Bitməyən bir eşq hekayəti

post-img

2023-cü il çağdaş Azərbaycan tarixində silinməz izlər qoymuş iki önəmli şəxsiyyətin, iki örnək insa­nın – böyük siyasi xadim, keçmiş Azərbaycan SSR-nin (1969-1983) və müstəqil Azərbaycan Res­publikasının (1993-2003) rəhbəri Heydər Əliyevin və xanımı, görkəm­li oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmalarının 100 illik yubileyidir.

Əliyevlər fenomeni haqda çoxsaylı tarixi-publisist əsərlərin müəllifi, Xalq ya­zıçısı Elmira Axundovanın növbəti kitabı­nı oxuyanların ilk qənaəti, yəqin ki, belə olacaq: onları tale bir-biri üçün yaradıb! Zərifə və Heydər Əliyevlərin ailə ittifaqı yalnız iki unikal insanın şəxsi xoşbəxtliyi zəminində qurulmayıb, həm də minlərlə insanın həyatında və taleyində, Azərbay­can xalqının XX əsrdəki mədəni-mənəvi mövcudluğunda əcib, xeyirxah iz qoyub. 

Uzun illərin dostu, filoloq və diplomat həmkarım, tanınmış yazıçı-publisist Elmi­ra Axundova “Zərifə və Heydər Əliyevlər: Əbədiyaşar məhəbbət” kitabını ərsəyə gətirmək üçün xeyli müddət material top­layıb. Tək Azərbaycanda deyil, keçmiş SSRİ-nin müxtəlif guşələrində Əliyevlər ailəsini yaxından tanıyan onlarla insan­la görüşərək xatirə və təəssüratlarını qələmə alıb. Həmsöhbətlər arasında si­yasi xadimlər və rəhbər partiya işçilə­ri, tanınmış alimlər və görkəmli sənət adamları, yaxın qohumlar, iş yoldaşları, xidməti personal təmsilçiləri var. Zərifə və Heydər Əliyevlər təmasda olduqları bu insanların hər birinin yaddaşında silin­məz izlər qoyub, qeyri-adi məhəbbətləri­nin işıq və istiliyini onlarla da paylaşıblar. Azərbaycan xalqının tarixində və taleyin­də Heydər Əliyev fenomenini çoxcildlik “Şəxsiyyət və zaman” sənədli romanında ictimai-siyasi çalarlarla rəsm edən Elmira xanım yeni kitabında şəxsi həyat tarixçə­sinə əsaslanaraq iki görkəmli şəxsiyyətin qarşılıqlı münasibətləri zəminində həs­sas və insani mövzuya toxunub.

Müəllifin rusca qələmə aldığı bu əsəri ana dilimizə böyük məmnuniyyət və mə­suliyyət duyğusu ilə çevirdim... 

***

Heydər Əliyevi ilk dəfə 1970-ci ildə görmüşdüm. O zaman Azərbaycan Dövlət Universiteti adlanan, hələ Cüm­huriyyət yadigarı olduğunu bilmədiyimiz ilk universitetimizin yarıməsrlik yubiley təntənələrinə gəlmişdi. Zərifə xanımı isə heç zaman görməmişdim. Amma hələ o vaxtlar – 1970-ci illərin sonlarında yenicə tanınmağa başladığım ədəbi-elmi mü­hitdə onun haqqında rəylər, bir-birindən maraqlı fikir və xatirələr eşitmişdim. Xü­susən də nisbətən geniş əlaqələrə malik yaşlı həmkarlarım Zərifə xanımın bütün SSRİ miqyasında görkəmli oftalmoloq – alim olmaqla yanaşı nəcib, xeyirxah, rəhmdil və ürəyiyumşaq insan kimi ta­nındığını, sadəliyi və səmimiliyi ilə seçil­diyini, çətinliyə düşənlərə daim yardım əli uzatdığını, bütün keyfiyyətləri ilə res­publikanın birinci şəxsinə, həyat yoldaşı Heydər Əliyevə layiq olduğunu deyirdilər. O zaman hələ mühafizəkarlığı ilə seçilən kommunist dövlətində – Sovet İttifaqında “birinci xanım” – “first lady” institutu rəs­mən mövcud olmasa da, Zərifə xanım öz nüfuzu ilə bu adı cəmiyyətdə və xalq ara­sında qazanmışdı.

İlk gənclik illərindən indiyə qədər dostluq etdiyim tanınmış cərrah-oftalmo­loq və maraqlı bədii əsərlər müəllifi, tibb elmləri doktoru, professor Paşa Qəlbinur hələ o zamanlar, yəni 1980-ci illərin əv­vəlində Bakıda və Moskvada dəfələrlə görüşdüyü, ünsiyyətdə olduğu Zərifə xa­nım haqda böyük heyranlıq hissi ilə da­nışırdı. Həm də tək Zərifə xanımı deyil, Tibb İnstitutunda birlikdə çalışdığı böyük bacısı Ləzifə xanımı, qardaşları Tamer­lan və Cəmil Əliyevləri də yaxşı tanıyırdı. Həmkar olmaqdan başqa ailələri – baba və nənələri arasında əlaqə XX əsrin əv­vəlində, hələ tam bir Azərbaycan şəhəri olan İrəvanda başlanmışdı.

Yadımdadır ki, poetik təbiətli gənc Paşa respublika rəhbərinin xanımından danışanda onu gözə görünmədən nə­cib işlər görən xeyirxahlıq mələyi, şəfqət ilahəsi ilə müqayisə edirdi. Yüzlərlə insa­na təmənnasız yardım əli uzadan Zərifə xanım gənc həmkarından da diqqət və qayğısını əsirgəməmişdi. Sonralar Paşa Qəlbinur “Vətən sevgisi” adlı xatirə yazı­sında bacarıqlı həkim – oftalmoloq kimi yetişməsində akademik Zərifə Əliyeva­nın rolundan bəhs edərək yazmışdı:

“Zərifə xanım Moskvada nəşr olunan və keçmiş Sovet İttifaqının ən nüfuzlu tibbi nəşrlərindən sayılan “Vestnik oftal­moloqii” jurnalının redaksiya heyətinin üzvü idi. Baş redaktor isə Ümumittifaq Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutu­nun direktoru, akademik M.M.Krasnov idi. Mən bu elm ocağında əvvəl aspiran­turada, sonra isə doktoranturada təhsil almışdım. Zərifə xanımla vaxtaşırı həmin elmi mərkəzdə, müxtəlif elmi toplantılar­da, yaxud jurnalın redaksiya heyətinin yığıncaqlarında görüşürdük. Bu qısa gö­rüşlərdə həmişə çox səmimi olurdu. Elmi işimlə, qayğılarımla maraqlanırdı.

Bir dəfə mənə dedi ki, Heydər Əliye­viç də sənin uğurlarını izləyir, elmi nailiy­yətlərin haqda evimizdə söhbətlər olur. Mən bir az utanaraq Heydər Əlirza oğ­luna və ona təşəkkür etdim. Bir müddət sonra Göz Xəstəlikləri İnstitutunun təqdi­matı ilə elm sahəsində Ümumittifaq Lenin komsomolu mükafatına layiq görüləndə Heydər Əlirza oğlu Moskvadan zəng vu­rub məni təbrik etdi”.

Heç şübhəsiz, Siyasi Büro üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin gənc oftalmoloq-alimin elmi uğurları ilə belə yaxından maraqlan­masında Zərifə xanımın rolu, xidmətləri olmaya bilməzdi. Mənə elə gəlir ki, bu alicənab xanım heç vaxt dövlət idarəçi­liyi məsələlərinə qarışmasa da, ölkənin və xalqın gələcəyi ilə bağlı hadisələr və insanlar haqqında Heydər Əliyevə söz demək, fikir və mülahizələrini açıq bildir­mək, pozitiv rəy yaratmaq, yaxud haqsız hücumlardan qorumaq missiyasını bütün həyatı boyu davam etdirmişdi. 

Sovet dövründə Sumqayıt, Gəncə şəhər partiya komitələrinin birinci katibi, Azərbaycan KP MK katibi vəzifələrində çalışmış və Heydər Əliyevin ən yaxın silahdaşlarından olmuş diplomat həm­karım Həsən Həsənovun danışdığı bir epizod da çox səciyyəvidir. Zərifə xanı­mın milli mənəviyyat və dövlətçilik işinə ilk baxışdan nəzəri cəlb etməyən, amma çox lazımlı, faydalı töhfəsindən xəbər verir. Həsən müəllim Gəncədə işə baş­layanda şəhərdəki tarixi abidələr sırasın­da yarıuçuq vəziyyətə düşmüş bir neçə məscidi də təmir etdirmişdi. Amma mə­lum səbəblər üzündən bu “özfəaliyyətini” xüsusi nəzərə çarpdırmamışdı.

Bir müddət sonra Zərifə xanımın ça­lışdığı Əziz Əliyev adına Həkimləri Tək­milləşdirmə İnstitutunun bir qrup əmək­daşı o zaman hələ tarixi Gəncə adı bərpa edilməmiş Kirovabadda olmuşdu. Əs­lində, Zərifə xanım özü də gəlməli imiş, lakin son məqamda proqram dəyişmişdi. Görünür, şəhərdəki abadlıq və qurucu­luq işləri ilə maraqlanan əməkdaşlar geri qayıdandan sonra çox təəccübləndikləri bir yenilik – qısa zamanda Gəncədəki digər tarixi abidələr kimi məscidlərin də yüksək zövqlə təmir və bərpa edilməsi haqda ona məlumat vermişdilər. Həmin günlərdə Azərbaycan KP MK birinci ka­tibinin Gəncəyə gəlişi gözlənilirmiş. Təbii ki, şəhər partiya komitəsinin hazırladığı səfər proqramında Heydər Əliyevin tanış olacağı “obyektlər” arasında təzə təmir­dən çıxmış dini abidələr yox idi. Çünki bu məsələ öncədən “yuxarılarla” razılaşdırıl­madığı üçün Həsən müəllim işin çox da açılıb-ağardılmasını istəmirmiş. Amma gözləmədiyi halda MK-dan zəng vurur­lar ki, bəs yeni təmir edilmiş məscidlərlə tanışlığı niyə proqrama salmamısınız? Yoldaş Əliyev onlara da baxmaq istəyir. Sonra məlum olmuşdu ki, məsələ haqda ölkə başçısına xəbər çatdıran da, onu Gəncənin yeni həyat verilmiş dini abi­dələri ilə tanışlığa təşviq edən də Zərifə xanımdır. Məhz Zərifə xanımın təşəbbüs və istəyi ilə MK-nın birinci katibi sovet dövrü üçün qeyri-ordinar görünən bir ad­dım atmış, məscidlərlə tanış olmuşdu.

Xatırlatdığım epizodlar kitabda yer al­masa da, Zərifə xanımın nəciblik, təşəb­büskarlıq və vətənpərvərliyinə dəlalət edən analoji nümunələr onlarladır. 

***

Çoxsaylı sənəd və xatirələrə, şəxsi təəssüratlara əsaslanan əsər üzərində işləyərkən Elmira xanımın görüşüb söh­bət etdiyi tanınmış elm, mədəniyyət, in­cəsənət xadimlərinin, siyasətçilərin, sıra­vi adamların hamısı Zərifə xanımın əsas insani keyfiyyətləri sırasında nəciblik, sa­dəlik və səmimiliyini vurğulayıblar. Mər­hum Prezident Heydər Əliyevi yaxından tanıyanlar sərtliyinə, tələbkarlığına bax­mayaraq, eyni xüsusiyyətlərin onun da təbiətinə xas olduğunu təsdiq edə bilər­lər. Birgə iş prosesində dəfələrlə bunun şahidi olmuşdum.

Təbii ki, yaş, mövqe və həyat təcrü­bələri arasındakı böyük fərq və iyerarxik asılılıq dövlət başçısı ilə münasibətləri­min sırf rəsmi müstəvidən kənara çıxma­ması təəssüratını yarada bilər. Əslində, yəqin ki, belə olmalıdır və burada qey­ri-adi, gözlənilməz heç nə yoxdur. Amma Prezident Heydər Əliyev yüksək insani taktı, səmimiyyəti nəticəsində bu sətirlə­rin müəllifi ilə yalnız iş haqqında, rəsmiy­yət dilində danışmamışdı. Lazım biləndə, yaxud zərurət yarananda şəxsi motivli məsələlər, keçdiyi mürəkkəb ömür yolu, ailəsi, yaxınları haqda da söhbət açmış­dı. Bir neçə dəfə müxtəlif münasibətlər­lə mərhum həyat yoldaşı Zərifə xanımı yada salmışdı. Onun yüksək insani key­fiyyətlərini – həyat yoldaşına və övladla­rına bağlılığını, nəcibliyini, alicənablığını, xeyirxahlığını xatırlamışdı. Hər dəfə belə söhbətlər zamanı Prezidentin sərt, cingil­tili səsinin yumşaldığını, üzünün ifadəsi­nin dəyişdiyini, xəyalən keçmişə qayıtdı­ğını hiss etmişdim.

Bir dəfə əhvalının yaxşı vaxtında 1970-ci illərdə MK-nın birinci katib olduğu dövrdə rəsmi şəxsə qarşı avtoxuliqanlıq etdiyinə görə yaxın qohumlarından biri­nin maşınını cərimə meydançasına qoy­durduğunu xatırladı:

– Özü də tapşırdım ki, o maşına heç bir diqqət yetirməsinlər. Nə bilim, üstünə tent çəkməsinlər, aparıb kölgədə saxla­masınlar. Qoy günün, küləyin, yağışın altında qalıb çürüsün. O vaxt avtomobil böyük roskoş (cah-calal) sayılırdı. Hər adam ala bilmirdi. Qohumlar çox nara­hat olmuşdular. Düşünürdülər ki, maşın birdəfəlik əldən getdi. Amma qorxuların­dan mənə bir söz deyə bilmirdilər. Gedib mərhum Zərifə xanıma minnətçi düş­müşdülər. Çünki yaxşı bilirdilər ki, belə məqamlarda yalnız Zərifə xanım mənə söz deyə bilər. Həm də birinci dəfə de­yildi. Başqa işlər də olurdu. Qohumlar mənim idi, amma çətinliyə düşən kimi Zərifə xanımın yanına qaçırdılar. Arxayın idilər ki, ürəyiyumşaqlığına, xeyirxahlığı­na görə hər şey edəcək. Yanına gələnləri əliboş qaytarmayacaq..

XİN-də işlədiyim dövrdə belə ərkö­yün qohumlardan biri mənə sifariş gön­dərmişdi. Guya, xahiş edirdi, əslində, xahişdən çox tapşırıq, bəlkə də, əmr idi. Nə etməli olduğum barədə Prezidentdən məsləhət istəyəndə sərt səslə dedi:

– Heç nə eləmə! Yadında saxla: mənim yaxın qohumum oğlum, qızım, nəvələrimdir. Onların da aydın məsələdir ki, sənə bir işi düşməz.

Bir qədər susandan sonra gözləmədi­yim halda soruşdu:

– Sən Zərifə xanımı görmüşdün?

– Xeyr, cənab Prezident. Amma haqqında çox eşitmişəm.

– Bilirsən, – dedi, – Qohum da özü üçündür. Övlad-uşaq da. Amma yaş keç­dikcə başa düşürsən ki, insana qalan ömür-gün yoldaşıdır. Yeganə dost da ömür-gün yoldaşıdır. Rəhmətlik Zərifə xanım da belə insan idi. Həqiqi dost idi. Çox təəssüf ki, onu da vaxtsız itirdik... Mənə elə gəlir ki, Zərifə xanım bir an da olsun Heydər Əliyevin fikrindən çıxmır, asossiativ şəkildə hər yerdə, hər zaman xatırlanırdı. Zərifə xanımla bağlı olan hər xatirə onun üçün əziz idi, unudulmaz idi.

2000–2005-ci illərdə BMT baş ka­tibi Kofi Annanın siyasi məsələlər üzrə müavini vardı: sloven əsilli Danilo Türk. Həm də BMT-də milli azlıqlar məsələsinə baxırdı. Sonralar Sloveniyanın prezidenti seçildi. 2013-cü ildə rəsmi səfərlə ölkə­mizdə də olmuşdu.

Deməli, Nyu-Yorkda, Baş Assamble­yanın Danilo Türkün də çıxış etdiyi icla­sından sonra Heydər Əliyev birdən mən­dən soruşdu:

– Sən dilçisən, ədəbiyyatçısan. Bəlkə, bilərsən: bunun familiyası niyə Türkdür? Türklərlə nə əlaqəsi var?

– Slovenlər də əksər Balkan xalqları kimi Osmanlıya bac-xərac ödəyiblər, – dedim. – Ola bilsin ki, qanında türk qarı­şığı var. Ya da əcdadları türklərlə yaxınlıq elədiyinə, Osmanlının xidmətində dayan­dığına görə xalq elə o vaxtdan istehza ilə, bəlkə də, nifrətlə nəslinə “türk” adı verib...

– Bunlar ehtimallardır. Görünür, sən də dəqiq bir şey bilmirsən. Amma Slove­niya çox gözəl ölkədir, – deyə ani pauza­dan sonra sözünə davam etdi. – 1976-cı ildə Zərifə xanımla orada dincəlmişdik. Lyublyananın yaxınlığında, Bled gölünün sahilində. Titonun iqamətgahında qalır­dıq...

Gözləri uzaq bir nöqtəyə zillənmiş Prezidenti Zərifə xanımla bağlı düşün­cələrindən ayırmamaq üçün sakitcə otaqdan çıxdım.

Budapeştdə işləyəndə bir dəfə maraq üçün Bled gölünə getdim. Həqiqətən də, çox füsunkar yerlər idi. İnsana rahatlıq və sükun təlqin edirdi. Ətrafdakı gözəlliyə Heydər Əliyevin və Zərifə xanımın gözləri ilə baxmağa çalışdım...

18 oktyabr 2002-ci ildə Dövlət Müstəqilliyi Günü “Gülüstan” sarayın­da ilk dəfə “ailəvi formatda” qeyd edildi. Hamı həyat yoldaşı ilə gəlmişdi. Prezi­dent Heydər Əliyev təbrik nitqi söyləyən­dən sonra zalda gəzib əksəriyyətini ilk dəfə gördüyü xanım qonaqlarla tanış olurdu. Bizə yaxınlaşanda həyat yolda­şım Şəhla xanımı təqdim etdim. Əlini sıxıb gülümsər ifadə ilə:

– Sən də ədəbiyyatçısan? – deyə so­ruşdu.

– Xeyr, həkiməm.

– Həkimsən? Hansı sahə üzrə?

– Kardioloqam.

– Həkimlik yaxşı peşədir, – deyə bir anlıq fikrə gedən Prezident təqdiredici ahənglə başını tərpətdi. – Yoxsa... ədə­biyyatçılar həmişə göynən uçurlar...

Təbii ki, “daş” mənim bostanıma atıl­mışdı.

Amma mənə elə gəlir ki, həmin an­larda Prezident Heydər Əliyevin öz xəyalı da səmalarda idi. Unudulmaz Zərifə xanı­mın yanında... 

***

2001-ci il aprelin 28-də Rəşid Beh­budov adına Mahnı Teatrında görkəmli oftalmoloq alim, akademik Zərifə Əliye­vanın xatirə gecəsi keçirildi. Aradan iyir­mi ildən çox vaxt ötməsinə baxmayaraq, həmin gecənin həzin-nisgilli atmosferi, ilk dəfə tamam fərqli ampluada gördüyüm Prezident Heydər Əliyevin kövrək səsi, yaşaran gözləri və ağrılı xatirələrin təsiri altında tez-tez dəyişən siması indi də ya­dımdadır. Ədəbi-musiqili gecənin rejisso­ru Cənnət xanım Səlimova rəsmiyyətdən qaçaraq tədbirə ailəvi ton, səmimiyyət və doğmalıq atmosferi verməyə çalışmış­dı. Sanki o Zərifə xanımı tanıyan, sevən adamlar ailə mühitində toplaşıb onu yad edirdilər. Əslində də belə idi. 

Prezident salona daxil olarkən ənənəvi alqış səsləri eşidilmədi. Elan olunmasa da, ortaya bir dəqiqəlik sükut çökdü. Sonra həzin musiqinin müşayiəti ilə rejissor Eldar Quliyevin Zərifə xanımın ömür yolundan bəhs edən “Elegiya” fil­mindən parçalar göstərildi. Filmdə Zərifə xanıma həsr olunan sənət əsərləri, ailəvi fotoşəkillər, onunla birgə işləmiş həmkar­larının xatirələri əksini tapmışdı. 

Bir-birini əvəz edən aparıcılar Zə­rifə xanımın həyat yolu, elmi fəaliyyə­ti, yüksək insani keyfiyyətləri: nəcibliyi, xeyirxahlığı haqda danışdılar. Ona ithaf olunmuş şeirlərdən parçalar oxundu. Ta­nınmış müğənnilərin ifasında xüsusi həs­saslıqla seçilmiş və xatirə gecəsinin ruhu ilə həmahəng səslənən muğam və xalq mahnıları səsləndi. Sevil xanım Əliyeva­nın Fikrət Qocanın sözlərinə bəstələdiyi “Ana” mahnısı sanki salondakı şəkillər­dən bizə baxan Zərifə xanımın obrazını daha da canlandırdı. Onu xalqımızın ən gözəl mənəvi xüsusiyyətlərini özündə bir­ləşdirən əsl Azərbaycan qadını, ailəsinə qırılmaz tellərlə bağlanan, övladları ilə nəfəs alan, həyat yoldaşının yaxın dos­tu və silahdaşı olan qayğıkeş ana, gözəl ailə xanımı, sədaqətli ömür-gün yoldaşı kimi gözlərimizdə daha da ucaltdı.

Prezidentin nitqi xüsusilə təsirli idi. Adətən, polad kimi cingildəyən səsi hə­min axşam bəzən titrəyirdi, hətta bir-iki dəfə gözlərində yaş parıldadığını da gördüm. Mənə elə gəldi ki, son dərəcə həssas insan kimi tanıdığım Prezident Heydər Əliyev elə bil xatirə gecəsinin çox nisgilli, kədərli alınmasından bir qədər narahat olmuşdu. İştirakçıların salondan yalnız təəssüf hissi, qəm-qüssə ilə deyil, əksinə, Zərifə xanımın doğum günündə bu nəcib, xeyirxah qadının adına, əməl­lərinə, şəxsiyyətinə layiq işıqlı duyğularla ayrılmasını istəyirdi. Ona görə də üzünü hamıya, ilk növbədə isə proqramı hazır­layanlara tutub dedi: 

“Təbiidir ki, bu, xatirə gecəsidir və siz də xatirə gecəsində onun bizdən ayrılması ilə əlaqədar həm sözlərinizlə, həm çıxışlarınızla, həm də ifanızla bizim üçün bu ayrılığın nə qədər çətin oldu­ğunu göstərmək istədiniz. Ona görə də burada bir kədər, qəm, qüssə əhvali-ru­hiyyəsi yarandı. Ancaq eyni zamanda bu gün onun anadan olan günüdür. Biz Zərifə xanımı xatırlayaraq bu gün onun uşaqları, onun nəvələri, onun dostları ilə ad gününü qeyd edirik. Ona görə də mən istərdim ki, artıq bu əhvali-ruhiyyə salon­dan götürülsün”. 

Bu sözləri deyəndə isə mərhum Hey­dər Əliyev əməlli-başlı kövrəldi: “İndi Alla­hın yazısı belə gətirib ki, o, aprel ayında doğulub, aprel ayında da həyatdan ge­dibdir. Xatirimdədir, Moskvada xəstəxa­nada müalicə edilərkən, onun artıq ağır xəstəliyə düçar olduğunu bilərkən mən arzu edirdim ki, o, doğum gününə qədər, anadan olan gününə qədər yaşasın. An­caq mənim bu arzum yerinə yetmədi və aprelin 15-də o vəfat etdi”. 

Xatirə gecəsində ölkəmizin tanınmış mədəniyyət, elm, incəsənət xadimləri də iştirak edirdilər. Tədbirin sonunda onların hər biri Heydər Əliyevə yaxınlaşıb Zərifə xanımla, birinci ledinin həyatlarında oy­nadığı xeyirxah rolla bağlı yaddaşlarında yaşatdıqları maraqlı epizodlar danışır­dılar. Prezident xatirə bölüşənlərin hər birini diqqət və maraqla dinləyir, bəzən hansısa əlavələr edir, xoş xatirələrə görə minnətdarlığını bildirirdi. Zərifə xanımın xatirə gecəsi yaddaşımda həm də ömür­lük eşqin, bitməyən bir sevginin təntənə gecəsi kimi qalıb. Prezident Heydər Əli­yev həyatının bütün sahələrində olduğu kimi, sevgisində, xanımına bağlılığında, onun işıqlı xatirəsinə sədaqətində də, həqiqətən, bir örnək, nümunə idi. 

***

Başqa bir tarixi də yaxşı xatırlayıram. 16 may 1998-ci il. Həmin axşam Respub­lika sarayında (indi Heydər Əliyev sarayı) Dağıstandan gəlmiş böyük bir nümayən­də heyətinin iştirakı ilə görkəmli dövlət, ictimai və elm xadimi Əziz Əliyevin 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirildi. Əgər amansız xəstəlik həyatdan vaxtsız aparmasaydı, 75 yaşlı Zərifə Əziz qızı da atasının yubiley məra­simində iştirakçıları arasında ola bilərdi...

Prezident Heydər Əliyev geniş nitq söylədi. Burada Əziz Əliyevin təkcə döv­lət xadimi, milli ruhlu ziyalı, elm təşkilat­çısı kimi Azərbaycan və Dağıstan qar­şısındakı xidmətlərinə qiymət verilmirdi. Təkcə naməlum faktlar əsasında onun çətin, mürəkkəb, amma şərəfli ömür yo­luna nəzər salınmırdı. Təkcə gördüyü böyük işlərdən və üzləşdiyi sınaqlardan, repressiya maşınının dişləri arasından necə xilas olduğundan söz açılmırdı.

Yaxınlarla ürək söhbəti təsiri bağışla­yan bu səmimi nitq həm də munis bir sev­gi etirafı idi. Salona toplaşmış 2500 nəfə­rin nəfəs çəkmədən dinlədiyi, televiziya vasitəsilə milyonlarla insana çatdırılan sevgi etirafı... Çətin sınaqlardan çıxan, amma sınmayan, əksilməyən, şər vəbədxahlıq üzərində qələbə çalan, yalnız iki insanın deyil, minlərlə insanın həyatını dəyişən sevgi etirafı.. 

Heydər Əliyev danışırdı və zal qəd­dar sistemə qarşı mübarizədə yeganə si­lahı yalnız bir-birinə inam olan iki gəncin məhəbbət hekayəsini dinləyirdi:

“Zərifə xanımla 1948-ci ildə tanış olmuşdum. Az sonra mən Leninqrada oxumağa getdim. 1950-ci ildə oradan Bakıya qayıdandan sonra şübhəsiz ki, öz ailə həyatımı qurmaq, evlənmək fik­rində idim. Ancaq mənim mənzil-məişət şəraitim buna imkan vermirdi. Anam və qardaşlarımla İçərişəhərdə zirzəmidə ki­rayədə yaşayırdım. Şərait yox idi və mən mənzil almağımı gözləyirdim.

1952-ci ildə ikiotaqlı mənzil aldım. Lakin o vaxt mənə Əziz Əliyevin ailəsi ilə ünsiyyətdə olmaq qadağan edilmişdi. Xatirimdədir, 1951-ci ildə Əziz Əliyev iş­dən çıxarılanda Zərifə xanımla görüşdük və o mənə dedi: “Deyəsən, biz bir daha görüşə bilməyəcəyik, çünki atamı işdən çıxarıblar və ona qarşı siyasi ittiham irə­li sürüblər. Sən isə dövlət təhlükəsizlik orqanlarında işləyirsən və bu sənə zərər gətirə bilər. Odur ki, deyəsən bizə birlik­də olmaq qismət deyilmiş”. Mən, əlbəttə, etirazımı bildirdim və münasibətlərimiz davam etdi”.

1948-ci ildən başlanan və tədricən qarşılıqlı məhəbbətə çevrilən tanışlıq ciddi maneələri, müxtəlif hədə və riskləri aşaraq 1954-cü ildə xoşbəxt və nümunə­vi ailə həyatına çevrildi.

Zərifə xanım və Heydər Əliyevlə­rin otuz ildən çox birlikdə keçən ömür tarixçəsini izləyəndə düşünürsən: “Nə yaxşı ki, dövrün və cəmiyyətin bütün ma­neələrinə rəğmən belə oldu və davamı nəsillər üçün nümunəyə çevrilən, insan­lara işıq və nur bəxş edən intəhasız bir eşq hekayəti yaşandı...

 

Vilayət QULİYEV,
professor

Sosial həyat