Nəsillərə örnək olan həyat yolu

post-img

Tanrının Azərbaycan xalqına, dünya tibb elminə bəxş etdiyi dünya şöhrətli alimlər sırasında akademik Zərifə xanım Əliyevanın xüsusi yeri var. Azərbaycan oftalmologiya məktəbini dünyaya tanıdan böyük alim, şəfalı əlləri ilə gözlərə nur bəxş edən mahir həkim, dərin biliklərini tələbələri və həmkarları ilə bölüşən bacarıqlı pedaqoq, maarifçi və vətənpərvər, eyni zamanda, fədakar ömür-gün yoldaşı, qayğıkeş ana, zəngin daxili aləmə malik şəxsiyyət, səmimi və xeyirxah insan Zərifə Əliyeva bütün həyatını, enerjisini və istedadını Azərbaycan xalqına təmənnasız xidmətə həsr etmişdir. Onun həyatının hər səhifəsi mənəvi kamillik zirvəsinə aparan yolun ayrı-ayrı mərhələləridir. 

Peşəkar və yorulmaz fəaliyyəti ilə insanlara daim
nur bəxş edən oftalmoloq-alim

Zərifə xanımın dünyaya göz açdı­ğı və böyüyüb boya-başa çatdığı ailə respublikada və onun hüdudlarından kənarda yaxşı tanınırdı. Atası Əziz Əliyev görkəmli dövlət xadimi, istedadlı alim olmaqla yanaşı, həm də bacarıqlı səhiyyə təşkilatçısı idi. Əlbəttə, zəngin biliklərə və yüksək mənəviyyata malik olan bu nüfuzlu şəxsiyyətin nümunəsi övladları üçün bir həyat məktəbi idi. Qardaşları Tamerlan və Cəmil kimi, Zərifə xanımın da həkimlik peşəsini seçməsində bu məqam mühüm rol oy­namışdı. 

1942-ci ildə Zərifə Əliyeva Azər­baycan Dövlət Tibb İnstitutunun müa­licə-profilaktika fakültəsinə daxil olaraq 5 il sonra institutu fərqlənmə diplomu ilə bitirir. Oftalmoloq ixtisasına yiyələn­mək arzusunda olduğuna görə sonra Moskvada Ümumittifaq Həkimləri Tək­milləşdirmə İnstitutunda ixtisasartırma kursu keçir. 

Zərifə xanım fəaliyyətinin bütün mər­hələlərində öz yüksək bilik və bacarıq­larını xalqının sağlamlığına həsr edib, bu yolda fədakar xidmətlər göstərib. 1950-ci illərdə Azərbaycanda da geniş yayılmış traxoma xəstəliyinin müalicə yollarının tapılması Zərifə xanım Əliye­vanı düşündürür və o, bütün diqqətini və səylərini xəstəliklə mübarizəyə həsr edir. Zərifə xanım Əliyeva Azərbayca­nın traxoma ocağı aşkar edilən bütün rayonları qarış-qarış gəzərək, traxoma və digər göz xəstəliklərinin profilaktika­sı, diaqnostikası və müalicəsi haqqında əməli Tədbirlər Planını yüksək səmərə ilə həyata keçirir.

Ölkəmizdə traxoma əleyhinə işlə­dilən mövcud dərman preparatları ilə yanaşı, güclü antibiotik sayılan sinto­misindən istifadənin ilk təşəbbüsçüsü də məhz Zərifə xanım Əliyeva olur. Traxomanın ləğvi yolunda yorulmaq bilmədən aparılan intensiv elmi araş­dırmalar, əldə edilən dəyərli nəticələr Zərifə xanım Əliyevanın namizədlik dissertasiyasının ana xəttini təşkil edir, o, 1959-cu ildə “Traxomanın digər te­rapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizəd­lik dissertasiyasını uğurla müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsi alır.

Zərifə Əliyevanın zəngin elmi fəaliyyəti, tədqiqatları, Azərbaycan səhiyyəsinin inkişafına sanballı töhfələri

Akademik Zərifə Əliyevanın tə­dqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixin­də xüsusi mərhələ təşkil edir. 1960-cı ildən 1967-ci ilədək Oftalmologiya İns­titutunda böyük elmi işçi vəzifəsində, 1967-ci ildən əmək fəaliyyətinin sonu­nadək Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnsti­tutunda çalışan Zərifə xanım Əliyeva apardığı elmi tədqiqatların nəticələrini ümumiləşdirərək, 1977-ci ildə dünya­nın ən nüfuzlu oftalmoloji mərkəzlə­rindən biri olan Moskva Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda doktorluq dissertasiyasını uğurla müdafiə etmiş­dir. Elə həmin il Zərifə xanım Azər­baycan Dövlət Həkimləri Təkmilləşdir­mə İnstitutunun professoru, bir qədər sonra isə oftalmologiya kafedrasının müdiri seçilmişdir. 1981-ci ildə o, of­talmologiya sahəsində ən yüksək mü­kafata – SSRİ Elmlər Akademiyasının professor Averbax adına mükafatına layiq görülmüşdür. Qeyd edilməlidir ki, Zərifə xanım Əliyeva həmin ali mükafa­tı alan ilk qadın alim olmuşdur. 1983-cü ildə isə Zərifə xanım Azərbaycan Elm­lər Akademiyasının həqiqi üzvü seçilir.

Bütün bunlar onun tibb elminə və praktikasına verdiyi töhfələrin nə qə­dər yüksək qiymətləndirildiyini bir daha ifadə edirdi. O, bir sıra orden və me­dallara layiq görülmüş, Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. 

Zərifə Əliyeva dünya təcrübəsində birincilər sırasında peşə fəaliyyəti, xü­susən kimya və elektron sənayelərin­də peşə fəaliyyəti ilə bağlı göz xəstə­liklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın aktual problemlərinə dair tədqiqatlar aparmışdır. Bu gün mütəxəssislərin, bu sahədə fəaliyyət göstərən dəyərli alimlərin də qeyd etdiyi kimi, Zərifə xa­nım Əliyevanın elmi fəaliyyətinin əsas sahələrindən biri olan klinik diaqnosti­ka istiqamətində apardığı tədqiqatlar və onların nəticələri əsasında həkimlər üçün yazılmış dərs vəsaiti və monoq­rafiyalarda əks olunmuşdur. Bu əsər­lər və araşdırmalar elmi ictimaiyyət və praktik həkimlər tərəfindən böyük rəğ­bətlə qarşılanmışdır. O, Azərbaycanda lakrimologiyanın əsasını qoyan alim kimi qəbul edilir. Bütün bunlarla ya­naşı, Zərifə xanım Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olmuş, bu sahəyə dair iki monoqrafiya yazmışdır. Xüsusi qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid ki­tabları ilk dəfə akademik Zərifə Əliyeva yazmışdır.

Beləliklə, əminliklə qeyd edə bilərik ki, Zərifə xanım Əliyevanın zəngin elmi fəaliyyəti, nüfuzlu tədqiqatları Azərbay­can səhiyyəsinin inkişafına sanballı töhfələr vermişdir. Onun elmi nəticələri geniş miqyasda tətbiq edilməklə ya­naşı, respublikada səhiyyənin digər sahələrinin də inkişafına stimul vermiş­dir. Akademik Zərifə Əliyevanın zəngin elmi irsi Azərbaycan tibb elminin sərvə­tidir. Onun elmi təfəkkürünün məhsulu olan 150-yə yaxın elmi tədqiqat işi, 12 monoqrafiya, dərslik və dərs vəsaiti, 1 ixtira və 12 səmərələşdirmə təklifi bu gün də aktuallığını qoruyub saxlayır. 

Zərifə Əliyevanın çoxşaxəli fəaliy­yətinin ən mühüm istiqamətlərindən birini pedaqogika sahəsi təşkil edib. Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru, Oftalmologiya kafedrasının müdiri kimi, o, yüksəkix­tisaslı səhiyyə kadrlarının hazırlanma­sına böyük əmək sərf edib, həkimlərin biliyinin artırılması üçün qüvvəsini və vaxtını əsirgəməmişdir. Onun birba­şa rəhbərliyi altında gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım Əliyevanın yetirmələri olan alimlər oftalmologiya sahəsində onun başladığı genişmiq­yaslı elmi araşdırmaları bu gün də uğurla davam etdirirlər. 

Zərifə xanım Əliyeva Azərbaycan qadınının ən gözəl xüsusiyyətlərini öz şəxsiyyətində təcəssüm etdirən əsl zi­yalı idi. Görkəmli oftalmoloq-alimin də­rin biliyi və mədəniyyəti, insanpərvərli­yi, səmimiliyi və təvazökarlığı, Vətənə məhəbbəti və xeyirxahlığı onun şəx­siyyətini tərənnüm edən gözəl insani keyfiyyətlər idi.

Zərifə xanımın daxili aləmi, vəzifə borcuna, xəstələrə və ətrafdakılara münasibəti 1983-cü ildə nəşr edilmiş “Həkimin əxlaqi tərbiyəsi, deontologi­ya, səhiyyə etikası və əxlaq məsələlə­ri” əsərində özünü daha parlaq büruzə verir. Qeyd etmək lazımdır ki, onun bu əsəri mahiyyət etibarilə daha geniş əhəmiyyət kəsb edir, təkcə səhiyyə aləmində deyil, həm də məişət və ailə əlaqələri də daxil olmaqla, bütövlükdə cəmiyyətdə insanların qarşılıqlı müna­sibətlərinin öyrənilməsində önəmli rol oynayır.

Zərifə Əliyeva tibb işçisinin ətrafda­kıların tərbiyəsində mühüm rol oynadı­ğını, cəmiyyətin əxlaq etalonu olduğu­nu qeyd edirdi. Həkimin borcu insanın sağlamlığı, həyatı və xoşbəxtliyi na­minə çalışmaqdır. Zərifə xanım haqlı olaraq belə hesab edirdi ki, həkimin həyati mövqeyi onun xəstəyə münasi­bətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstə­nin ağrılarını məhz özünün ağrıları he­sab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısın­da, başlıcası isə öz vicdanı qarşısında mənəvi məsuliyyəti deməkdir”.

Ağıllı, yüksək insani keyfiyyətlərə malik insan,
nəciblik və mənəvi paklıq timsalı

Dünya oftalmologiya elminin ta­nınmış simaları Zərifə xanım Əliyeva haqqında dəyərli fikirlər söyləmişlər. SSRİ Mərkəzi Həkimləri Təkmilləşdir­mə İnstitutu Oftalmologiya kafedrasının professoru, akademik Filatov adına mükafatın laureatı V. V. Şmelyova Zərifə xanımın elmi fəaliy­yətinə belə qiymət vermişdir: “Zərifə xanım, hər şeydən əvvəl, həyat sev­gisi və maraq dairəsinin böyüklüyü ilə fərqlənirdi: o, həkim-oftalmoloq sənə­tinin vurğunu idi, elmi tədqiqatlara çox vaxt sərf edirdi, oftalmologiyada yeni, çox çətin və az öyrənilən bir sahəni araşdırmış, bu tipli xəstəliklərin profi­laktikasına və müalicəsinə böyük töhfə vermişdir. Zərifə Əziz qızı həyatda ol­duğu kimi, elmdə də özünə asan yol seçməmiş, elmin az öyrənilən, lakin inkişafı günün tələbi olan sahələrini araşdırmışdır”.

Dünya şöhrətli oftalmoloq, akade­mik A.Nesterov demişdir: “Zərifə Əliye­va çox ağıllı insan və böyük professio­nal idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi”. Akademik N.Puç­kovskaya “Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi” deyərək, alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulamışdır. Professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır. Professor N.Şulpina Zərifə xanımı dünya şöhrətli alim ad­landıraraq, “biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcə­yik” demişdir. 

Akademik Zərifə Əliyeva ölkənin ictimai həyatında da yaxından iştirak etmişdir. O, SSRİ Sülhü Müdafiə Ko­mitəsinin üzvü, Azərbaycan Sülhü Mü­dafiə Komitəsi sədrinin müavini kimi dünya xalqlarını sülhə, əmin-amanlığa səsləyirdi. Oftalmoloqların qurultayları­nın, konfranslarının, simpoziumlarının fəal iştirakçısı və bir sıra hallarda təş­kilatçılarından biri olmuşdur. 1977-ci ildə onun təşəbbüsü ilə Bakıda ilk dəfə olaraq Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdir. Dünya şöhrətli alimlərin iştirak etdiyi bu mötəbər tədbir Azər­baycan elminin inkişafı naminə nüfuz­lu elmi mərkəzlərlə birgə tədqiqatların aparılması, peşəkar kadrların hazırlan­ması üçün böyük imkanlar yaratmışdır.

Zərifə xanım Əliyeva respublika “Bilik” Cəmiyyəti İdarə Heyətinin, SSRİ Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, həmçinin Moskvada çıxan “Oftalmologiya xəbərləri” (“Вестник офтальмологии”) jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Bütün bunlar Zərifə xanımın zəngin potensialının ic­timai fəaliyyət sahəsində parlaq təza­hürləri idi. 

Zərifə Əliyeva ulu öndərin ən sədaqətli dostu və etibarlı sirdaşı idi

Tale Zərifə xanıma başqa bir yüksək missiyanı da həvalə etmişdi. O, müasir müstəqil Azərbaycanın qurucusu, dahi şəxsiyyət, nəhəng siyasətçi Heydər Əliyevin həyat yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı idi. 

Uzun illər Azərbaycanın təhlükə­sizlik orqanlarında işlədikdən, 1964-cü ildən respublika Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci il­dən isə bu qurumun sədri vəzifələrində çalışdıqdan sonra ulu öndərin respubli­kaya ilk dəfə rəhbərlik etməyə başladığı 1960-cı illərin sonlarını xalqımız yaxşı xatırlayır. O dövrdə respublikanı ictimai, siyasi, sosial-iqtisadi və mənəvi böhran bürümüşdü. Üstəlik, respublikada rüş­vətxorluq və korrupsiya geniş miqyas almışdı. Tənəzzülün qarşısını almaq, quruculuq proseslərinə geniş vüsət vermək üçün həyata keçirilən işlərdən əlavə, Heydər Əliyev keçmiş SSRİ mə­kanında ilk dəfə olaraq neqativ hallara qarşı məqsədyönlü və barışmaz müba­rizəyə başlamışdı. Vəzifə səlahiyyətlə­rindən sui-istifadə edənlərə, xalq malını mənimsəyənlərə güzəşt edilmirdi. Təbi­idir ki, narazı qalanlar da az deyildi. On­lar respublikada həyata keçirilən dərin islahatlara müxtəlif yollarla mane olma­ğa çalışırdılar. 

Bütün bunlara baxmayaraq, gö­rülən ardıcıl tədbirlər nəticəsində döv­lət və cəmiyyət həyatında əsaslı dəyi­şikliklər baş verdi. Sovet İttifaqının ən geridə qalan respublikalarından biri olan Azərbaycan tənəzzüldən çıxaraq yüksəliş yoluna qədəm qoydu. 

1982-ci ildən etibarən ulu öndər Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bü­rosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini olaraq, çox­saylı digər məsələlər ilə yanaşı, sovet dövlətinin son dərəcə önəmli sahələri üçün məsuliyyət daşıyırdı. Moskva­da hakimiyyətin ən yüksək zirvəsində olan bu böyük dövlət xadimi öhdəsinə düşən vəzifələri uğurla yerinə yetirmək üçün həddindən artıq gərgin bir şərait­də çalışmalı olurdu. 

Xoşbəxtlikdən, bu cür ağır iş pro­sesində Heydər Əliyevin bir dayağı da ailəsindən aldığı mənəvi dəstək idi. Sonralar, 1995-ci ildə ulu öndər Zərifə Əliyevanın abidəsinin açılışı zamanı ömür-gün yoldaşının onun həyatında oynadığı rol haqqında belə demişdi: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə ça­lışmağımda, hesab edirəm ki, ailə və­ziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mü­hit yaratdığına görə mən xoşbəxt olmu­şam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlə­rinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sə­daqətlə, çox böyük məharətlə yerinə yetirib”.

Zaman bizi Zərifə Əliyeva kimi bö­yük şəxsiyyətlərdən uzaqlaşdırdıqca biz onların dəyərini daha dərindən dərk edirik. Zərifə xanım zəngin elmi-pe­daqoji fəaliyyəti ilə adını elm və pe­daqogika tariximizə qızıl hərflərlə yaz­mış böyük alim və müəllim, xeyirxah əməlləri ilə könülləri sevindirmiş nurlu insan, eyni zamanda, müasir Azərbay­canın qurucusu Heydər Əliyevin ömür-gün yoldaşı olmuş şərəfli Azərbaycan qadını və daim Azərbaycan sevgisi ilə yaşayan iki övlad böyütmüş, Vətəni­mizə Qarabağın və Şərqi Zəngəzurun xilaskarı İlham Əliyev kimi uzaqgörən rəhbər bəxş etmiş bir ana olaraq xalqı­mızın qəlbində özünə əbədi abidə ucaltmışdır. 

Düşünürəm ki, Azərbaycan Res­publikasının Prezidenti cənab İlham Əliyevin Zərifə xanım haqqında söy­lədiyi sözlər bu böyük insanla bağlı keçirdiyimiz duyğuları dəqiq ifadə edir: “Zərifə xanımın nurlu obrazı həmişə bizim ürəyimizdədir. Onu tanıyanlar və tanımayanlar, haqqında kitablar­da, məqalələrdə oxuyanlar da, hesab edirəm ki, onun nurlu obrazını daim öz ürəyində saxlayır. Zərifə xanım böyük həkim, böyük alim, böyük insan idi. Onun əziz xatirəsi onu tanıyanların qəl­bində daim yaşayacaqdır”.

Bu gün ulu öndər Heydər Əliyevin başladığı böyük quruculuq işlərinin Pre­zident İlham Əliyev tərəfindən zamanın çağırışlarına uyğun olaraq yaradıcı surətdə davam etdirilməsi nəticəsində Azərbaycan geniş bir bölgədə söz sa­hibi olmuş və dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevrilmişdir. Zə­rifə xanımın qəlbinin bütün hərarətini verdiyi ailə ocağı bu gün də gur yanır, onun şöləsi bütün Azərbaycana yayı­lıb. Möhtərəm Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xa­nım Əliyevanın qoruduqları bu ocağın nuru vətənimizin və xalqımızın xoşbəxt gələcəyinə gedən yolu aydınladır.

 

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin sədri



Sosial həyat