Naxçıvan xəbərləri

post-img

ABİS texnologiya şirkəti ilə əməkdaşlıq 

Azərbaycan ali təhsil məkanında ilk dəfə Naxçıvan Dövlət Universiteti ilə ABİS Texnologiya şirkəti arasında beynəlxalq əməkdaşlıq müqaviləsi imzalanıb.

Universitetin rektoru, dosent Elbrus İsayev ikitərəfli görüşdə ABİS Texno­logiya şirkətinin rəhbəri, Türkiyənin Orta Doğu Texniki Universitetinin professoru Adəm Kalınlını salamlayıb, bugünkü görüşün universitetin professor-müəl­lim heyəti üçün əhəmiyyətli olduğunu vurğulayıb. Professor Adəm Kalınlı isə qeyd edib ki, Türkiyə və Azərbaycan arasında elm sahəsində birgə əmək­daşlıq Naxçıvan Dövlət Universitetin­dən başlamaqla, bütün Azərbaycan ali təhsil müəssisələrini də əhatə edəcək. 

Görüşdə vurğulanıb ki, bu gün əsası qoyulan birlik bütün Türk dünyası elm adamlarının müştərək fəaliyyətinə şə­rait yaradacaq. Sonra ABİS texnologiya şirkəti ilə Naxçıvan Dövlət Universiteti arasında beynəlxalq əməkdaşlığa dair protokol imzalanıb. 

Ali təhsil müəssisələri üçün tədqiqat­ları və sistemləri ilə tanınan, Türkiyənin bir çox aparıcı universitetlərinə xidmət göstərən şirkət ilə ali təhsil müəssisə­si arasında əməkdaşlıq prinsiplərini əhatə edən protokolda elmi nəşrlərin daim diqqətdə saxlanması, nüfuzlu elmi bazalarda məqalə nəşr edən alimlərin elmi platformaya birgə çıxışının təmin edilməsi, professor-müəllim heyətinin dünya elminə inteqrasiya olunacaq məqalələrinin vahid platformada birləş­dirilməsi məsələləri qeyd olunub. 

Tələbələrin “Robotex” qələbəsi

Naxçıvan Dövlət Universitetinin “NSUTECH” komandası “Robotex Türkiyə - 2023” Festivalının qalibi olub.

NDU-dan aldığımız xəbərdə bildiri­lir ki, dünyanın ən böyük robototexnika festivalı olan “Robotex” turnirləri bu il Türkiyənin Antalya şəhərində keçirilib. Türkiyə, Estoniya, İran və digər ölkələ­rin komandalarının iştirak etdikləri tur­nirlərdə Azərbaycanı təmsil edən Nax­çıvan Dövlət Universitetinin 5 nəfərlik heyəti birinci yerə çıxıb. 

Estoniyada keçiriləcək Dünya Ro­bot Festivalında da ölkəmizi Naxçıvan Dövlət Universitetinin komandası təmsil edəcək.

“Batumoba” şənliyində

Acarıstan Muxtar Respublikası­nın paytaxtı Batumi şəhərinin 135-ci ildönümünə həsr olunmuş “Batumo­ba” bayramı keçirilib. Şənlikdə ölkə­mizi Naxçıvan Şəhər İcra Hakimiy­yətinin başçısı Mirsənani Seyidov, Azərbaycanın Batumi şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə və digər rəsmi şəxslər təmsil ediblər. 

Təntənəli mərasimdə Acarıstan Muxtar Respublikasının hökumət baş­çısı Tornike Rijvadze və Batumi meri Arçil Çikovani Batumi ilə qardaşlaşmış şəhərlərin stendləri ilə tanış olublar. Bildirilib ki, Batumi şəhəri dünyanın 8 ölkəsindən 42 şəhərlə, o cümlədən Azərbaycanın Naxçıvan şəhəri ilə qar­daşlaşma haqqında memorandum im­zalayıb. Tədbirdə bu şəhərlərdən 54 nəfər nümayəndə iştirak edib. 

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı muxtar respublikanın hökumət başçısını və şəhər rəhbərliyini bayram münasibətilə təbrik edib. O bildirib ki, 2012-ci ildə Naxçıvan və Batumi şəhər­ləri arasında qardaşlıq və əməkdaşlığa dair memorandum imzalanıb. Bu gün Naxçıvanla Batumi şəhəri arasında mövcud olan sıx dostluq və qardaşlıq əlaqələri daha da möhkəmlənir və inki­şaf edir.

Mirsənani Seyidov Azərbaycanın qədim Naxçıvan şəhərinin milli orna­mentlərini özündə əks etdirən xalçanı xatirə olaraq Batumi şəhərinin meri Arçil Çikovaniyə təqdim edib. 

Oğuzxanın ABŞ-da qızıl medalı 

ABŞ-in Kaliforniya ştatında (Azu­sa şəhəri) cüdo üzrə 31-ci “Golden State Open” turniri keçirilib. Yarışda kiçiklər, yeni başlayanlar, böyüklər və veteranlar iştirak ediblər. Ameri­kada yaşayan naxçıvanlı cüdoçu ya­rışda uğur qazanıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, həmyerlimiz Oğuzxan Quliyev turnirdə 42 kiloq­ramdan aşağı çəki dərəcəsində Azər­baycanı təmsil edib. İdmançımız ilk iki görüşündə erməni rəqibləri Tiqran Sukiasyan və Davit Deqoyanı məğlub edərək finala adlayıb.

Həlledici mərhələdə rəqib erməni klubunu təmsil edən monqol idmançı­sı Tengis Batbaatar olub. Reqlamentə əsasən, qalib iki görüşün nəticəsinə görə bəlli olub. Təmsilçimiz hər iki cəhd­də rəqibini “ippon”la məğlub edərək qı­zıl medala layiq görülüb.

Səbuhi HƏSƏNOV, “Xalq qəzeti”







Sosial həyat