Qəmbər Hüseynlinin xatirəsi
Bir müddət əvvəl Gəncə sakinləri, ziyalılar şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramova müraciət edərək, görkəmli bəstəkar Qəmbər Hüseynlinin məzarının yaxınlığında uşaqlar üçün park salınmasını xahiş etmişdilər. Çox keçmədən şəhər rəhbərliyi tərəfindən müvafiq tədbirlər görülmüş, belə bir parkın salınması işlərinə başlanılmışdı.
Yeni parkın təntənəli açılış mərasimində şəhər icra hakimiyyətinin başçısı ilə bərabər Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, idarə, müəssisə və təşkilat rəhbərləri, musiqi kollektivləri və bəstəkarın ailə üzvləri də iştirak edirdilər. Qəmbər Hüseynlinin doğum günündə açılışı olan parkda bəstəkarın məzarüstü abidəsi ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb.
Daha sonra bura toplaşanlara görkəmli bəstəkarın həyat və yaradıcılığı barədə ətraflı məlumat verilərək bildirilib ki, 1916-cı il aprelin 16-da Gəncədə dünyaya göz açan Qəmbər Hüseynli sənət aləmində Azərbaycanı, o cümlədən Gəncəni ləyaqətlə təmsil etmiş, istedadı ilə hamının diqqətinicəlb edə bilmişdir. O, professional musiqi sənətimizin zənginləşməsinə töhfələr vermişdir. Elə təkcə “Cücələrim”lə bütün dünyada tanınan bəstəkarın digər çoxlu mahnı və romansları da olmuş, xalq tərəfindən sevilmişdir. Tədbirin davamında Gəncə Uşaq Evinin sakinləri Qəmbər Hüseynlinin mahnılarını səsləndirib, şeirlər oxuyublar.
Qeyd edək ki, yeni istifadəyə verilən parkda uşaqların əyləncəsi üçün müxtəlif attraksionlar quraşdırılmış, idman qurğuları, söhbətgah və oturacaqlar yerləşdirilmişdir.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
Gəncə