Akademik Nizami Cəfərov “Azərbaycanşünaslığa giriş” adlı qiymətli tədqiqatının “Yeni dövrdən ən yeni dövrə... Etnokulturoloji özünüdərkdən milli-siyasi özünütəsdiqə” adlı IV bölümünün “Azərbaycanda milli dövlətçilik təfəkkürünün formalaşması” adlı yarımbaşlığını Heydər Əliyev dühasına həsr edib: “Müstəqil Azərbaycan dövlətinin qurucusu, Prezident Heydər Əliyev Dünya azərbaycanlılarının şəksiz lideridir”.
Azərbaycanşünas alim ümummilli lider Heydər Əliyevin siyasi obrazını oxucuya “Azərbaycan xalqının etnik, sosial-siyasi mütəşəkkillik səviyyəsinin yüksəlişi sahəsində görülmüş böyük işlər”in əhatəsində təqdim edib. Müəllif göstərir ki, ulu öndərin respublika rəhbərliyinə gəlişi müstəqil düşüncə hadisəsi olub: “1970–1980-ci illərdə Azərbaycanda gedən milli oyanış, siyasi-ideoloji dirçəliş prosesinin nəticələri özünü 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindəki xalq hərəkatında göstərib.
Alim Heydər Əliyev obrazının bir səciyyəvi məqamını da yığcam və aydın təqdim edib: “Əgər müqayisə aparsaq, etiraf etməli olarıq ki, Azərbaycanın dövlət rəhbərləri içərisində Heydər Əliyev qədər böyük idarəçilik təcrübəsinə malik ikinci bir şəxs olmamışdır”. Nizami Cəfərov bu baxımdan 1970–1980-ci illərin Azərbaycanını “Heydər Əliyevin Azərbaycanı” adlandırıb və göstərib ki, ümummilli liderin ikinci dəfə hakimiyyətə gəlişi “90-cı illərin ilk aylarından artıq reallıq idi. Bir-birinin ardınca baş verən hadisələr, get-gedə güclənən “xaos” “ölkənin sahibini” tələb edirdi... H.Əliyevin yaratdıqları xalqın gözləri qarşısında dağıldıqca, böyük dövlət qurucusuna, ictimai harmoniya ustasına meyil də güclənirdi”.
Heydər Əliyev Azərbaycana Tarix kimi də lazım idi, – deyən Nizami Cəfərov bu tezisini belə əsaslandırır: “Həmin tarixin xronologiyası Azərbaycan Xalq Cümhuriyyətindən başlasa da, cümhuriyyətin “praktika”dan deyil, “nəzəriyyədən” ibarət olması ona əsaslanmağa imkan vermirdi”. Müəllif analitik təhlillərini inkişaf etdirərək qənaətini qətiləşdirir: “Azərbaycanı Heydər Əliyev xilas etdi”. “Heydər Əliyevin Azərbaycanın xilası üçün gördüyü işlərin miqyasını müəyyənləşdirmək yox, ancaq təsəvvür etmək mümkündür. Bu, epik bir miqyasdır – bu fəaliyyət xalqın yalnız bu gününü müəyyən etmir, onun gələcəyinə əhəmiyyətli təsir göstərir ki, bu mənada Azərbaycanın qurtuluşu bu günlə məhdudlaşmayan, gələcəyə getdikcə tarixi məzmunu daha yaxşı dəyərləndirəcək bir hadisədir.
Akademikin daha bir tezisi əsaslı və inandırıcıdır: “Azərbaycan qurtuluşunun yekunu, yaxud nəticəsi qurtuluşun Azərbaycanıdır”. Nizami Cəfərov Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinin 15 iyun 1993-cü il tarixli iclasındakı çıxışından misal gətirib: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”. Akademikin tezislərindən birinin müddəası da dəqiqdir: “Heydər Əliyevin şəxsiyyətində təzahür edən milli iradə, möhtəşəm xalq ruhudur ki, Azərbaycanı hər cür iqtisadi, sosial-siyasi problemlərdən çıxararaq gələcəyə – əbədi müstəqilliyə aparır.
Türkoloq alim Heydər Əliyevi həm də türk qövmləri məcrasında təqdim edib. Bu tarixi obrazda azərbaycançılıqla bərabər, türkçülük məfkurəsi də birləşib: “Türk dünyasının fəxri olan Heydər Əliyev zəmanəmizin yetirdiyi böyük türklərdən biri, bəlkə də birincisidir”. Nizami Cəfərov xatırladır: “Azərbaycanın müasir tarixində Heydər Əliyevə qədər 3 görkəmli ictimai-siyasi xadimin (türkün) adı çəkilir: M.Ə.Rəsulzadə, N.Nərimanov və M.C.Bağırov. Xalq maraqlarına dərindən bağlılıq və məqsədlərinə çatmaq məharəti baxımından onları Heydər Əliyevlə müqayisəyə gətirmək mümkün deyil: “Çünki onların heç biri bu sahədə böyük istedada malik olmamış, bir sıra hallarda isə şəraitin birbaşa əsirinə çevrilmişdir. Və bu isə o deməkdir ki, həmin görkəmli şəxsiyyətlərin rəhbərlik təcrübəsi tamamilə başqa tipli bir rəhbər olan Heydər Əliyevə çox az şey vermişdir”.
Müəllif daha sonra Heydər Əliyevin böyük dövlətçilik, idarəetmə məharətinin əsasları üzərində dayanıb: “Heydər Əliyevin qısa bir zamanda qazandığı müqayisəyəgəlməz ictimai-siyasi uğurların ən mühüm şərti, heç şübhəsiz, onun qorxmazlığı, cəsarəti, qranit kimi möhkəm iradəyə malik olmasıdır”. Heydər Əliyevlə bağlı əfsanələrin mahiyyətində isə bu dayanıb: “Əlbəttə, məsələ bu əfsanələrin reallığa nə dərəcədə yaxın olub-olmamasında deyil, məsələ ondadır ki, cəmiyyət, ictimai şüur Heydər Əliyevi əfsanəvi şəxsiyyət kimi tanıyır... Özündən əvvəlki respublika rəhbərliyinin liberallığına, mərkəzdən (Moskvadan) asılılığına, şəxsi rahatlığına meyilli olmalarına qarşı Heydər Əliyev əsil milli rəhbər obrazını qoymuş, bütün kəskinliyi ilə təsdiq etmişdir”.
Akademik Nizami Cəfərov ulu öndər Heydər Əliyev fenomeninə 1920–1930-cu illərin reallıqlarından gələrək vəziyyəti ifadə edib, “türk” sözünün işləkliyindən və qadağalarından, Heydər Əliyev yeniyetməliyinin 1930-cu illərlə bağlı gələnəklərindən danışıb. “1930-cu illərdə (xüsusilə həmin onilliyin birinci yarısında) Azərbaycanın orta məktəblərində ana dili, ədəbiyyat, tarix fənləri türkçülükdən heç də tamamilə “xilas olmamışdı”. Alim qeyd edir ki,Türkiyə ilə müqavilə əsasında Azərbaycana gəlmiş türkiyəli mütəxəssislərin 1920-ci illərdə tərtib etdikləri proqramlar, dərsliklər hələ bu və ya digər dərəcədə qüvvədə idi. Vətənini sevən müəllimlər də vardı.
1930-cu illərin ictimai-siyasi coşğunluğu, mədəni-ideoloji təlatümləri məktəblərdə istər-istəməz milli hisslərlə kompromisə girməli olurdu. Gələcəyin milli lideri təhsilini belə bir məktəbdə almış, 30-cu illərin təbəddülatlı ideyalar mühitində böyümüşdü: “Heydər Əliyevdə türkçülük duyğuları gənc yaşlarında orta məktəb şagirdi ikən oyanmışdı. O zaman türkçülüyü, əsasən, Türkiyəyə – yeganə müstəqil türk dövlətinə maraq müəyyən edirdi”.
Nizami Cəfərov Heydər Əliyev və türkçülük məfkurəsinin tarixi zəmininə və əsaslarına nüfuz edib: “Böyük türkçü sonralar xatırlayırdı ki, “cocuq ikən gənc yaşlarımda Türkiyəyə böyük hörmətim, məhəbbətim var idi. İndi ola bilər ki, elə böyük sirr deyil açım, o vaxtlar mən türk dili lüğətini, türk dili dərsliyini götürmüşdüm, türk dilini öyrənirdim. Bunu da açıq deyə bilərəm ki, müəllimim də var idi, bir müddət – iki-üç il mənə türk dili öyrətdi. Türkiyənin tarixini öyrənirdim, şairlərini öyrənirdim”. Heydər Əliyev Türkiyənin ədəbiyyat xadimlərini də xatırladıb: “Biz o vaxtlar Türkiyənin böyük şairlərini, yazıçılarını öyrənirdik. Ədülhəq Hamid, Tofiq Fikrət və bir neçə başqaları bizim o vaxt, orta məktəbdə oxuduğumuz illərdə ədəbiyyat dərsliklərimizə daxil idi. Ədəbiyyat dərsliklərində Türkiyənin bu böyük yazıçılarının, şairlərinin əsərləri indi də gözümün qabağındadır. Türkiyəyə böyük maraqla, heyranlıqla baxırdım”.
Beləcə gənc Heydər Əliyev taleyin onun üçün ayrılan yerini axtarmaqda idi: “İlk tapıntılar dövlət təhlükəsizliyi orqanlarından başladı. Dövlət təhlükəsizliyi orqanlarındakı işi gələcəyin böyük ictimai-siyasi və dövlət xadiminin möhkəm xarakterini, sərt məntiqini daha da cilalayırdı”. 1950-1960-cı illər isə Heydər Əliyevin “sovet dövlətçiliyinin həm məzmunu, həm də praktikasına dərindən bələd olduğu” illər olub. Bu illər Heydər Əliyevə “kifayət qədər mürəkkəb sosial-siyasi mühitdə fəaliyyətinin strategiyası ilə taktikasını düzgün əlaqələndirmək məharəti qazandırıb”.
1980-ci illərdə Heydər Əliyev sovet dövləti rəhbərliyində işləməyə aparılan yeganə türk idi. Azərbaycan rəhbərliyində də belə idi. N.Cəfərov bunu belə əsaslandırır: “Rus sovet dövlətçiliyinin tarixi əsasında qədim türk dövlətçiliyinin əsrlər boyu qazandığı təcrübə dayanmışdı... Hansı qiyafədə təzahür edirsə-etsin, mahiyyət etibarilə bir türk dövləti olan Rusiya – SSRİ dövlətçilik təfəkkürü zəif rus-slavyan xadimləri tərəfindən heç zaman normal idarə edilə bilməyibdir”. Türklər isə XVII əsrdən yüksək idarəçiliyə, demək olar ki, buraxılmayıblar. Heydər Əliyev Azərbaycanı müsəlman-türk respublikasına çevirmişdi. Bu iqtisadi, mədəni, mənəvi yüksəlişi digər görkəmli türklər D.Ə.Kunayev və Ş.R.Rəşidov edə bilməmişdi,– akademik Nizami Cəfərov belə qənaətə gəlir.
Heydər Əliyev milli tarixi təfəkkürün oyanışına xüsusi əhəmiyyət verib. Özü də tarixçi kimi: “Azərbaycan xalqının mənşəyi, formalaşması, Azərbaycan millətinin təşəkkülü kimi mühüm tarixşünaslıq problemləri məhz 70-ci illərdə bütün elmi-ideoloji kəskinliyi ilə qoyulurdu: “Heydər Əliyev milli dil, ədəbiyyat, mədəniyyət və s. tarixinin problemləri ilə də maraqlanır, mütəxəssisləri səfərbər edirdi”.
Sov.İKP MK-nın Siyasi Bürosunda o zaman (1980-ci illərin əvvəllərində) üç türk var idi: Dinmühəmməd Kunayev (qazax), Şərəf Rəşidov (özbək) və Heydər Əliyev (türk-Azərbaycan)! Zaman Heydər Əliyevi ruslarla təkbaşına mübarizə mövqeyinə çıxarmışdı. 1980-ci illərin ortalarında artıq Heydər Əliyev Azərbaycanın və ümumən türk-müsəlman xalqlarının lideri idi. Rus şovinizmi isə ayaqda idi. Nizami Cəfərova görə: “Etiraf edək ki, Heydər Əliyev Türküstanın dövlət başçıları Nursultan Nazarbayev, İslam Kərimov, Saparmurad Niyazov, Əsgər Akayev ilə görüşlərində, münasibətlərində öz ağsaqqallıq missiyasını, türk dünyasının lideri vəzifəsini məharətlə yerinə yetirirdi”.
İqtisadi, siyasi və mədəni cəhətdən birləşmiş türk xalqları yeni dünyanın mühüm gerçəkliyindən biri olmuşdu. Və Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan MR Ali Məclisi Dünya azərbaycanlılarının həmrəylik gününün keçirilməsi üçün qərar qəbul etmişdi. 1993-cü ildə bu həmrəylik bayram kimi təntənəli surətdə qeyd olunmuşdu.
Ulu öndər dünya ictimaiyyəti qarşısında da böyük siyasi nüfuz sahibi olub. Nizami Cəfərov ulu öndəri siyasi portretinin bu tamamlayıcı çizgisini sözlə belə rəsm edir: “Heydər Əliyev yalnız Azərbaycanın, ümumən azərbaycanlıların rəhbəri deyil, dünyanın gələcəyi üçün məsuliyyət daşıyan böyük ictimai-siyasi xadimlərdəndir”.
Əlizadə ƏSGƏRLİ,
AMEA Ədəbiyyat İnstitutu direktorunun müşaviri,
filologiya elmləri doktoru