Günərzi mərkəzlərində uşaqlara qayğı və diqqət göstərilir

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi, Kənd Qadınlarına Qayğı İctimai Birliyinin təşkilatçılığı ilə uşaqlara həsr olunmuş şənlik və əyləncə tədbirləri keçirilib. Tədbirlər Qəbələ, Oğuz və Qax rayonlarındakı günərzi mərkəzlərində baş tutub.  

Tədbirlərin məqsədi uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsidir. 

Kənd Qadınlarına Qayğı İctimai Birliyinin sədr müavini, layihə rəhbəri Habil Niftalı “Xalq qəzeti”nə açıqlamasında bildirdi ki, günərzi mərkəzlərində şəhid və aztəminatlı ailələrin, müharibə iştirakçılarının uşaqlarının qayğısına qalınır, onlara müxtəlif xidmətlər göstərilir: “Bu yaxınlarda şəhid xanımı müraciət etmişdi, uşağı 2 yaş yarımlıq idi. O, uşağa baxmağın ucbatından işləyə bilmirdi. Başqa bir misal, azyaşlı uşaq atanın himayəsindədir. Ata məcburdur ki, uşağa baxsın, işləməsin. Biz həmin uşaqları günərzi mərkəzlərinə qəbul edib, saat 9-dan 6-ya kimi ən azı bir bağçanın göstərdiyi xidmətləri həyata keçiririk”.

Layihə rəhbəri onu da bildirdi ki, günərzi mərkəzlərində ixtisaslı pedaqoq, psixoloq, tərbiyəçi və dayələr çalışırlar.

 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"







Sosial həyat