Heydər Əliyev və Baykal-Amur əfsanəsi

post-img

Aprelin 27-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QCS-nin təşəbbüsü, “Rusiya Dəmir Yolları” ASC, Rusiya Nəqliyyat Universiteti və Azərbaycanın Rusiyadakı səfirliyinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Heydər Əliyevin Baykal–Amur magistral xəttinin tikintisində müstəsna rolu” mövzusunda tədbir keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Na­zirliyindən qəzetimizə bildirilib ki, Rusiya Nəqliyyat Universitetində təşkil olunmuş tədbirdə əvvəlcə Heydər Əliyevin Baykal–Amur magistralının (BAM) tikintisinə ver­diyi töhfələri özündə ehtiva edən sənədli film nümayiş olunub.

Daha sonra tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rə­şad Nəbiyev ümummilli liderin Sovet İt­tifaqının ən nəhəng infrastruktur layihəsi hesab olunan BAM-ın uğurla həyata ke­çirilməsindəki müstəsna xidmətlərindən danışıb. Nazir qeyd edib ki, ulu öndər SSRİ Nazirlər Soveti sədrinin birinci müa­vini vəzifəsində çalışdığı illərdə nəqliyyat sahəsinin kuratoru olaraq mükəmməl təş­kilatçılıq bacarığı, qətiyyəti və inamı sayə­sində BAM-ın inşasının uğurla başa çatdı­rılmasına nail olub: “Heydər Əliyev BAM dəmir yolu xəttinin tikintisini Sibirin və Uzaq Şərqin böyük kəşfi kimi qiymətlən­dirirdi. Çünki bu tikinti ilə dəmir yolu xətti zonasında faydalı qazıntılarla zəngin olan böyük bir ərazi istismara verilib. Heydər Əliyev qısa bir müddətdə BAM-ın coğrafi ərazisini mühüm sənaye bazasına, sosi­al-iqtisadi və mədəni mərkəzə çevirməyi bacardı”.

Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin çıxış edərək de­yib ki, mürəkkəb geoloji struktura və sərt iqlimə malik ərazidə magistral və dəmir yollarının çəkilməsi əsl qəhrəmanlıq nü­munəsi olub: “BAM-ın ərsəyə gəlməsi Sa­kit okean regionu və Avropa ölkələri ara­sında ən qısa marşrut olmaqla Sibirin və Uzaq Şərqin təbii ehtiyatlarından səmərəli istifadə edilməsinə əlverişli şərait yaratdı. Heydər Əliyevin BAM üzrə kurator işlədiyi dövrdə tikinti işləri xeyli intensivləşib, qar­şıya qoyulan məqsədlərə tam nail olun­muşdu”.

Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi, “Rusiya Dəmir Yolları” ASC-nin rəhbərliyi, Azərbaycanın Rusi­yadakı səfirliyinin diplomatları, Rusiyanın “BAM” İctimai Birliyinin üzvləri, Rusiya­dakı Azərbaycan diasporunun üzvləri və tələbələr iştirak ediblər.

Sonra konsert proqramı təqdim olunub.

“Xalq qəzeti”



Sosial həyat