və yubiley mərasimlərinin, konsertlərin təşkili ilə də izləyicilərin diqqətini cəlb edib. 

Bakı sakini Tural İbrahimov dedi: 

– Müasir yazıçılar, şairlərin yaradı­cılığı mənim üçün çox maraqlıdır. Nəş­riyyatlar, kitab evləri oxucu tələblərini nəzərə almalıdırlar. Düzdür, axtardığım klassiklərin əsərlərini tapdım. Amma gənc yazarlarla bağlı bunu deyə bil­mirəm. 

Qazaxıstana aid “Böyük Bozqırın şəfəqi” filmini izləyən Famil Şamil isə təəssüratlarını bölüşdü: 

– Tarixi filmləri çox sevirəm. “Böyük Bozqırın şəfəqi” filmi çox təsirli və ma­raqlı idi. Hadisələr Qasım xanın döv­ründə baş verir. Filmdə qazax xalqının adət-ənənələri və tarixi diqqət çəkir. 

Bakıya qonaq gələn – Zəhra və Zöhrə Həbibova bacıları həm bədii və tatixi ədəbiyyatla, həm də əl işləri ilə maraqlandıqlarını, özləri üçün kitablarla bərabər, boyunbağı, qolbaq aldıqlarını dedilər. 

Bakı Dövlət Universitetinin filologiya fakültəsinin tələbələri festivalın təşkili üçün məkanın ideal olduğunu bildirdilər. Hər gün dərsdən sonra sərgiyə gəldik­lərini və yeniliklərlə tanış olduqlarını bildirdilər. Qeyd etdilər ki, nəşriyyatlar sərgiyə hər gün yeni kitablar gətirirlər. 

Festivalda veteran Əsgər Habi­lovla tanış olduq. Yaşı 75-i ötən Ə.Habilovun festival barədə fikirlərini öyrəndik. 

– Açıq havada insan axını olan məkanlarda bu cür mədəni tədbirlərin, təşkili gözəl ideyadır – dedi: – Düzdür, əvvəllər kitablara maraq daha çox idi. Amma son dövrlər gənclərdə kitaba ma­rağın artması hiss edilir ki, bu da sevin­dirici haldır. Sərgi ümumilikdə çox gözəl təşkil olunub. Hər gün mədəni tədbirlər təşkil olunur. Gənclərimiz nə qədər çox mütaliə etsələr, dünyagörüşləri o qədər də genişlənər. Qədim tarixə, zəngin mədəniyyətə malik olan türk xalqlarının mədəni irsinin öyrənilməsi baxımından festivalın böyük önəmi var. Mədəni təd­birlərin təşkili, filmlərin nümayişi festiva­la əlavə rəng qatır, onu daha da maraqlı edir. 

Beləcə, iyunun 5-də başlanan II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı xoş əhval-ruhiyyədə davam edir. Əmi­nik ki, iyunun 11-dək davam edəcək festival kitabın populyarlaşdırılması və mütaliəyə marağın artırılması ilə yanaşı, türk xalqları mədəni irsinin təbliği, mə­dəni-mənəvi dəyərlərinin qorunması və tanıdılmasına da öz töhfələrini verəcək. 

Leyla QURBANOVA, “Xalq qəzeti”

Sosial həyat