Sadəlik, xeyirxahlıq və kübarlıq mücəssəməsi

post-img

Tarixin ən qədim qatlarından üzü bəri cəmiyyətdə qadının ən yüksək dəyəri ana olmaq məqamı mərtəbəsində müəyyən edilmişdir. Heç də təsadüfi deyildir ki, bu məsələ İslam peyğəmbərinin (s.) adı keçən bir hədisdə "cənnət anaların ayağı altındadır" ifadəsi şəklində öz təsdiqini tapmışdır. 

Təbii ki, qadın üçün ana məqamı ən yüksək dəyərdir. Lakin yeganə və son dəyər deyildir. Bəşəriyyətin inkişafında kişilərlə bərabər, qadınlar da zaman-za­man qadın- vətəndaş, qadın-ictimai-si­yasi xadım, qadın-alim, qadın-yaradıcı şəxsiyyət kimi böyük töhfələr vermişlər. Bu mənada azərbaycanlı qadınlar nəin­ki istisna deyildir, hətta bir çox hallarda nümunədir. Heç də təsadüfi deyildir ki, Şərq və İslam aləmində ilk respublika ya­radan xalqımız qadınlara seçib-seçilmək hüququ verən dünya öncülü kimi tarixə öz şərəfli adını yazdırmışdır. 

Azərbaycan qadının bütün dövrlər üçün ən müsbət keyfiyyətini özündə bir­ləşdirən görkəmli alim və ictimai xadim akademik Zərifə xanım Əliyevanın həyatı və fəaliyyəti müasirlərinə və gələcək nə­sillərə gözəl bir nümunədir. Heç şübhəsiz ki, həyatda uğur qazanmaq üçün insa­nın şəxsi keyfiyyətləri ilə yanaşı, onun əsil-nəcabətinin, doğulub böyüdüyü , tər­biyə aldığı, yaşadığı, fəaliyyət göstərdiyi mühitin əhəmiyyəti və təsiri vacib şərtlər­dir. 

Bu il 100 illik yubileyi xalqımız tərə­findən böyük sevgi, hörmət və ehtiram­la qeyd olunan akademik Zərifə xanımƏliyeva böyük alim olmaqla yanaşı, sa­dəlik, xeyirxahlıq və kübarlıq mücəs­səməsi kimi yaddaşlarda yaşamaqdadır. Ömrü və həyatı üç dahi şəxsiyyətin– professor Əziz Əliyevin, ümummilli lider Heydər Əliyevin və müzəffər Ali Baş Komandan İlham Əliyevin həyatı ilə bir­başa bağlı olan Zərifə xanım keşməkeşli və zəngin bir mühitdə doğulub böyümək­lə yanaşı, bu üç dahinin birinə övlad, birinə həyat yoldaşı və digərinə ana kimi həyan olmuş, onlara mərhəm və pozitiv təsir göstərmiş, xoş əhval və rahat fəa­liyyət mühiti yaratmışdır.

Zərifə xanımın babaları İrəvanda məşhur əsilzadələrdən olublar. Əziz Əliyevin atası Məmmədkərim Qurbanəli oğlunun və ana babası İbrahim bəy Sü­leymanbəyovun İrəvan yaxınlığındakı Hamamlı kəndində mülkləri, İrəvanda bö­yük imarətləri və dükanları var idi. Heyif ki, o gözəl yurdlar 1918-ci ildə erməni-daş­nak başkəsənləri tərəfindən qəsb olundu, dağıdıldı, sakinləri dədə-baba yurdların­dan didərgin düşdülər və bir daha doğma ocaqlarına qayıda bilmədilər. 

Ermənilərin 1918-20-ci illərdə xalqı­mıza qarşı törətdikləri soyqırımı ci­nayətləri Zərifə xanımın mənsub oldu­ğu nəsildən yan keçməmişdir. Erməni daşnak başkəsənlərinin etnik təmiz­ləmə əməliyyatları nəticəsində bu ailə uzun əsrlər boyu yaşadıqları doğma İrəvan şəhərindən qaçqın düşərək Nax­çıvana, oradan Cənubi Azərbaycanın Ərəblər kəndinə getmiş, sonra isə Şə­rurun Şahtaxtı kəndində məskunlaş­mışdır. Zərifə xanım Əliyeva 28 aprel1923-cü ildə Naxçıvanın Şahtaxtı kən­dində dünyaya göz açmışdır. Elə həmun ildə də ailəsi Bakıya köçən Zərifə xanım Əliyeva böyük ziyalı və intellektual-mənə­vi mühitdə böyümüşdür.

Zərifə xanımın atası, Azərbaycanın dövlətçilik və səhiyyə tarixində mühüm xidmətləri olan görkəmli dövlət xadimi Əziz Əliyev Bakı ziyalıları arasında bö­yük nüfuza malik idi.

1998-ci ildə Əziz Əliyevin anadan ol­masının 100 illik yubiley tədbirində çıxış edən ümummilli lider Heydər Əliyev onun şəxsiyyəti ilə fəaliyyəti arasındakı vəh­dəti xarakterizə edərək demişdir: “Azər­baycanda və Dağıstanda işlədiyi illərdə o, elm xadimləri ilə sıx təmasda olurdu. Bütün tibb professorları onun dostları idi, onların çoxunu o hazırlayıb irəli çəkmişdi. Azərbaycan incəsənəti və ədəbiyyatının Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Bülbül, Niyazi, Səməd Vurğun, Süley­man Rüstəm, Qara Qarayev və bir çox görkəmli xadimləri ilə onun çox yaxın, mehriban, ailəvi münasibətləri vardı. Bütün bunlar ona görə olurdu ki, o, çox ziyalı bir adam idi, yüksək səviyyədə sa­vadlı, mədəni adam olduğuna görə hə­mişə məhz bu mühitlə təmasda olmağa çalışırdı.”

Zərifə xanımn həkimlik sənətini seç­məsində də yəqin ki, ailə ənənələrinin böyük təsiri olmuşdur. Atası Əziz Əliyev, böyük qardaşı Tamerlan Əliyev, bacısı Ləzifə xanım, bibisi Göyçək xanım, əmisi Ziyad Əliyev, bibisi Şamama xanım Ələs­gərova, bibisi oğlanları Qurban Əliyev (Ali və Orta ixtisas təhsili naziri işləyib), Yusif Əliyev görkəmli həkim, səhiyyə təş­kilatçısı və tibb alimləri olmuşlar. 

Zərifə Əliyeva 1942-ci ildə Azərbay­can Dövlət Tibb Universitetini müali­cə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə həmin institutu əla qiymət­lərlə bitirirərək Moskvada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnsti­tutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnir. Ali ixtisaslı həkim-oftalmoloq kimi Vətənə qayıdan gənc doktor Azərbaycan El­mi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını da­vam etdirir. 

Zərifə xanımın həyatını, elmi və icti­mai fəaliyyətini araşdıran tədqiqatçılar çox haqlı olaraq bu dəyərli şəxsiyyəti bir neçə keyfiyyət üzrə xarakterizə edirlər: övlad, həyat yoldaşı, ana, həkim, pe­daqoq, alim, maarifçi, ictimai xadim. Bu siyahıni uzatmaq da olar. Amma fikrimcə, o, hər şeydən əvvəl, istedadlı genlərə, möhkəm milli və ailə ənənələrinə malik, ziyalı və kübar mühitdə böyümüş, yüksək mədəniyyətə və zəngin mənəviyyata, də­rin biliklərə yiyələnmiş, hər cür fədakar­lığa hazır olan mükəmməl bir İnsan idi. 

Bu barədə Azərbaycan Respublika­sının Prezidenti cənab İlham Əliyevin sözləri olduqca dəqiq və təsirlidir: “Mə­nim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl, onun uşaqlığında ax­tarmaq lazımdır. O, bizə tez-tez deyərdi ki, uşaqlıq – insan həyatının çox mühüm dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq insanın ömrü boyu tək­rar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaq­lıqda dərk edir. O, çox xoşbəxt uşaq olub, uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalmışdı.

Mənim anamın ailəsi o vaxtkı cəmiy­yətin ən ziyalı hissəsinə mənsub olub. Uşaqların yanında çox vaxt cəmiyyətin mənəvi həyatının bir çox sahəsini əhatə edən söhbətlər olurdu. Bu ailədə uşaqla­rın tərbiyəsinə böyük əhəmiyyət verilirdi və musiqi dərslərindən başqa, onlara öz biliklərini inkişaf etdirmələri də aşılanırdı.

Atasının – Əziz Əliyevin həyatı Zə­rifə xanım üçün doğma xalqının tarixinin ayrılmaz hissəsi idi. Zərifə xanım həkim etikasına həsr olunmuş kitabının fəsillə­rindən birini belə adlandırıb: "Fədakarla­ra Günəş kimi ehtiyacımız var".

Bütün dahi şəxsiyyətlər kimi, akade­mik Zərifə xanım Əliyeva da son dərəcə təvəzökar, sadə, ünsiyyətcil, xeyirxah insan olmuşdur. O zaman təkcə Azər­baycanda deyil, bütün SSRİ məkanında tanınmış elm və dövlət xadimi olan pro­fessor Əziz Əliyevin ailəsində doğulub böyüməsinə baxmayaraq, Zərifə xanım tələbə yoldaşlarından, rəfiqələrindən fərqli geyimə, davranışa, həyat tərzinə malik deyildi, əksinə, daha çox mehriban­lığı və çalışqanlığı ilə seçilərdi. Tələbəlik illərindən Zərifə xanımla dostluq edən, onun peşə həmkarı Azərbaycan oftalmo­logiya məktəbinin başqa bir görkəmli nü­mayəndəsi professor Zəhra Quliyeva öz xatirələrində yazır:

“O, xeyirxah, təkrarolunmaz şəxsiy­yət idi. Tez-tez həkimlik sənəti barədə diskussiyalar edər, sevincli, kədərli dü­şüncələrimizi bölüşərdik. Xəstələr göz­lərə nur bəxş edən Zərifə xanımın vurğu­nu idi, onu çox istəyirdilər, çünki qayğıkeş həkim onların əsl ürək dostuna, sirdaşına çevrilmişdir.” 

Zərifə xanım Əliyevanın bütün tibbi və elmi fəaliyyəti ictimai və dövlət əhə­miyyəti kəsb edən xəstəliklərlə müba­rizəyə həsr olunmuşdur. 

Zərifə xanımın həkimlik fəaliyyətinin ilk illərində SSRİ-də bir çox infeksion xəstəliklər geniş yayılmışdı. Bunlardan biri də gözün selikli və buynuz qişaları­nı zədələyən bakteriya mənşəli traxoma xəstəliyi idi ki, görmə orqanının zədələn­məsi nəticəsində yaranan çapıq toxuma tam korluğa gətirib çıxarırdı. 

İkinci dünya müharibəsindən sonrakı vaxtlarda Azərbaycanda da olduqca ge­niş yayılmış, dünyada 400 milyon insanın gözünü zədələyən, 80 milyondan çox in­sanı isə dünya işığından məhrum edən dəhşətli traxoma xəstəliyi ilə mübarizə həkimdən dərin biliklə yanaşı, təşkilatçı­lıq, humanizm və fədakarlıq tələb edirdi. Çox sonralar kitablarının birində "Fə­dakarlara Günəş kimi ehtiyacımız var" , – yazarkən yəqin ki, akademik Zərifə xanım Əliyeva həkimlik praktikasının ilk illərində traxoma ilə mübarizədə keçirdiyi çətin anları xatırlamışdır. Günəş dünya işığı deməkdir. Goz həkiminin fədakarlı­ğı insanlara Günəş bəxş etmək uğrunda mübarizədir. Əgər o illərdə Zərifə həki­min və onun yoldaşlarının fədakarlıqla­rı olmasaydı ötən əsrin əllinci illərində Azərbaycanda on minlərlə insan dünya işığına həsrət qala bilərdi. 

Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçiril­məsində fəal iştirak edir, konkret müali­cə təcrübəsindən başqa, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldı­ğı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında maarif­ləndirici söhbətlər aparırdı. 

Zərifə xanım Əliyevanın xəstəliklərin profilaktikası sahəsində tibbi biliklərin geniş yayılması, maarifləndirmə işində jurnalistlər, təbliğatçılarla yanaşı peşə­kar ixtisaslı həkimlərin iştirakının vacibliyi barədə fikirləri o vaxtkı SSRİ-də səhiyyə maarifi sahəsində ciddi yeniliklərdən biri idi. 

Akademik Zərifə Əliyevanın elmitədqiqatları əsasən ictimai-sosial əhə­miyyət daşıyan göz xəstəlikləri, onla­rın qarşısının alınması və müalicəsi istiqamətində olmişdur. Zərifə xanımın həkimlik və alimlik fəaliyyətinin böyük bir hissəsi, o cümlədən, doktorluq dissertasi­yası sənaye sahələri sürətlə inkişaf edən Azərbaycanda gözün yeni bir spesifik xəstəliyinin-peşə xəstəliyinin müalicə və profilaktikasına həsr edilmişdir. Ötən əsrin 60-70-ci illərində Bakı və Sumqa­yıt şəhərləri regionun ən böyük sənaye mərkəzlərinə çevrilmişdi, burada onlarca neft – maşınqayırma, kimya zavodları fəaliyyət göstərirdi. Bu zavodlarda isteh­sal edilən, istifadə olunan müxtəlif kimyə­vi maddələrin gözə təsirinin öyrənilməsi, qarşısının alınması və müalicəsi sahə­sində o vaxtkı SSRİ miqyasında ilk ön­cüllərdən biri, bəlkə də birincisi akademik Zərifə xanım Əliyeva olmuşdur.

Fikrimcə, alimin tədqiqatlarının bu sahələrə yönəlməsində onun ömür-gün yoldaşı, böyük dövlət xadimi, Heydər Əliyevin müəyyən istiqamətverici təsiri də olmuşdur. Bu barədə akademikin qızı Sevil xanım Əliyeva anası haqqında xa­tirələrində yazır:

“Anam uşaqlara, ailəyə çox bağlı idi. Bu onun üçün həmişə birinci yerdə du­rurdu. Atam bilirdi ki, anamın böyük elmi potensialı, qabiliyyəti var. Buna görə də, onun irəli getməsinə çalışırdı. Yadımda­dır, gecə biz hamımız yatandan sonra anam öz elmi işini, məqalələrini, monoq­rafiyalarını yazmaq üçün oturardı. Biz Moskvaya gedəndə o, həmişə həmkarla­rı ilə – oftalmoloqlarla görüşərdi. O, təbrik nitqlərinə meyilli deyildi, məşhurlaşmaq, başqalarından seçilmək arzusu yox idi. Nail olduğu hər şey gərgin elmi axtarışla­rın və böyük zəhmətin nəticəsi idi. Onun imkanlarını bilən atam icazə verə bil­məzdi ki, bu potensial gerçəkləşməmiş, istifadəsiz qalsın. Siz fikir ayrılıqları, mü­bahisələr haqqında bilmək istəyirsiniz. Onların mübahisələri məhz bundan ötrü idi: atam deyirdi ki, dayanmaq olmaz, tədqiqatları davam etdirmək lazımdır. O, anamı həmişə buna ruhlandırırdı”.

Zərifə xanım 1968-ci ildən başla­yaraq elmi fəaliyyətinin əsas hissəsini professional oftalmologiyanın problem­lərinin öyrənilməsinə həsr etmişdir. Dün­yada peşə patologiyasını araşdıran ilk elmi-tədqiqat laboratoriyası məhz azər­baycanlı alim Zərifə Əliyeva tərəfindən Bakıda yaradılmışdır. O, praktiki olaraq elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoymuşdur. Apardığı tədqiqatların gedişində "Göz yaşının axmasının fiziologiyası", "Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri", "Gözün hidrodinamik siste­minin anatomik fizioloji təbiəti" və s. kimi onlarca elmi məqalə və monoqrafiyalar çap etdirmişdir.

Uzunmüddətli araşdırmaların və tə­dqiqatların nəticələri görkəmli alimin "Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrinin işçilərinin görmə üzvü­nün vəziyyəti" mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil etmniş və bu tədqiqatlara görə Zərifə xanım Əliye­va 1977-ci ildə tibb elmləri doktoru elmi adına layiq görülmüşdür. 

Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işləri­nin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmo­logiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına Mükafatına layiq gö­rülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşmüşdür. 

Zərifə xanımın həkimlik və alimlik fəaliyyətində yüksək mədəniyyət, ziyalı­lıq, kübarlıq, alim və vətəndaş məsuliy­yəti kimi yüksək insani keyfiyyətlər hə­mişə diqqəti cəlb etmiş, həmkarlarına və tələbələrinə gözəl bir nümunə olmuşdur. Onunla yaxından elmi əməkdaşlıq etmiş, birgə araşdırmalar aparmış SSRİ Mərkə­zi Həkimləri Təkmilləşdirmə İnstitutunun göz kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Nina Borisovna Şulpi­na öz alim həmkarı haqqında böyük sə­mimiyyətlə yazmışdı: 

“Zərifə xanım elə bir insan idi ki, bir dəfə ünsiyyətdə olan adam onu ömür boyu unuda bilmir. Bu cür şəxsiyyətlər yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi əbədi yad­da qalır. Zərifə xanım Əziz qızı haqqında ürəyimdən keçənləri ifadə etməyə söz tapmıram. Obyektivlik naminə qeyd et­mək lazımdır ki, Zərifə xanım Əziz qızı elmi tədqiqatların rəhbəri, alim, pedaqoq, həkim, ictimai xadim kimi öz missiyasını yüksək səviyyədə yerinə yetirməklə ya­naşı, həm də gözəl ana və həyat yoldaşı idi. O, bütün varlığı ilə həyat yoldaşının, daha sonra isə nəvələrinin də qayğıları ilə yaşayırdı”.

Akademik Zərifə Əliyeva gözəl pe­daqoq, tədqiqatçı alim, xəstəliklərin pro­filaktikası və tibbi biliklərin yayılmasında fəal təbliğatçı olmaqla yanaşı, Azərbay­canda müasir oftalmologiya məktəbini yaradan tibb korifeylərimizdən biridir.

Zərifə xanım səhiyyədə kadr hazırlı­ğına və həkimlərin ixtisasının təkmilləş­dirilməsinə gərgin əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi altında tibb alim­lərinin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Bu barədə onun tələ­bələrindən biri oftalmoloq-alim, professor Kərəm Kərimov yazır: “Mən özümü xoş­bəxt sayıram, çünki vaxtilə bir çox gənc, istedadlı mütəxəssis kimi Zərifə xanım Əliyevanın diqqət əhatəsində olmuşam. Öz fəaliyyət sahəmdə daha böyük nailiy­yətlərə çatmaq, uğurlar əldə etmək üçün, böyük hörmət bəslədiyim Zərifə xanımın qarşısında layiqli hesabat vermək üçün yorulmaq bilmədən öyrənirdim, təkmil­ləşirdim. O. bir məktəb yaratmışdır. İndi o böyük məktəbin yetirmələri: professor Nazim Tağızadə, professor Rasim Ha­cıyev, professor Qalib İskəndərov, tibb elmləri doktorları, professor Paşa Qəlbi­nur, professor Çingiz Cərullazadə, Rafiq Təhməzov və bir çox başqaları oftalmo­logiya sahəsində öz sözlərini demiş alim­lərdir və Azərbaycanı dünyada layiqincə təmsil edirlər. Zərifə xanım Əliyevanın yetirmələri olduğumuzdan bütün tələ­bələri kimi, mən də həmişə böyük qürur hissi duyur, fəxr edirəm”. 

Zərifə xanım heç zaman gərgin iş­dən usanmamış, ürəkdən və ilhamla ça­lışmışdır. Onun həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmi­miliyi və qayğıkeşliyi, insanlara və onla­rın problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetir­mələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.

Akademik Zərifə Əliyevanı həmişə həkim etikası və tibbi deontologiya məsələləri düşündürmüşdür. O, gənc həkimlərin insan və vətəndaş kimi yetiş­məsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə böyük diqqət vermiş, həkim xəstə mü­nasibətlərinin tədqiqi sahəsində elmi araşdırmalar aparmışdır. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir.

Zərifə xanım, haqlı olaraq, belə he­sab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləş­dirən başlıca amildir: "Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özü­nün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək , hər dəfə xəstəliyə düçar olmuş insanla söh­bət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir".

Özünün zəngin tibbi təcrübəsinə və həyat müdrikliyinə əsaslanan Zərifə xanım Əliyeva həkimin xəstə ilə necə davranmağına dair tövsiyələr verirdi. Bu münasibətlərdə həkimin sözlə müalicə edə bilmək bacarığını ön plana çəkirdi. Onun fikrincə, səhiyyə işçisinin əxlaqının əsaslarını səmimiyyət, xəstəni başa düş­mək bacarığı, xeyirxahlıq, təvazökarlıq, təmənnasızlıq təşkil edir.

Tibb elminin inkişafına verdiyi böyük töhfələrə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Akademik Zərifə Əliyeva həm də görkəm­li ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müa­vini, Ümumittifaq "Bilik" Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Akademik Zərifə xanım Əliyeva So­vet və Azərbaycan oftalmologiya elminin görkəmli xadimlərindən biri, 12 monoqra­fiya və dərslik vəsaitinin, 150 yaxın elmi işin, bir ixtira və 12 səmərələşdirici təklifin müəllifi, yüzlərlə yüksək ixtisaslı tibb kad­rlarının hazırlanmasında böyük əməyi olan nüfuzlu alim kimi müasirləri tərəfin­dən xoş xatirələrlə anılır. 

Dünya şöhrətli oftolmoloq, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutu­nun direktoru, akademik M. Krasnov Zə­rifə xanım Əliyeva haqqında xatirəsində yazırdı: “Zərifə xanım Əliyeva haqqında xatirələrimi bir sözlə ifadə etməli olsay­dım deyərdim: o, həm xeyirxah idi, həm ağıllı, həm də qüdrətli... Əgər mən peşə­kar ədəbiyyatçı kimi Zərifə xanım Əliye­va haqqında əsər yazası olsaydım, heç şübhəsiz ki, onu “Əvəzolunmaz insan haqqında povest” adlandırardım”.

Əbəs yerə demirlər ki, insanın bö­yüklüyü onun sadəliyindədir. Bir təbib, bir müəllim, bir alim, bir ictimai xadim kimi qazandığı şöhrətinin ən yüksək zirvə­də olduğu vaxtlarda da akademik Zərifə xanım Əliyeva belə də qaldı: qayğıkeş, mehriban, gülərüz, Bəlkə də bəşər ta­rixində nadir şəxslərə qismət olmuşdur ki, dövlət xadiminin övladı, həyat yoldaşı və anası kimi şöhrətin ən uca mərtəbə­sinə yüksəlsin, lakin özünün qazandığı İnsanlıq zirvəsini bütün şan-şöhrətlərdən uca tuta bilsin. 

Belə bir deyim də var: “hər uğurlu ki­şinin arxasında bir ağıllı qadın dayanır”. Böyük bir məhəbbətlə sevdiyi ömür-gün yoldaşını həmişə dərin hörmət və ehti­ramla xatırlayan ulu öndər Heydər Əliyev deyirdi:

Zərifə xanımın Ana obrazı da mükəm­məldir, təkrarsızdır. Hər bir valideynin öz övladlarını sevməsi təbii hissdir. Lakin övladı sevərək sağlam, mədəni, təhsilli, vətənpərvər böyütmək, xoşbəxt yaşat­maq, ədəb-ərkan, tərbiyə vermək, kamil insan kimi yetişdirmək hər valideyinin imkanı və bacarığı daxilində deyildir. Bu mənada Zərifə xanım həm də xoşbəxt anadır ki, mənsub olduğu xalqa dəyərli övladlar bəxş etmişdir. Oğlu İlham Əliye­vin şagird, tələbə, gənc alim kimi uğur­larına sevinsə də, Zərifə ana müstəqil Azərbaycanı qüdrətli dövlətə çevirən, ərazi bütövlüyünü təmin edən Prezident və Ali Baş Komandan İlham Əliyevin zəfər təntənəsini görə bilmədi. Amma ruhlar yaşayır. Və bu gün Zərifə xanımın ruhu şad və arxayındır. 

Heç şübhəsiz ki, hər bir insan kimi Zərifə xanımın da həyatı, ailəsi, yaxınları barədə bir çox arzuları var idi. Onun ar­zularından biri Azərbaycanda elmi-kliniki Oftalmoloji Mərkəzin yaradılması idi. Ötən əsrin 80-ci illərinin əvvəllərində mərkəzin tikintisinə başlanılsa da, Heydər Əliyevin 1982-ci ildə iş yerinin Moskvaya dəyiş­məsi ilə əlaqədar bu işlər ləngidi, sonrakı illərdə isə tamamilə dayandırıldı. Yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Milli Oftalmologiya Mərkəzi tikilib başa çatdırıldı. 2009-cu il mayın 22-də Prezident İlham Əliyevin iştirakı ilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yeni bina­sının açılışı oldu.

Hazırda regionun ən böyük tibb ocaqlarından biri olan akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkə­zi görkəmli alim və böyük insan Zərifə xanım Əliyevanın xatirəsini və arzularını yaşadan qiymətli bir abidədir.

Zərifə xanımın ən böyük abidəsi isə gözünə nur verdiyi, şəfqət bəxş etdiyi insanlar, onların övladları, yetişdirdiyi tələbələr, yazdığı kitablar, insanlıq üçün irs qoyub getdiyi zəriflik və alicənablıq, xeyirxahlıq və insan sevgisidir. Akade­mik Zərifə xanım Əliyeva həm də ona görə xoşbəxt insandır ki, onun xeyirxah əməlləri yaşayır və davam edir. Onun elmi tədqiqatları, yazdığı əsərlər bu gün də insanlara fayda verir.

Zərifə xanımın humanist həkimlik peşəsi, alim, ictimai xadim kimi fəaliyyəti, ləyaqətli həyat yoldaşı, ana, nənə missi­yası bu gün də ulu öndər Heydər Əliyevin ocağında Mehriban xanım Əliyevanın şəx­sində yeni, daha böyük məna kəsb edərək davam edir. Hörmətli Mehriban xanım Əli­yeva da istedadlı göz həkimi, görkəmli alim və səhiyyə təşkilatçısı, dövlət xadimi kimi humanizmi və xeyirxahlığı təcəssüm etdi­rir, həm də ailə ənənələrindən gələn şərəfli missiyanı yaşadır, öz yorulmaz fəaliyyəti ilə milyonlarla insana sevinc, xoşbəxtlik və gələcəyə inam bəxş edir.

 

Musa QULİYEV,
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri

Sosial həyat