Yeni mədəniyyət siyasətinin yaradıcısı

post-img

Azərbaycan xalqı bəşər tarixinə qüdrətli şəxsiyyətlər bəxş etmişdir. O, nadir tarixi simalar sırasında böyük əzəməti, tükənməz qətiyyəti, dərin fəlsəfi təfəkkürü, ensiklopedik biliyi ilə seçilən müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xüsusi yeri vardır. 

Danılmaz bir həqiqətdir ki, Azərbay­canın ən yeni tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin şərəfli adı, möhtəşəm və alovlu fəaliyyəti ilə birbaşa bağlıdır. Çün­ki bu dövrün özünü məhz Heydər Əliyev yaratmışdır. O, var qüvvəsini Azərbaycanın yüksəlişinə həsr etmiş, respublikamızın hər yerində nəhəng quruculuq işlərinin təşəbbüs­karı olmuşdur. Bütün digər sahələrdəki kimi, onun dahiyanə uzaqgörənliyi, mükəmməl bilik və bacarığı mədəniyyət sahəsində də dərin və silinməz iz qoymuşdur. Mübaliğəsiz demək olar ki, ümummilli lider yeni mədə­niyyət siyasətimizin banisidir. Çox səmərəli təcrübə sübut edir ki, Heydər Əliyev tərə­findən əsası qoyulan müstəqil Azərbaycanın mədəniyyəti ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni dövr üçün zənginləşdirilir və inkişaf etdirilir. 

Əvvəlcə mədəniyyət siyasəti anlayışına və fenomeninə diqqət yetirək. Yaxşı bəlli­dir ki, Azərbaycanda yeni müstəqil dövlətin qurulması siyasi, sosial-iqtisadi va hüquqi səbəblərdən baş verən çox ciddi, irimiqyaslı islahatlarla müşahidə olunurdu. Baxmayaraq ki, mədəniyyət rəsmi olaraq islahat sahəsi elan olunmamışdı, burada da bir çox dəyi­şikliklər baş verirdi. Əgər yaxın keçmişdəki, yəni SSRİ dövründəki və indiki mədəniyyət siyasətinin məqsəd, prinsip və əsas xüsusiy­yətlərini müqayisə etsək, göz önündə olduq­ca maraqlı və çox ziddiyyətli bir mənzərə yaranar. Hamının yaxşı yadındadır ki, Sovet İttifaqında, hər bir totalitar dövlətdə oldu­ğu kimi, mədəniyyət, əsasən, hakim parti­ya – dövlət dəyərlərinin insanların şüuruna yeridilmə aləti kimi başa düşülürdü. Onun köməyi ilə mövcud ictimai-siyasi quruluş möhkəmləndirilirdi. Bu cür münasibət isə kommunist-ideoloji yönümlülük, mədəni və bədii dəyərlərə sinfi yanaşma, yaradıcılıq prosesinə bilavasitə müdaxilə, mədəniyyət siyasətinin məqsədlərinin inzibati-amiranə, yəni məcburi metodlarla həyata keçirilmə­si ilə fərqlənən bir mədəniyyət siyasətinin möhkənlənməsinə səbəb olurdu. Müstəqil­liyimizin ilk çağlarında ölkəmizin mədə­ni həyatında dəyişikliklər hələ ki, çox az idi. Bir qədər sonra digər sahələrdə olduğu kimi, mədəniyyətdə da qatma-qarışıqlıq, qeyri-müəyyənlik, bir çox mənfi meyillər müşahidə olunur və baş alıb gedirdi. Bir tərəfdən anarxiya kimi başadüşülən azadlıq, digər tərəfdən qeyri-peşəkar rəhbər şəxslə­rin mədəniyyətə çox qəribə, hətta primitiv yanaşması, məsələn, onlar tərəfindən Qərb mədəniyyətinin, incəsənətinin bizə, guya, ta­mamilə yad olması və lazımsızlığının bəyan edilməsi, bu sahənin normal inkişafının qar­şısını alır, çağdaş Azərbaycan mədəniyyə­tini ümumsivil məcradan təcrid edərək ona böyük zərbələr vururdu, bununla da rəqabət bacarığını azaldırdı. 

Ümumiyyətlə, demək olar ki, o mərhələ­də düşünülmüş mədəniyyət siyasəti yox dərə­cəsində idi. Nəhayət, 1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi rəhbərliyə qayıtması ilə bağlı olaraq, vəziyyət köklü şəkildə də­yişdi. Sürətlə başlanan demokratikləşmə prosesləri, cəmiyyətin düzgün istiqamətdə inkişafı mədəniyyətin yeniləşməsini qaçıl­maz edən amillərə çevirir. Məhz demokratik, dünyəvi va hüquqi dövlətin formalaşması şəraitində yeni mədəniyyət siyasətinin təşək­kül tapması, onun məqsəd və prinsiplərinin dəqiqləşməsi, müasir tələblərə cavab vermə­si çox vacib va təxirəsalınmaz problemlər sırasına daxil edilir. Xususilə qeyd edək ki, Azərbaycanın əbədi lideri Heydər Əliyevin mədəniyyət məsələlərinə müstəsna əhəmiy­yt verməsi məmləkətimizin ən sivil ölkələr sırasına qatılmasının əsas səbəbləri kimi qiymətləndirilməlidir. Şübhəsiz, müasir dün­yanın heç bir dövlət başçısı bu nəhəng şəx­siyyət qədər mədəniyyətə, incəsənətə qayğı, diqqət və maraq göstərməmişdir. Onun bu sahəylə bağlı düşünülmüş, ardıcıl, gərgin fəaliyyəti, doğma mədəniyyətə xidməti heç vaxt unudulmayacaq.

Çox önəmlidir ki, elmi cəhətdən əsas­landırılmış mədəniyyət siyasəti mədəni inki­şafın ardıcıllıq, varislik, millilik, orijinallıq, Azərbaycan xalqının təkrarsız mədəniyyət genofondunun saxlanılması, eyni zamanda, açıqlıq və demokratiklik ideyalarını təbliğ edir və fəal şəkildə həyata keçirir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müasir dünya elmində və praktikasında mövcud olan bir sıra modellər sırasından mədəniyyətlərin di­aloqu modeli seçilərək ölkəmizdə qəbul edi­lir. Həmin model Azərbaycanın tərəf-müqa­bili qismində ümumdünya mədəni prosesdə iştirakına əsaslanır və respublikamızda opti­mal sosiomədəni dinamikanın dəstəklənmə­sinə imkan yaradır. 

1993-2003-cü illər ərzində yeni mədə­niyyət siyasətinə uyğun olaraq, dövlət tərə­findən çoxsaylı və mühüm əhəmiyyətli işlər görülmüşdür. O cümlədən, dahi Füzulinin 500 illiyinin, “Kitabi -Dədə Qorqud”un 1300 illiyinin, Azərbaycanın görkəmli mədəniy­yət xadimlərinin yubileylərinin təntənəli qeyd edilməsi, Ümumdünya İnkişaf Bankı tərəfindən Azərbaycana üç unikal milli abi­dəmizin – Şirvanşahlar sarayının, Şəki xan sarayının, Möminaxatın türbəsinin rekons­truksiyası üçün böyük məbləğdə pul vəsa­itinin ayrılması, vaxtilə bütün müsəlman Şərqində müqəddəs ziyarətgah kimi tanınan Bibiheybət məsçidinin yenidən tikilməsi, gözəl filarmoniyamızın bərpası, vokalçıların Bülbül adına beynəlxalq müsabiqələrinin və kinofestivalların keçirilməsi, dünyanın ən məşhur musiqiçilərinin konsertlərinin təş­kil edilməsi, ənənəvi milli bayramlarımızın elliklə qeyd olunması, Bakı şəhərinə onun sivil simasının qaytarılması, əlbəttə, bu siya­hını davam etmək mümkündür, mədəniyyətə dövlət tərəfindən diqqətin dəfələrlə artırıl­masının parlaq təzahürüdür və ilk əvvəl dahi Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.

Bu və digər faktları nəzərə alaraq, tam qətiyyətlə demək olar ki, suveren Azərbay­can Respublikasında mədəniyyət siyasəti­nin özül prinsipləri məhz onun rəhbərliyi ilə müəyyənləşib. Yeni elmi əsaslandırılmış həmin siyasət açıq demokratik cəmiyyət ideyasını təbliğ edir və fəal həyata keçirilir. Dövlətimizin mədəniyyət siyasətinin işlənib hazırlanmasında çox nüfuzlu beynəlxalq təş­kilatlar olan UNESCO va Avropa Şurası tərə­findən bəyan olunan və inkişaf etmiş ölkələr tərəfindən artıq uzun illər ərzində həyata ke­çirilən mədəniyyət siyasətinin məqsədləri və prinsipləri əsas istiqamət kimi götürülür. 

Dövlətin tam, bütöv rəsmi siyasəti və onun konkret bir qolu olan mədəniyyət si­yasəti arasında həmişə müəyyən bağlılıq var. Demokratik dövlətdə isə mərkəzi ha­kimiyyət “Cəmiyyətin inkişafi nəticəsində yaranan mədəni tələbatların formalaşdırıl­ması və təmin edilməsinə, həm də dövlətin mədəniyyət siyasətinin həyata keçirilməsinə cavabdehdir. O, bu səmtdə qarşıya qoyulan son məqsədləri müəyyən etməli və mövcud vəsaiti bölüşdürməlidir. Onun vəzifəsi ic­timai tələbatların üzəçıxarma mexanizmini yaratmaq, həmin sahəyə aid olan bu və digər görülən işlərin nəticələrini yoxlamaq, mə­dəniyyətin yeni sahələrində eksperimentləri müdafiə etmək, nəhayət, ümumi təkamül üçün çox əhəmiyyətli olan beynəlxalq ko­operasiyanı dəstəkləməkdir”. Demokratik va inkişaf etmiş ölkələrə inteqrasiya olmaq yolunda addımlayan Azərbaycan da özünə bu istiqaməti seçərək, həmin ölkələrdə artıq çoxdan dövlət tərəfindən mədəniyyətin in­kişafına tətbiq edilən prinsipləri qəbul edib. Şübhəsiz, müxtəlif sivil ölkələrdə mədəniy­yət siyasətinin modelləri başqa-başqadır. Çünki hər bir dövlət öz ənənələrinə, dəyər­lərinə münasib olan, üstün tutulan mənəvi, estetik və bədii normalardan irəli gələn bir strategiya müəyyənləşdirir. Lakin bütün de­mokratik ölkələrdə vahid, universal mədə­niyyət siyasətinin olmamasına baxmayaraq, onlar üçün UNESCO-nun keçirdiyi bütün müşavirə və konfranslarda daim bəyənilən, qəbul edilən və dəstəklənən ümumi məqsəd və prinsiplər mövcuddur. Məhz bu məqsəd va prinsiplər Azərbaycanda Heydər Əliyevin rəhbərliyi altında gerçəkləşdirilən yeni mə­dəniyyət siyasətinin özülünü təşkil edərək, qloballaşma şəraitində milli mədəniyyətin bir tərəfdən eyniyyətinin saxlanılmasını, di­gər tərəfdən isə onun dünya mədəniyyətləri ilə qarsılıqlı əlaqəsini təmin edir. 

Əlbəttə, mədəniyyət siyasətinin prinsip və məqsədlərini effektiv reallaşdırmaq üçün ilk növbədə, düşünülmüş, hüquqi baxımdan mükəmməl və müasir tələblərə cavab verən qanunvericilik tələb olunur. Çox önəmlidir ki, ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə bu sahədə səmərəli iş aparılıb və nəticədə 17 qanun qəbul edilib. Fərəhli hal­dır ki, bunlardan qüvvədə olan 15 ən mü­hüm qanun 1995-2000-ci illər ərzində, yəni I çağırış Milli Məclisin fəaliyyəti dövründə parlamentin mədəniyyət məsələləri daimi komissiyası tərəfindən hazırlanıb, qəbul edi­lib və ölkə Prezidenti tərəfindən imzalanıb. Məsələn, 1998-ci ildə “Mədəniyyət haqqın­da” , “Tarix və mədəniyyət abidələrinin qo­runması haqqında”, “İnformasiya azadlığı haqqında”, “Şəhərsalma haqqında” , 1999- cu ildə “Milli arxiv fondu haqqında” , “Mu­zeylər haqqında” , 2000-ci ildə “Nəşriyyat işi haqqında” qanunlar qəbul edilib. 

II çağırış Milli Məclisin fəaliyyyətin­də isə “Azərbaycan Respublikasının dövlət dili haqqında” və “Azərbaycan folkloru nü­munələrinin hüquqi qorunması haqqında” qanunlar qəbul olundu. Həmin qanunları hazırlayarkən, onların inkişaf etmiş ölkələ­rin standartlarına və təcrübəsinə, eyni za­manda, Azərbaycanın gerçəkliyinə, müvafiq reallıqlarına və xüsusiyyətlərinə uyğunluğu məsələsi əsas şərt kimi götürülüb.

Mədəniyyət siyasətinin ən prioritet his­səsi olan milli özünəməxsusluq probleminə gəldikdə isə söhbət, ilk növbədə, milli irsin mühafizəsi haqqında getməli va burada da bir çox pozitiv dəyişikliklərin, ciddi irəliləyişlə­rin mövcudluğu xüsusi vurğulanmalıdır.

O dövrdə Azərbaycan 5 mühüm bey­nəlxalq konvensiyaya qoşulub və onlar Milli Məclisdə ratifikasiya olunub. Həmin konvensiyalar aşağıdakılardır: “Silahlı mü­naqişələr zamanı tarix va mədəniyyət abi­dələrinin qorunması haqqında” “Ümumdün­ya mədəniyyət və təbiət irsinin mühafizəsi haqqında”, “Mədəni dəyərlərin qeyri-qanuni aparılmasının və onların üzərində mülkiy­yət hüququnun başqasına verilməsinin qa­dağan edilməsinə və qarşısının alınmasına yönəldilən tədbirlər haqqında”, “Oğurlanmış və qeyri-qanuni aparılmış mədəni dəyər­lər haqqında” və “Mədəniyyət haqqında” Avropa konvensiyalarıdır. Azərbaycan bu konvensiyalara heç də formal olaraq qoşul­mayıb. Dövlətimizin bu məsələlərlə bağlı siyasəti məhz beynəlxalq konvensiyaların normativlərinə söykənir. Məsələn həmin konvensiyaların müddəaları müvafiq qanun­larda, konkret olaraq “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunda əks olunur.

Yeni mədəniyyət siyasəti modelinə görə, Azərbaycan cəmiyyətinin bütün təbəqə və qruplarının mədəni tələbatlarının, yaradıcı imkanlarının ən geniş spektrının əks olun­ması artıq mümkündür. Bunu Azərbaycanda “üçüncü sektorun” fəal formalaşması və əhə­miyyətli dərəcədə mədəniyyət sahəsini zən­ginləşdirməsi sübuta yetirir. Çox yaxşı haldır ki, 1993-2003- cü illərdə ölkəmizdə 70-dən artıq mədəniyyət problemləriylə məşğul olan qeyri-hökumət təşkilatı, müəssisə və assosiasiyası qeydiyyatdan keçərək, qanuni şəkildə fəaliyyət göstərirdi. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında da son dərəcə aktual olan bu problemə bö­yük diqqət yetirilir. Burada həmin problem­lə bağlı bütün lazımi informasiya, ən yeni məlumat toplanır, təhlil olunur. Onların əsa­sında məqalələr, kitabçalar, sanballı monoq­rafiyalar hazırlanır, proqramlar tərtib edilir, ixtisasartırma kurslarında mühazirələr oxu­nur. Heç bir şübhə yoxdur ki, DİA-nın su­veren Azərbaycanın mədəniyyət siyasətinin formalaşmasında və həyata keçirilməsində əhəmiyyətli payı var. 

Yuxarıda göstərilən fakt və məlumatlar bir daha təsdiqləyir ki, 1993-2003-cü illərdə Azərbaycanın milli mədəniyyət siyasətinin yeni modelinin formalaşması və gerçəkləş­məsi yalnız ulu öndər Heydər Əliyevin rəh­bərliyi altında müəyyənləşdirilmiş, mədə­niyyətlərarası qarşılıqlı təsirlərin gedişində müsbət innovasiyaların qəbul edilməsinə, eyni zamanda, qloballaşma şəraitində Qərbin mədəni ekspansiyasına düşünülmüş əks-təsi­rin göstərilməsinə, mədəniyyətimizin inten­siv inkişafına və onun təkrarsız simasının itirilməməsinə yönəldilmişdir. Azərbaycanın “yumşaq gücü”nün əsasını və qeyri-maddi mənbəyini təşkil edən həmin mədəniyyətin yüksək səviyyəyə çatdırılmasının başlıca şərti olan, düzgün, müasir tələblərə cavab verən mədəniyyət siyasətinin sütunları ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-pre­zident Mehriban xanım Əliyeva tərəfindən daha da möhkəmləndirilərək milli identikli­yimizi qorumaq şərti ilə dünya mədəni birli­yinə inteqrasiya olunmağımızda məxsusi rol oynayır və ölkənin cəlbediciliyinin artırılma­sında, müsbət imicinin möhkəmləndirilmə­sində mühüm əhəmiyyətli vasitə qismində çıxış edir.

Nigar ƏLƏKBƏROVA,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, professor

Sosial həyat