Dünən Bakıda Yeni Azərbaycan Partiyası və Azərbaycanda Rus İcmasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin inkişaf konsepsiyası kimi” mövzusunda konfrans keçirilib.
Konfransda çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bugünkü konfrans Heydər Əliyev irsinin öyrənilməsi, onun əbədiyaşar ideyalarının geniş ictimaiyyətə çatdırılması və gənc nəslə aşılanması baxımından mühüm əhəmiyyətə malikdir.
Tahir Budaqov deyib ki, Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Heydər Əliyev ideyalarına əsaslanan siyasəti ölkəmizə böyük nailiyyətlər qazandırmaqdadır. Xüsusilə də multikulturalizmin həm dövlət siyasəti olaraq müəyyənləşdirilməsi, həm də cəmiyyətin həyat tərzi olması Azərbaycanın sabitlik məkanı və inkişaf diyarı kimi müstəqillik yolunda inamlı irəliləyişini təmin edir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın rəhbərliyi ilə multikulturalizmin, sivilizasiyalararası dialoqun, mədəniyyətlərin inteqrasiyası ideyasının təbliği və təşviqi istiqamətində ardıcıl işlərin görülməsi, mühüm layihələrin reallaşdırılması həm ölkəmizdə tolerantlıq mühitinin güclənməsinə, həm də Azərbaycanın müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsinə təkan verir.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Azərbaycanda Rus İcmasının sədri Mixail Zabelin bildirib ki, sabitliyin və inkişafın təmin edilməsi Heydər Əliyevin siyasətinin ən mühüm nailiyyətlərindəndir. M.Zabelin diqqətə çatdırıb ki, Heydər Əliyevin xeyir-duası ilə 1993-cü ilin mayında Azərbaycanda Rus İcması yaradılıb və bu gün Cənubi Qafqazda ən böyük - 120 min nəfərdən çox üzvü olan icma 30 illik yubileyini qeyd edir.
Mədəniyyət naziri Adil Kərimli, Rusiya Xarici İşlər Nazirliyinin Həmvətənlərlə İşlər üzrə Departamentinin direktoru Aleksandr Nurizadə, Həştərxan vilayətinin mədəniyyət və turizm naziri Olqa Prokofyeva, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi, Arximandrit Aleksiy Nikonorov çıxış edərək Ulu öndərin əsaslarını yaratdığı milli siyasətin dilindən, dinindən, ictimai mənşəyindən asılı olmayayaraq hər bir xalqın hətərəfli inkişafına münbit şərait yaratdığını vurğuladılar. Natiqlər bildirdilər ki, bu siyasətə uyğun olaraq Azərbaycanda müxtəlif mədəniyyətə və konfessiyaya malik insanlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu ölkənin qonşu xalqlarla və dövlətlərlə münasibətləri də dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanır.