Vətən sevdalı dahi

post-img

Ən böyük şəxsiyyət özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlığının və xoş­bəxtliyinin qorunması yolunda hə­yatını verən insandır.

Heydər ƏLİYEV

Sevincin də – kədərin də, varlığın da – yoxlu­ğun da öz dili, öz rəngi var. Onun danışdığı dilin də, yaşadığı ömrün də, varlığının – yox­luğunun da bir rəngi var idi, - Vətən rəngi! Elə “Fəxr edirəm ki, mən Azərbaycanlıyam!” ifadəsindəki kimi, – tam və bütöv Vətən!

Heydər Əliyevin xalqımızın, Azərbaycanımızın taleyindəki cahanşümul fəaliyyətini zaman tarixin unudulmaz səhifələrinə çevirib. Əsrlər keçsə də tarixin belə unudulmaz günləri qədirbilən xalqımız tərəfindən öz xilaskarı anıldıqca minnətdarlıqla xa­tırlanacaq...

Ömrün elə unudulmaz hadisələri olur ki, insan onu yalnız özününkü hesab edir. O məqamların sevincini, fərəhini, qürurunu başqaları ilə bölüşməyə, sanki, “xəsislik” edir, elə bil xərcləmək istəmir, çox vaxt onları məhz öz qəlbində qoru­yub yaşadır.

Ulu öndərimizlə o qədər də çox ol­mayan, ancaq mənim üçün hər biri bir insan ömrünə bəs edəcək qədər dəyərli, şəxsən ünsiyyətdə olduğum məqamlar yaddaş kitabımın əbədi səhifələridir... Bax, elə bu qayə ilə də Heydər Əliyevlə bağlı neçə-neçə xatirəni ən müqəddəs əmanət kimi qəlbimdə, yaddaşımda ya­şadıram. Şübhəsiz ki, nə vaxtsa həmin xatirələrdən daha geniş söz açacağam, demişdim. Məhz bu gün onlardan danı­şacağam. 

...1998-ci il. O vaxt Lerik rayon İcra Hakimiyyətinin başçısı idim. Həmin ilin yay ayları, iyulun ikinci həftəsi, daha dəqiq, ayın doqquzu idi. İlin-ayın bu vədələrində havalar, adətən, isti keçir. Bəzən yer-göy od tutub yanır. Ancaq o gün hava sakit idi, günün istisi adamı yandırmırdı. Günəş aydın səmadan bir qədər tutqun, qaşqabaqla boylanırdı. Günortadan xeyli keçmişdi. Dövlət baş­çısının fərmanına əsasən torpaq islaha­tı ilə bağlı yerli əhali ilə görüşmək, icra hakimiyyətinin başçısı kimi lazımi izahat işləri aparmaq üçün Muryo kəndinə get­mişdim. 

Yerli sakinlər kəndin ortasını kəsib keçən maşın yolunun alt tərəfində, kiçik meydançada toplaşmışdılar. Yaxınlaşıb camaat ilə salamlaşdım. Əvvəlcədən ra­yon rəhbəri kimi mənim üçün qoyulmuş stolun başına keçib toplaşanlardan da ayaq üstə durmayıb əyləşmələrini xahiş etdim. Toplaşanlara bir də göz gəzdirdim. Onların arasında ilk əvvəl nəzərlərim hələ keçmiş sovetlər dönəmində, kolxoz-sovxoz zamanında yerli təsərrüfatda üzümçülük briqadiri işləyən vaxtlardan yaxşı tanıdığım Sətulla kişiyə sataşdı. Bu yaşlı kişiyə xüsusi ehtiram göstərmə­yi lazım bildim: “Sətulla kişi, irəli gəl, bir görüşək” – dedim. 

Sətulla kişi adamların arasından çıxıb mənə tərəf bir neçə addım irəli yeridi. Mən də yerimdən qalxdım. Sağ əlimi görüşmək üçün kişiyə tərəf uzat­dım, sol əlimi də qaldıraraq səmimiyyət əlaməti kimi ağsaqqalın çiyninə qoymaq istədim. Nə uzatdığım sağ əlim Sətulla kişinin mənə uzanan əlinə çatdı, nə də yuxarı qaldırdığım sol qolum kişinin çiy­ninə. Elə bildim ki, kişi qabağa gəlmək əvəzinə, geriyə yeriyir. Yox, deyəsən, elə mən özüm də səntirləyirdim. Yerin altından, torpaqdan bir uğultu, səs gəldi. Olduğumuz ərazidə bir neçə yerdə bir­dən-birə toz burulğanı qalxdı. Hər şey ani, saniyələr, dəqiqələr içində baş verdi. 

Gözlərimin önündə torpaq, kənd-kəsək, dalğalandı. Nəzərlərim ilk əvvəl kəndin evlərinə sataşdı, evlər nənni kimi yellənir, hələ ki, daş-divar uçub dağılmır­dı. Axır ki, uğultu kəsildi, toz burulğanı da ötüb keçdi. Bayaqdan bəri “Ya Al­lah, özün kömək ol”, – deyən, hay-həşir salıb əllərini göyə qaldıran camaat da susub durdu. ”Zəlzələ oldu” – deyərək beş-altı addım aralıda, yolun kənarında hazır dayanmış maşınıma tərəf yeridim. Toplaşanlar karıxıb qalmışdı. Rayonun digər ərazilərində baş verənlərlə bağ­lı narahat-nigaran olub maşına əyləşib tələsik yola düşdüm. Rayon mərkəzinə qayıdarkən yol boyu ətrafa, yolüstü kəndlərdəki evlərə, tikililərə baxır, dağın­tı olub-olmadığını gözəyarı dəqiqləşdirir, Lerikə, mərkəzə tələsirdim... 

Açığını deyim ki, o zaman, 90-cı il­lərin əvvəllərində respublikamızın hər yerində olduğu kimi, çalışdığım Lerik ra­yonunda da gün-güzəran çətinləşmişdi. İnsanların çoxu kasıbçılıq, ehtyac içində yaşayırdı. Ümummilli liderimizin xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən qa­yıdışından sonra adamların bənizindəki solğunluq da yenicə sovuşur, soyumuş təndirlər indi-indi qızırdı ki, bir yandan da bu “zəlzələ”, təbiətin fəlakəti... 

1998-ci ilin iyul ayının 9-da Talış dağ­larında 6,5 bal gücündə baş verən bu zəlzələ ölkəmizin cənub bölgəsinə xeyli ziyan vurmuşdu. Lerikin bəzi kəndlərin­də yaşayış evləri tamam dağılmışdı. Qə­zalı vəziyyətə düşən evlər də çox idi. Bu və ya digər dərəcədə zərər çəkməyən, xəsarət almayan yaşayış məntəqəsi və ya tikinti isə, demək olar ki, yox idi. Xoşbəxtlikdən zəlzələ günortadan keç­miş, adamlar həyət-bacada, iş-gücdə olan vaxtda baş vermişdi. Bəlkə də elə bu səbəbdən insanlardan ağır xəsarət alan, sağlamlıqları ilə bağlı təhlükəli hal, çox ciddi zərər olmamışdı. Bir də Lerik dağlarının cavanlığı dada çatmışdı. Əs­lində zəlzələnin episentri Lerik rayonu idi. Azərbaycan Milli Elmlər Akademiya­sı episentrdə təkanların 12 ballıq Rixter cədvəli üzrə 7 bal gücündə olduğunu qeydə almışdı. Bu dağlar hələ cavan və yerlərində möhkəmdirlər. İnkişaf dövrü­nü yaşayırlar. Başqa coğrafi ərazidə bu gücdə zəlzələdə salamatçılığa gümanın azlığı bir yana, heç ümid etmək də boş xəyal idı. Lerik dağları isə dözdü...

Əbədiyaşar Prezidentimiz Heydər Əliyevin tapşırığna əsasən, o vaxt pay­taxtdan rayona Baş nazirin müavini, Fövqəladə Hallar üzrə hökumət komis­siyasının sədri Abid Şərifov, Komissi­ya sədrinin müavini, Meliorasiya və Su təsərrüfatı komitəsinin sədri Əhməd Əh­mədzadə və digər rəhbər vəzifəli şəxslər gəldilər və zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün rayon təşkilatları ilə bir­gə işə başladılar. 

Zəlzələdən iki gün keçmişdi. Ötən iki gərgin gündə hələ çatdırıb baş çəkə bilmədiyim digər kəndlərdə əhali ilə gö­rüşmək, vəziyyətlə yerindəcə tanış olub işlərin gedişi ilə maraqlanmaq üçün ikin­ci mərtəbədəki iş otağımdan çıxıb birinci mərtəbəyə enmişdim ki, İcra Hakimiy­yətinin ümumi şöbəsinin müdiri Təhməz Əliyev hövlnak arxadan özünü mənə çatdırdı: 

– İndicə Prezident Aparatından zəng vurublar, cənab Prezident sizinlə danışa­caq! – dedi. Bu xəbərdən özünü elə itir­mişdi ki, heç dayanıb məni gözləmədən gəldiyi kimi də geri döndü. 

Düzünü deyim ki, elə mən özüm də Təhməz müəllim kimi həyəcanla yuxarı mərtəbəyə qalxdım. Kabinetimə keçib telefonun dəstəyini qaldırdım. Danışıq məntəqəsindəki telefonçu qız məni dər­hal Prezident Aparatının nümayəndəsi ilə xətdə birləşdirdi. 

Qəbul otağından:

– İndi cənab Prezident sizinlə danı­şacaq, – dedilər. 

Həyəcanlı idim, bəlkə, səsim də titrə­yirdi. Dəstəyi qaldırıb:

– Bəli, cənab Prezident, – deyib salam vermək istəyirdim ki, ümummil­li liderimiz məni qabaqladı. Telefonun o başından ulu öndərin doğma, şaqraq səsi gəldi. Mənimlə salamlaşıb sonra da təmkinlə mövcud vəziyyəti soruşub öy­rənməyə başladı. İlk əvvəl adamları xə­bər aldı. İnsan tələfatı yoxdur ki? Çoxmu zərər dəyib? 

Prezidentimizin ahəstə, doğma sə­sindən özümü ələ alıb, necə deyərlər, to­parlanmışdım. Hər sualdan sonra susub azca fasilə verir, bununla da mənə fikrimi dəqiqləşdirib arxayın, sərbəst danışma­ğa şərait, imkan yaradırdı. 

Heydər Əliyevin öz kəlamıdır: “Gərək nəbzin vətənin nəbzi ilə vursun!” Həmişə qəlbi doğma Azərbaycanın qəlbi ilə bir vuran ulu öndər onun salamlarını bütün leriklilərə çatdırmağı, dövlətin onlara da­yaq duracağını, lazımi yardım edəcəyini bildirməyimi tapşırdı. 

Telefon danışığı bitdi. Quş kimi ye­rimdən qalxıb zəlzələdən keçən bu iki gündə hələ də özünə gələ bilməyən adamlara bu xəbəri – ölkə başçısının şəxsən özü zəng edib vəziyyətlə bir daha maraqlandığını, həmişəki kimi çə­tin anlarda yenə də hər bir ölkə vətənda­şı ilə birgə olduğunu, dayaq durduğunu, onlara salam göndərdiyini çatdırmağa tələsdim. 

Xəbər bir anda rayona yayıldı, ən ucqar kəndlərəcən gedib çatdı. Adamla­rın üzündəki xof, narahatçılıq, nigarançı­lıq yaz dumanı kimi əriyib getdi.

Ulu öndərin bu telefon zəngi Lerik­də zəlzələnin ağrısına-acısına məlhəm oldu. Telefon zənginin sevinci kədəri beləcə üstələdi. Fəlakətdə zərər çəkmiş, zəlzələnin qorxusu, təhlükəsi hələ qəlb­lərindən getməmiş leriklilərin ürəyində sevinc titrəyişi, ümid oyatdı...

Respublika hökumətinin müvafiq komissiyası zərər çəkmiş ailələrə dəy­miş ziyana görə kompensasiya ödədi, qeyri-hökumət qurumlarından, ayrı-ayrı təşkilatlardan və digər rayonlardan da yardım göstərildi. Abadlıq, bərpa işləri yeni vüsət aldı. 

Ulu öndər üçün Azərbaycanın hər bir guşəsi doğma idi. Təkcə respublikada birinci şəxs olduğu illərdə deyil, əvvəlki vaxtlarda da ulu öndərin bölgələrlə, o cümlədən, Lerik rayonu ilə də işgüzar əlaqələri olub. Lerikli Xanış kişini qəbul edərkən, hələ 60-cı illərdə Lerikdə olma­sını və münasib şərait olmadığından elə orda, iş otağında gecələdiyini xatırlayır­dı. 

Ulu öndərin bu xatirəsi, elə bilirəm ki, 60-cı illərin Azərbaycanı ilə ulu öndərin rəhbərliyi altında olan ölkəmizdə regi­onların nə qədər sürətlə inkişaf etdiyinin bariz göstəricisidir. İndi Lerik kimi ucqar bir rayonda yüzlərlə turistlik tutumu olan istirahət mərkəzləri var. Vaxtı ilə ulu ön­dəri darısqal bir otaqda qarşılayan rayo­nun indi gen-geniş neçə-neçə istirahət mərkəzi mövcuddur. 

“Bilirsiniz, Azərbaycanın dövlət baş­çısı, prezident kimi, mənə yaxşı işdən savayı, heç bir mükafat vermək, xoş söz demək, lazım deyildir. Bunların heç biri mənə lazım deyildir. Yaxşı işləyin, yaxşı iş görün” 

– Yaxşı işi dəyərləndirən, qiymətlən­dirib tabeliyindəkiləri daha da ruhlandı­ran, həvəsləndirən ulu öndərin özü isə çox təvazökar şəxsiyyət, qаyğıkeş rəh­bər idi. Onun ən böyük mükafatı xalqın inamı, etimadı idi.

2002-ci ilin iyun ayının 21-də Pre­zident Aparatına dəvət edilmişdim. O zaman Lerik Rayon İcra Hakimiyyətinin başçısı idim. Əlaqədar şöbədə rayonda işlərin gedişi barədə müvafiq məlumat verəndən sonra mənə hazırlıqlı olmağı, yaxın vaxtlarda Aran rayonlarından bi­rinə icra hakimiyyətinin başçısı (əlbəttə, rayonun adını da konkret dedilər) təyin olunacağımın nəzərdə tutulduğunu xə­bər verdilər. Elə həmin gün, günün ikinci yarısında geriyə, Lerikə yola düşdüm. Yarıyolda Prezident Aparatından zəng elədilər ki, növbəti gün saat 11:00-da aparatda olmalıyam və cənab Prezident məni qəbul edəcək. 

Şübhəsiz, həyəcanlı idim, ancaq bu sevinc həyəcanı idi. Heydər Əliyev gö­rüşəcək və əvvəlcədən məlumatlandırıl­dığım kimi yenidən başqa bir rayona icra hakimiyyəti başçısı təyin olunacaqdım.

Ertəsi gün deyilən vaxtda Prezident Aparatında ulu öndər məni qəbul etdi. Aparatdan iki məsul şəxs də bu görüşdə iştirak edirdi.

“Xanış kişi necədir?” – Prezident sə­mimiyyətlə soruşdu. 

Cavab verdim ki, yaxşıdır.

Heydər Əliyev: “O, mənim dostum­dur”, – dedi.

Mən isə “Əməksevər, zəhmətkeş adamdır, ona – Xanış kişiyə diqqətiniz elə bizim uzunömürlülər diyarı Lerikə, rayonun bütün sakinlərinə göstərdiyiniz diqqət və etimaddır, çox şad oldum, cə­nab Prezident” – dedim.

Yeri gəlmişkən, ulu öndərlə dostluğu o zaman bütün ölkənin gündəmində olan Xanış kişi sadəlövh göründüyü qədər də cəsarətli, dərin və möhkəm adam idi. Çox zəhmətkeş idi, yaxşı təsərrüfatı var idi. Həm də əliaçıq idi. Şahidi olmuşam ki, ehtiyacı olub ağız açana “yoxdur” deməzdi. Hər il Qurban bayramında yüz qoyun kəsib Bakıya aparırdı. Ulu öndər ona diqqət göstərir, qəbul edir, görüşür­dü. Heydər Əliyevlə görüşü Xanış kişini qanadlandırdığı kimi leriklilərin də sevin­cinə səbəb olurdu. 

Ulu öndərin ideyalarının layiqli da­vamçısı, prezident İlham Əliyev də o ənənəni daim davam etdirir. Bütün ağ­saqqallara, ağbirçəklərə ehtiram göstə­rir. 2005-ci ildə Xanış kişinin vəfatı da diqqətindən yayınmadı. Cənab prezident hətta hüzr məclisinin yüksək səviyyədə keçirilməsinə də xüsusi əhəmiyyət verdi.

***

...Həmin o qəbulda Heydər Əliyev masanın ətrafında mənimlə üz-üzə, qar­şı tərəfdə oturmuş məsul vəzifə sahiblə­rinə işarə edərək: 

– Onlar səni Biləsuvar rayonuna baş­çı təyin etməyimi təklif ediblər. 

Sözünə azca ara verib məni diqqətlə süzdü:

– O rayonda işləmək asandır. Mən səni Goranboy rayonuna göndərirəm. Orada vəziyyət yaxşı deyil. İnsanların dövlətə inamı itib, sən yerli əhaliyə o ina­mı qaytarmalısan, – dedi. 

Əlbəttə, Prezidentin bu qərarı mənim üçün, eləcə də haqqımda müsbət fikir söyləyib tövsiyə edənlər üçün də gözlə­nilməz idi. 

Ulu öndər sonra əlavə etdi: “Orada qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbə salınıb, Aşağı Ağcakənd qəsə­bəsi. Mən o qəsəbənin açılışına gələ­cəyəm, işə başla və qəsəbənin açılışına hazırlaş!” 

Goranboyun Gülüstan ərazisinin Aşağı Ağcakənddəki (keçmiş Şaumyan kənd rayonunun mərkəzi) bu müasir yaşayış məntəqəsi o vaxt qaçqınlar və məcburi köçkünlər üçün müvafiq layihə əsasında tikilən ilk qəsəbə idi. Birinci mərhələdə qəsəbəyə Xocalıdan və Göy­çə mahalından didərgin düşən 246 ailə, ardınca daha 250 ailə köçürüldü. Qəsə­bədə orta məktəb, xəstəxana istifadəyə verildi.

Yeri gəlmişkən, deməliyəm ki, vətənpərvər və cəsur goranboylular dox­sanıncı illərin o təlatümlü zamanlarında erməni işğalçılarına qarşı mərdliklə dö­yüşmüş, bir qarış belə torpaqdan keç­məmişlər. 

Ulu öndər goranboylularla görüşdə onların bu fədakarlıqlarını qeyd edərək “O illərdə Azərbaycanın ərazi bütövlüyü­nün qorunmasında döyüşlərdə iştirak et­diyinizə və torpaqlarımızı qoruduğunuza görə, Goranboy rayonu ərazisindən bir parca da torpağın düşmənin əlinə keç­məsinə imkan vermədiyinizə görə, mən sizə dərin təşəkkürümü bildirirəm” – dedi. 

Dövlət başçısı növbəti dəfə 2002-ci ilin sentyabr ayının 13-də Goranboya gəldi. O gün həyatımın ən məsuliyyət­li və əlamətdar günü kimi yaddaşımda əbədiləşib. Goranboylular isə, şübhə etmirəm ki, o günü xatırladıqca sevinc hissini təkrar yaşayırlar.

Heydər Əliyevi, demək olar ki, bütün rayon əhalisi qarşılayırdı. Şəhərin (rayon mərkəzinin) girişindən icra hakimiyyətinə qədər olan 5 km yol boyu məsafədə in­sanlar küçələrdə, yol kənarlarında topla­şaraq qucaqlarında gül-çiçək, əllərində müstəqil Azərbaycan dövlətinin qurucu­suna inam və etibarlarının ifadəsi olan şüarlar, çox böyük qələbəliklə, coşqu və musiqi ilə rəhbəri sаlаmlаyırdılаr. Ma­raqlı məqamlardan biri də rayonun Xoylu kənd cаmааtının ulu öndəri qarşılamağı olmuşdu. Min nəfərə qədər Xoylu saki­ni kənddən Bakı–Gəncə yoluna çıxaraq (kənd 5 km yoldan kənardadır), əllərində Heydər Əliyevin portretləri və üçrəngli bayraqlarımız, gül-çiçəklə maşın karva­nının qarşısına çıxmışdılar. 

Hər bir ölkə vətəndaşına tükənməz sevgi və ehtiram göstərməyi ilə nümunə olan Heydər Əliyev maşın karvanını da­yandırdı, Xoylu kəndi ərazisində аvto­mobilindən düşərək, camaatla səmimi görüşdü, onlara işlərində uğurlar arzula­dı. Kənd sakinləri dövlətimizin başçısına minnətdarlıq etdilər, ölkəmizdə yaratdığı ictimai-siyasi sabitliyi və apardığı siyasə­ti daim dəstəklədiklərini, onunla fəxr et­diklərini söylədilər.

Rayon rəhbərliyindən kimsənin qa­tılmadığı o görüş Prezidentdə xoş təəs­sürat yaratmışdı, əhval-ruhiyyəsi nikbin, yüksək idi: O, həmin gün bir neçə dəfə xoylularla görüşündən məmnunluqla söz açdı. “Mən adamların üzündə sevinc, təbəssüm gördüm, hətta geyimləri də fərqli idi, səliqəli və gözəl geyinmişdilər” deyirdi.

Rayon İcra Hakimiyyətinin qarşısın­da toplaşan minlərlə adam ulu öndə­ri izdihamla, böyük sevgi və coşqu ilə qarşıladılar. Prezident ağsaqqallarla, ziyalılarla görüşdü. İcra Hakimiyyətinin binasında geniş foyedə “Heydər Əliyev Goranboyda 1978-1982” fotoguşəsinə tamaşa etdi. Ulu öndər o guşə ilə çox maraqlanırdı. Fotoşəkillər diqqətini o qədər cəlb elədi ki, gözündən gülürdü. Mənə tərəf dönüb: 

– Bunları hardan tapmısınız – deyə xəbər aldı.

Mən:

– Cənab prezident, bu rayona səfər­lərinizlə bağlı şəkilləriniz hər bir goran­boylunun evində var. Sakinlər sevə-sevə saxlayırlar və biz də elə onlardan topla­yıb bəzilərini buraya yerləşdirmişik, deyə məlumat verdim. 

Dövlət başçısı o illəri bir daha xatır­ladı. Xalq məhəbbətini əks etdirən bu şəkillərin saxlanmasından məmnun ol­duğunu vurğuladı. Heydər Əliyev insan­larla rəftarında olduğu kimi məişətində, geyim-kecimində, yerişində, səliqə-səh­manında da qeyri-adi bir nümunə, örnək idi.

Orasını da deyim ki, həmin o gün ulu öndərin hər addımını, o səfərinin hər anını diqqətlə müşahidə edir, yаddаşımа köçürürdüm. O mənim otağımda otur­muşdu.

Birdən köməkçisi çölə çıxdı: 

– Cənab Prezident sizi gözləyir, içəri keçin, – dedi. 

Mən ulu öndərin yanına girəndə Pre­zidenti müşayiət edən (o zamanlar Dölət Neft Şirkətinin vitse - prezidenti, deputat olan) İlham Əliyev orаdаn çıxdı. Kаbinet­də cənab Prezidentlə ikimiz qaldıq.

– Əyləş, - deyə stulu göstərdi. Mən Heydər Əliyevlə üzbəüz deyil, bir stul kə­narda oturmaq istədim. O isə “yanlışımı” düzəldib: - Burada otur, - deyə üzbəüz stulu göstərdi. Suallar verdi, fikir soruş­du. Arada elə mülahizələr söylədi ki, hə­mişəki kimi – heyrətlənməmək mümkün deyildi. 

Mənimlə söhbətimizə son verib aya­ğa qalxdı və biz birbaşa iclas salonuna yollandıq. 

Ölkə rəhbərinin iştirakı ilə geniş mü­şavirə keçirildi. Müşavirədə ulu öndər böyük nitq söylədi, Goranboya çoxdan gəlmək istədiyini, lakin rayonların və­ziyyətinin buna imkan vermədiyini qeyd edib: - “İki ay bundan qabaq Sizə yeni İcra Hakimiyyəti başçısı təyin etdik və bu iki ay müddətində, hiss edirəm ki, bura­da çox dəyişikliklər baş verib və işlər çox yaxşı tərəfə yönəlibdir” – dedi. 

Daha sonra rayon mərkəzindən Ağ­cakəndə, qəsəbənin açılışına gəldik. Ağcakənddə də sakinlər – Göyçə ma­halından yeni tikilən evlərə köçürülmüş insanlar Qəsəbə meydanında ölkə baş­çısını coşqu ilə qarşıladılar. Meydana toplaşanlarla salamlaşandan sonra ulu öndər yeni məskunlaşan ailələrdən biri­nin evinə baş çəkdi. Sonrа oradan yeni tikilmiş və artıq fəaliyyətə başlamış mək­təbə gəldi.

Nə gizlədim, Gəncədən xalça ma­ğazalarının birindən müvəqqəti istifadə üçün alıb gətirdiyimiz və Prezidentin gəlişinə ayaqları altına saldığımız xalça­nın üstü ilə addımlayan Heydər Əliyev (Qaçqınkomun sədri Əli Həsənov və mən onun ardınca gəlirdik) çiyni üstdən azacıq dönüb səmimiyyət və yumor qa­rışıq ifadə ilə: 

– Bunlar burda qalacaq?- deyə so­ruşdu.

Mən Əli müəllimi qabaqlayıb:

– Əmin olun, Cənab Prezident,burda nə görürsünüzsə burada da qala­caq, - dedim...

İndi o vaxtdan illər keçib. Xatirələri­miz isə bitib-tükənmək bilmir.

Ulu öndərin millətə atalıq qayğısı, ölkə başçısının Azərbaycan xalqına mi­silsiz xidmətləri ilə bağlı nə qədər danı­şılası, deyiləsi söhbətlər var. Əslində isə, biz elə hər birimiz, bütün Azərbaycan vətəndaşları o görülən işlərin içərisində­yik. O işlər gündəlik güzəranımız, məişə­timiz, həyat tərzimizdir. Sabaha inamımız isə daha böyükdür. Çünki qüdrətli, müa­sir Azərbaycanın təməl prinsiplərində, həyatında, fəaliyyətində bəşəri dəyərləri ehtiva edən Heydər Əliyevin irsi yaşa­yır. O möhkəm təməl ölkə başçısı İlhamƏliyevin parlaq zəkası ilə gələcəyə da­şınır.

 

Novruz NƏCƏFOĞLU,
yazıçı-publisist Siyəzən RİH başçısı

Sosial həyat