Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim heyəti Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində görkəmli ədibin Gəncə şəhərində yerləşən ev-muzeyini ziyarət edib.
BDU-nun rektoru Elçin Babayev görkəmli alim, pedaqoq Mir Cəlal Paşayevin xatirəsini özündə yaşadan bu muzeyi ziyarət etməyin mənəvi borc olduğunu bildirib.
“BDU-nun nüfuzlu professoru, sevimli müəllimi kimi xatirələrdə daim yaşayan Mir Cəlal müəllim həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını, tələbələrini sevən, qoruyan şəxsiyyət olub. Onun bu kəlamı indi də dillər əzbəridir: "Həyatımda yaratdığım ən böyük əsər ailəmdir". Bu, Mir Cəlal müəllimin ailəsinə, övladlarına olan məhəbbətinin təzahürü idi”, - deyə o əlavə edib.
ADA Universitetinin rektoru Hafiz Paşayev Mir Cəlal irsinin öyrənilməsi və təbliği istiqamətində BDU-nun təşəbbüsünü alqışladığını, tələbələrin də bu işdə yaxından iştirak etdiyini məmnunluqla bildirib. Hafiz Paşayev qeyd edib ki, Mir Cəlalın ailəsi həm də Bakı Dövlət Universiteti, buradakı minlərlə tələbəsi idi.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Mir Cəlal Paşayevin ədəbi irsinin bütün nəsillər üçün əsl məktəb olduğunu vurğulayıb.
Daha sonra BDU-nun tələbələri arasında böyük yazıçı və alimin 115 illik yubileyi münasibətilə elan edilmiş qısa hekayə müsabiqəsinin nəticələri elan olunub.
BDU-nun nümayəndə heyəti Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə də olub. “Bestcomp” şirkətinin dəstəyi ilə alınan kompüter dəsti təhsil ocağına hədiyyə edilib.
***
Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Qazax Müəllimlər Seminariyasında da görüş keçirilib.
Görüşdə seminariyanın baş məsləhətçisi Yeganə Göyüşlü bildirib ki, ADA Universiteti 2021-ci ilin may ayında "Bir müəllimin manifesti" adlı layihə təşəbbüsü ilə çıxış edərək, milli təhsil sistemimizin başlanğıcı olan Qazax Müəllimlər Seminariyasının təlim-tədris ənənələrini yaşatmaq üçün onun tarixi binasının bərpasını və təhsil missiyasını yerinə yetirib.
BDU-nun rektoru Elçin Babayev seminariyanın müasir görkəm almasında böyük rol oynadığına görə ADA Universitetinin rektoru, professor Hafiz Paşayevə minnətdarlığını bildirib. Rektor diqqətə çatdırıb ki, professor Hafiz Paşayevin rəhbərliyi ilə Qazax Müəllimlər Seminariyasının tarixi binasının bərpası, 1918-1920-ci illərdə çap edilmiş “Azərbaycan” qəzeti və XIX əsrin axırlarında işıq üzü görmüş iki hissədən ibarət “Vətən dili” dərsliyinin latın qrafikasında nəşrləri, “Bir müəllimin manifesti” kimi dəyərli layihələr milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xidmət edir. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Qazax Müəllimlər Seminariyası bu gün artıq müasir dövrün tələblərinə cavab verən təhsil mərkəzinə çevrilib.
ADA Universitetinin rektoru Hafiz Paşayev Qazax Müəllimlər Seminariyasının bərpasının Azərbaycan təhsilinin inkişafına xidmət edəcəyini bildirib və bu istiqamətdə BDU ilə birgə əməkdaşlıq layihələrinin keçirilə biləcəyini vurğulayıb.
Tədbirin sonunda BDU tələbələrinin ifasında Mir Cəlal Paşayevin “Müalicə” hekayəsindən səhnəcik və universitetin Mədəniyyət-yaradıcılıq Mərkəzinin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunub.