“Mən Azərbaycana lazım idim”

post-img

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfransda səslənən və yaddaqalan əsas fikir bu oldu. 

Bakıda Nazirlər Kabinetinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin ta­rixi və müasirliyi” mövzusunda konfrans keçi­rilib. Tədbirdə Baş nazir Əli Əsədov, hökumət nümayəndələri və deputatlar iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Baş nazir Əli Əsədov ümummilli lider Heydər Əliye­vin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyevin sərənca­mı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini diqqətə çatdırıb. Azərbaycanın müasir tarixinin görkəmli dövlət xadimi, dahi siyasətçi və böyük şəxsiyyət, müstəqil dövlət­çiliyimizin memarı Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən Baş nazir Azərbay­canın indiki inkişaf yolunun ötən əsrin 70-ci illərindən, ulu öndərin respublikada, həm də SSRİ-də rəhbər vəzifələrdə işlədiyi dövrdən başladığını bildirdi: 

“Ulu öndərin respublika rəhbəri kimi fəaliyyət göstərdiyi 1969-1982-ci illər Azər­baycan tarixinə irimiqyaslı quruculuq və di­namik inkişaf dövrü kimi daxil olub. Heydər Əliyev sovet rejiminin bütün imkanlarından maksimum istifadə edərək, Azərbaycanı keç­miş SSRİ miqyasında qabaqcıl respublikalar sırasına çıxarıb, mərkəzdən dotasiya almayan iki respublikadan birinə çevirib. Həmin illərdə respublikada xalq təsərrüfatının artım sürəti orta İttifaq səviyyəsini xeyli qabaqlayıb, isteh­sal edilən milli gəlir 2,6, sənaye məhsulunun həcmi 2,7, kənd təsərrüfatı məhsulları 2,3 dəfə artıb”. 

Heydər Əliyevin qarşıya qoyduğu strateji hədəflərdən biri kimi respublikada güclü kadr potensialı yaratmaq, yüksək ixtisaslı mütəxəs­sislər yetişdirmək olduğunu deyən Baş nazır ümummilli liderin bu məqsədlə yeni ali və orta ixtisas məktəbləri yaratdığına diqqəti çəkib. 

Daha sonra çıxış edən Xarici işlər naziri Ceyhun Bayramov Heydər Əliyevin bir sıra xarici ölkələrə səfərlərinin, keçirdiyi görüşlə­rin, eləcə də dünyanın ayrı-ayrı dövlətlərindən respublikamıza gələn nümayəndələrlə apar­dığı danışıqların Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətli rol oynadığını vurğulayıb. 

Konfransın gedişində digər çıxışçılar – İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əd­liyyə naziri Fikrət Məmmədov və başqaları ulu öndərin həyat və fəaliyyəti ilə bağlı fi­kirlərini, xatirə və düşüncələrini bölüşüblər. Tədbirin sonunda Heydər Əliyevin 100 illi­yinə həsr olunan “Mən Azərbaycana lazım idim” adlı film nümayiş etdirilib. 

“Xalq qəzeti”

Sosial həyat