Xarkovda Heydər Əliyevə həsr olunmuş dəyirmi masa

post-img

Xarkovda  xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə dəyirmi masa keçirilib. Tədbir  Azərbaycanın Xarkovdakı Fəxri konsulluğunun təşkilatçılığı ilə Milli Şəhər Təsərrüfatı Universitetinin Muzey Kompleksində baş tutub. 

Universitetinin rektoru Vladimir Babayev Ukrayna-Azərbaycan əlaqələrinin formalaşmasında və möhkəmlənməsində Heydər Əliyevin xidmətlərinin əhəmiyyətini vurğulayıb. Rektor, həmçinin hazırda Ukraynaya göstərilən hərtərəfli humanitar dəstəyə görə Azərbaycan xalqına minnətdarlığını bildirib.

Fəxri konsul Əfqan Salmanov ulu öndərin regionun inkişafında göstərdiyi misilsiz xidmətlərindən danışıb: “Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətində təhsil və mədəniyyət sahəsinə böyük diqqət yetirib. Heydər Əliyev ölkələr arasında dostluq əlaqələrinin möhkəmlənməsinə böyük töhfələr verib. O, Ukrayna və Azərbaycan arasında münasibətlərin memarıdır”, - deyə Əfqan Salmanov əlavə edib.

Digər çıxış edənlər də Heydər Əliyevin böyük siyasi fəaliyyətindən geniş söhbət açıblar.

Dəyirmi masada Xarkov Regional Şurası sədrinin müşaviri Mark Bekker, Xarkov Milli Şəhər Təsərrüfatı Universitetinin kafedra müdirləri, Muzey Kompleksinin nümayəndələri, tələbələr iştirak ediblər.

Elçin ABBASOV,

“Xalq qəzeti”

Sosial həyat