Türkiyəli rektor xalqımıza təşəkkür edib

post-img

“Zəlzələdən sonra biz indiyədək görmədiyimiz ağır günləri yaşadıq. On minlərlə insan evsiz-eşiksiz qaldı, günlərlə aclıq keçirdi. Amma bu fəlakətdə ən çətini əzizlərimizi itirməyimiz idi”. Bu sözləri Türkiyənin Malatya şəhərində yerləşən İnönü Universitetinin rektoru, professor Sezai Yılmaz Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ilə görüşündə deyib.

ATU-nun mətbuat xidmətindən bildi­riblər ki, “Təbabətin aktual problemləri – 2023” beynəlxalq elmi-praktik konq­resin fəxri qonağı olan professor Sezai Yılmaz həmin ağır günlərdə Türkiyənin yanında olan, ilk köməyə gələn Azər­baycan xalqına və rəhbərliyinə təşəkkü­rünü çatdırıb. Qonaq, həmçinin univer­sitetdə keçirilən beynəlxalq elmi-praktik konqresin əhəmiyyətini vurğulayaraq, tədbirin işinə uğurlar arzulayıb.

Professor Gəray Gəraybəyli qardaş Türkiyənin bu ağır günləri tezliklə ge­ridə qoyacağına, türk xalqının gücünü yenidən toplayıb ayağa qalxacağına inandığını bildirib. O, ATU üçün əlamət­dar olan günü paylaşdığına və tədbirdə iştirakına görə həmkarına təşəkkürünü bildirib.

Görüşdə ATU-nun elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov, Beynəlxalq əlaqələr üzrə prorektor, do­sent Orxan İsayev, mətbuat xidmətinin rəhbəri Günel Aslanova iştirak ediblər.

Qeyd edək ki, professor Sezai Yıl­maz Azərbaycan Respublikasının Sə­hiyyə Nazirliyi və ATU-nun təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri – 2023” konqresi çər­çivəsində Bakıda səfərdədir. 

“Xalq qəzeti”

Sosial həyat