100 ilə sığmayan dahinin dünya şöhrəti

post-img

Onu Yer adlı planetdə tanıyanların, xatirəsinin işığına toplaşanların sayı milyonlarladır. Heydər Əliyev təkcə öz xalqı və ölkəsi üçün böyük şəxsiyyət olmayıb, onu daim sülh və əmin-amanlıq dilədiyi dünyanın dörd tərəfində tanıyır, sevir və xatırlayırlar. Ulu öndərin 100 illik yubileyi münasibətilə dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərdən bir neçəsini diqqətinizə təqdim edirik. 

Ankara 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin (QHTD­DA) Ankarada təşkil etdiyi tədbirdə əvvəlcə Türkiyənın və Azərbaycanın Dövlət himnləri səsləndirilib. 

Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub. Yubiley tədbirində Türkiyə-Azərbaycan Dostluq, Əmək­daşlıq və Həmrəylik Fondunun rəhbəri, professor Aygün Əttar, QHTDDA-nın icraçı direktoru Aygün Əliyeva, Prezi­dent Administrasiyasının məsul əmək­daşı Əli Pənahov, Türkiyə Preziden­tinin müşaviri Mücahit Küçükyılmaz, Türkiyə Daxili İşlər Nazirliyi Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin rəisi Əhməd Türköz, Ankara Univer­sitetinin rektoru Necdet Ünüvar, Azər­baycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov, Qər­bi Azərbaycan İcmasının nümayəndəsi Zaur Məmmədov çıxış ediblər. 

Məruzəçilər Heydər Əliyevin Azər­baycan xalqı qarşısında fədakar xid­mətlərindən, Azərbaycan-Türkiyə dostluq və qardaşlığının tarixi köklərin­dən, əsası ulu öndər tərəfindən qoyul­muş ikitərəfli və çoxtərəfli beynəlxalq əlaqələrin Prezident İlham Əliyevin gər­gin fəaliyyəti nəticəsində yüksək inkişaf səviyyəsinə çatmasından və hazırda Türkiyə ilə strateji əməkdaşlıq sayə­sində regionda sülhün, təhlükəsizliyin təmin olunmasından danışıblar. Tədbir konsert proqramı ilə yekunlaşıb.

İstanbul 

İstanbul şəhərinin Kireçburun bölgəsində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibə­tilə tədbir düzənlənib. 

Tədbirdə Türkiyə Böyük Millət Məc­lisinin (TBMM) deputatı Şamil Ayrım, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşki­latının (QDİƏT) Parlament Assamble­yasının baş katibi Asəf Hacıyev, Azər­baycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva və başqaları iş­tirak ediblər. Tədbir iştirakçıları Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edib, önünə əklillər qoyub, xa­tirəsini ehtiramla yad ediblər. 

London

İngiltərənin Lordlar Palatasında Elm və təhsil naziri Emin Əmrullayev, Böyük Britaniya Baş nazirinin Azər­baycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson və ölkəmizin Böyük Britaniyadakı səfiri Elin Süleymano­vun iştirakı ilə görüş keçirilib. 

Təhsil Nazirliyinin məlumatına görə, görüşün ümummilli lider Heydər Əliye­vin anadan olmasının 100-cü ildönü­münə təsadüf etməsinin rəmzi məna daşıdığı vurğulanıb, ulu öndərin həyat və fəaliyyətindən söz açılıb. Görüşdə, həmçinin iki ölkə arasında təhsil sahə­sində əməkdaşlıqdan məmnunluq ifadə edilib, xaricdə təhsil üzrə dövlət proq­ramları çərçivəsində Böyük Britaniya ali təhsil müəssisələrinin Azərbaycan vətəndaşlarının üstünlük verdiyi univer­sitetlər siyahısında yer aldığı bildirilib.

Moskva

“Putin Heydər Əliyevin siyasi müdrikliyini yüksək qiymətləndirib”. Bu sözləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ulu öndərin 100 illik yubileyi ilə bağlı “news.ru” nəş­rinə bildirib. 

“Prezident Putinin Heydər Əliyev ilə çox səmimi münasibətləri var idi. O, həqiqətən Heydər Əliyevə böyük hörmət bəsləyirdi. Onlar dəfələrlə ünsiyyətdə olublar. Rusiya-Azərbaycan ikitərəfli mü­nasibətlərinin möhkəm təməli də məhz həmin vaxt qoyulub. Prezident bu cür münasibətləri İlham Heydər oğlu ilə də davam etdirir. Əlbəttə, bizim ortaq tarixi­mizdə, Sovet İttifaqının tarixində Heydər Əliyevin rolunu qiymətləndirmək olduqca çətindir. Bu rol həqiqətən çox böyükdür”, - deyə D.Peskov vurğulayıb.

Seul

Azərbaycanın Koreyadakı səfirliyi ümummilli lider Heydər Əliyevin ana­dan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev 100: həyatı və irsi” adlı tədbir keçirib. 

Tədbirdə çıxış edən səfir Ramin Həsənov müasir Azərbaycan dövlətinin memarı, görkəmli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən, müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlardan və atdığı tarixi addımlardan danışıb. Tədbir Hey­dər Əliyevin həyat və fəaliyyətini əks etdirən qısametrajlı videoçarxın nüma­yişi və koreyalı peşəkar musiqiçilərin ifasında Azərbaycan və xarici bəstəkar­ların klassik əsərlərindən ibarət konsert proqramı ilə davam etdirilib. 

Doha

Görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi münasibə­tilə Azərbaycanın Qətərdəki səfirli­yinin təşəbbüsü və Qətər Dövlətinin Bələdiyyə Nazirliyinin dəstəyi ilə Doha şəhərində ağacəkmə aksiyası təşkil edilib. 

Səfirlikdən verilən məlumata görə, Dohanın mərkəzi hissəsində yeni sa­lınan parkların birində təşkil edilən ak­siyada yerli iqlim şəraitinə uyğunlaşdı­rılmış 100 ədəd ağac əkilib. Tədbirdə Qətərin Bələdiyyə Nazirliyinin Parklar Baş İdarəsinin rəisi və “Qatar EXPO 2023”ün baş katibi Məhəmməd Ali Al Xori, Doha Şəhər Bələdiyyəsinin xü­susi nümayəndəsi, Qətərdə akkreditə olunan ölkələrin səfirləri, həmçinin Kos­ta-Rika, Tailand, Gürcüstan, İndoneziya və Rusiyanın müvəqqəti işlər vəkili və müşavirləri, Qətərdə yaşayan Azərbay­can icmasının nümayəndələri iştirak ediblər. Qətərdəki Türkiyə səfirliyinin böyük diplomatik heyəti, o cümlədən Qətərdə yerləşən Türkiyə hərbi bazası­nın komandanı və Hərbi Hava Qüvvələ­ri Baş Komandanılığı da tədbirə qatılıb. 

Azərbaycanın Qətərdəki səfiri Mahir Əliyev “10 milyon ağac əkilməsi” təşəb­büsü ilə həmrəylik olaraq səfirlik tərəfin­dən ümummilli liderin 100 illik yubileyi ərəfəsində onun xatirəsinin əbədiləşdi­rilməsi məqsədilə Dohada 100 ağacın əkilməsi təşəbbüsünü irəli sürdüyünü diqqətə çatdırıb. 

Kanberra

Azərbaycanın Avstraliya İttifaqın­dakı səfirliyinin dəstəyi ilə bu ölkənin geniş oxucu kütləsinə malik "Vibe Media" xəbər portalında Heydər Əli­yevin anadan olmasının 100 illiyi ilə bağlı "Heydər Əliyev irsi və Azərbay­canın enerji sektorunda transforma­siyası" sərlövhəli məqalə dərc olu­nub. 

Məqalədə dünya miqyaslı siya­si lider Heydər Əliyevin strateji baxışı və qətiyyəti sayəsində Azərbaycanın enerji sektorunun dirçəlməsindən, ölkəmizin enerji müstəqilliyinin və təh­lükəsizliyinin əsasının qoyulmasından bəhs edilir. Bundan başqa, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın Avropanın enerji təchizatı xəritəsinin yenidən qurulmasındakı mühüm rolun­dan, Bakı-Tbilisi-Ceyhan neft və Ba­kı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi meqalayihələrin Avropanın enerji təh­lükəsizliyinə və şaxələndirilmiş enerji marşrutlarına töhfəsindən danışılır.

Məqalədə AZƏRTAC və Report-un materiallarından da istifadə olunub. 

 

Hazırladı:
İ.HƏSƏNQALA, “Xalq qəzeti”













Sosial həyat