Vətən müharibəsindən ötən müddət ərzində azad olunmuş ərazilərdə müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində genişmiqyaslı işlər görülüb və bu, hazırda da davam etdirilir. Yağı tapdağından xilas olunan Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsi bu istiqamətdə yaddaqalan tarixi hadisələrdən biridir. Cari ilin sonuna qədər isə laçınlıların birinci qrupunun yerləşdirilməsi də planlaşdırılır.
Göründüyü kimi, Qarabağ və ətraf rayonların işğaldan azad olunmasından qısa müddət ötməsinə baxmayaraq, bu tarixi torpaqlarımızın dirçəldilməsi prosesi sürətlə davam etdirilir, quruculuq, təmir-bərpa layihələri yüksək səviyyədə həyata keçirilir. Belə yaşayış sahələrindən biri də Suqovuşan qəsəbəsidir. Burada görülən işlərlə yaxından tanış olmaq məqsədilə ərazidə olduq. Qeyd edim ki, qəsəbəyə gələn yol İkinci Qarabağ müharibəsindən sonra yenidən qurulub. Talış səfərini başa çatdırdıqdan on dəqiqə sonra artıq Suqovuşanda olmağımız bu magistralın nə qədər rahat olduğunu göstərir.
Məktəb, mənzil, məscid
2022-ci il martın 20-də dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Suqovuşana səfərləri çərçivəsində qəsəbədəki yararsız məktəb binasında olmuş, təhsil müəssisəsindəki vəziyyətlə maraqlanmışdılar. Prezident məktəb binasının əsaslı təmirinə başlanılması və işlərin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı tapşırıqlar vermişdi.
Ölkə rəhbərinin tapşırığından ötən bir il ərzində həmin məktəb binası yeni görkəmdə istifadəyə verilib. Bu tədris ocağında 12 sinif otağı var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin informatika kabineti, kitabxana, iki laboratoriya, 72 nəfərlik akt zalı və yeməkxana var. Məktəbdə mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol və açıq oyun meydançaları yaradılıb.
Qəsəbədə planlaşdırılan yeni yaşayış evlərinin tikintisinə də başlanılıb. Sahəsi 2 hektardan çox olan məhəllədə 25-i birotaqlı, 80-i ikiotaqlı, 75-i üçotaqlı, 10-u isə dördotaqlı olmaqla, ümumilikdə 190 mənzil buraya köçən sakinlərin istifadəsinə veriləcək. Məhəllədə, həmçinin futbol, idman və uşaq meydançaları, transformator yarımstansiyası və digər zəruri infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulur. Burada, həmçinin geniş yaşıllıq zolaqları salınacaq.
İşğaldan azad olunmuş ərazilərimizdə yeni məscidlər tikilir. Onlardan biri də Suqovuşan qəsəbəsində təməli qoyulan məsciddir. Ümumi ərazisi 0,6 hektar olan kompleksə məscid binası, köməkçi bina, dəstəmaz otağı və avtodayanacaq daxildir. İki mərtəbədən ibarət olacaq məscid binasının uzunluğu 16,8 metr, eni isə 11,2 metr təşkil edəcək.
Burada kişilər və qadınlar üçün ibadət zalı olacaq. Layihəyə əsasən, məsciddə eyni vaxtda 110 nəfərin ibadət etməsi üçün şərait yaradılacaq.
Su anbarı yenidən qurulur
Böyük strateji əhəmiyyəti olan Suqovuşan su anbarı ulu öndər Heydər Əliyevintəşəbbüsü ilə 1976-cı ildə inşa edilib. Əsas məqsəd Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonların su təminatını yaxşılaşdırmaq olub. İşğal dövründə ermənilər tərəfindən yay mövsümündə su kəsilib, qışda isə buraxılıb. Beləliklə, yayda kəndlilər, fermerlər susuz qalıb, soyuq aylarda isə su buraxılaraq qəsdən daşqınlar törədilib.
Suqovuşan qəsəbəsinin azad edilməsi ilə su anbarı da nəzarətimizə keçib. Otuz ildən sonra ilk dəfə olaraq Tərtər və digər rayonlara su verilib, suvarılmayan, yaxud az suvarılan 30 min hektar torpağın su təchizatı bu qəsəbənin azad edilməsi ilə bərpa olunub.
Yeri gəlmişkən, Vətən savaşından sonra Suqovuşan anbarında avarçəkənlərin təlim-məşq toplanışı və nümunəvi çıxışları olub. Suqovuşana səfəri zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təlim-məşqi yerində izləyiblər. Ümumiyyətlə, belə bir tədbirin Qarabağda keçirilməsi idmançılar üçün böyük bir stimuldur və bu, qəsəbənin gələcəkdə avarçəkmə üzrə mərkəzlərdən birinə çevrilməsindən xəbər verir.
Hazırda birinci Dövlət Proqramı çərçivəsində əsas infrastruktur obyektlərinin təmir-bərpa və yenidənqurma layihələri çərçivəsində Suqovuşan su anbarı və ondan çıxan magistral su kanalı əsaslı təmir olunur. Su anbarının divarlarına beton örtüyün vurulması, oradakı bütün avadanlıqların əsaslı təmiri həyata keçirilir, magistral kanalda zəruri işlər görülür. Eyni zamanda su anbarı boyunca ilkin turizm infrastruktur obyektləri yaradılır. Burada Turizm İnformasiya Bürosu inşa olunur, sahilboyu park salınır, avtodayanacaq tikilir.
Xatırladım ki, cari il martın 18-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olublar.
Təmir-bərpa işləri başa çatandan sonra anbar yenidən su ilə doldurulacaq. Oradan öz axını ilə suyun verilməsi isə ərazidə mövcud subartezian quyularının istifadəsinə tələbatın azalmasına və elektrik enerjisi sərfiyyatında qənaətin yaranmasına səbəb olacaq. Beləliklə, uzun illərdən bəri su təminatı çətin olan rayonlara suyun çatdırılması ilə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpasına təminat yaranacaq.
Turizmin sabahı
Suqovuşanda su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri ilə yanaşı, su anbarı boyunca turizm kompleksi obyektlərinin tikintisi həyata keçirilir. Turizm İnformasiya Bürosu inşa olunur, sahilboyu park salınır, oturacaqlar, söhbətgahlar quraşdırılır, ictimai iaşə obyekti yaradılır, avtodayanacaq tikilir.
Ərazinin dağ iqlimi, füsunkar, gözəl təbiət mənzərələri, tarixi abidələri, su anbarı, eləcə də Tərtər və Naftalandan qəsəbəyə gələn avtomobil yollarının yenidən qurulması Suqovuşanın tezliklə turizm məkanı kimi şöhrət qazanacağını şərtləndirir.
Qeyd edək ki, yol infrastrukturunun yenidən qurulması, Suqovuşanda turizm obyektlərinin tikilməsi bu coğrafiyada əlavə biznes sahələrinin yaradılmasına da öz müsbət təsirini göstərəcək, sahibkarların investisiya yatırması üçün əlverişli şərait yaradacaq.
Enerji təhlükəsizliyi
Düşməndən təmizlənən ərazilərin bərpası prosesinin mühüm tərkib hissələrindən biri də enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsdir. Elə bu məqsədlə də gücü 4,8 meqavat olan “Suqovuşan-1” və gücü 3 meqavat olan “Suqovuşan-2” kiçik su elektrik stansiyaları xüsusilə diqqətdə saxlanılır.
Vətən müharibəsi zamanı işğalçı hər iki stansiyanın yararlı ehtiyat hissələrini söküb daşıyıb, apara bilmədiklərini isə dağıdıb. Hər iki stansiya əsaslı şəkildə yenidən qurulub, o cümlədən onların idarəetmə mərkəzinin binaları və avadanlıqları, stansiyalararası elektrik veriliş xətti tam yenilənib.
Xatırladım ki, bu stansiyalar Tərtər elektrik yarımstansiyasından qidalanır. 110 kilovotluq yarımstansiyasından Suqovuşan qəsəbəsi və Talış kəndini elektrik enerjisi ilə təmin edən xəttin çəkilişi zamanı ilk dəfə olaraq izolyasiyalı kabeldən istifadə olunub. Bu, ənənəvi hava elektrik xətlərinə nisbətən daha təhlükəsiz və şəbəkələrin dayanıqlı işini təmin etmək üçün texniki baxımdan əlverişli innovativ həlldir.
Yeni kabel xətlərinin tətbiqi ilə yüksək gərginlik xətlərinin bilavasitə altında, yaxud yaxınlığında yerləşən yaşayış və əkin sahələrinin, həmçinin insanların fəaliyyət təhlükəsizliyi dəfələrlə artır, təbiət hadisələrinin elektrik veriliş xətlərinə təsiri isə aradan qalxır. İzolyasiya olunmuş yeni tip kabel xətlərinin istifadəsi enerji sisteminin dayanıqlılıq, etibarlılıq və səmərəlilik göstəricilərini beynəlxalq standartlara yaxınlaşdırmağa imkan verir. İzolyasiyalı kabel ölkəmizdə ilk dəfə Suqovuşanda tətbiq olunub.
Hazırda magistral kanala su verilmədiyindən “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyaları işini müvəqqəti dayandırıb. Suqovuşan su anbarında və magistral kanalda təmir-bərpa işləri başa çatdıqdan sonra onlar işğaldan azad olunmuş ərazilərin, xüsusilə Suqovuşan qəsəbəsi və Talış kəndinin elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq. Həmçinin burada istehsal olunan elektrik enerjisi paylayıcı şəbəkənin yeni çəkilən xətləri vasitəsilə digər istiqamətlərə də ötürüləcək.
“951” yüksəkliyi
Suqovuşan su anbarının sağ sahilində “951” yüksəkliyi yerləşir. İkinci Qarabağ müharibəsində ən ağır döyüşlərdən biri bu yüksəklik uğrunda gedib. Savaş vaxtı onun, eləcə də Gödəkburun dağının böyük strateji əhəmiyyəti var idi. Son dərəcə vacib olan bu yüksəklik Suqovuşana cənubdan, Tonaşenə qərbdən, Lüləsaza cənubdan, Dastagir kəndinə isə şimal-qərbdən vizual nəzarət etməyə imkan verirdi. O yüksəkliyin alınması ilə Tonaşen–Dastagir yolu nəzarətə götürüldü, düşmənin 7-ci alayının bu istiqamətdən təminat yolu bağlandı. Ağdərə istiqamətində uzanan dağ silsiləsinə nəzarət etməklə böyük üstünlük qazanıldı. Həmin ərazinin ordumuz tərəfindən tutulması Ağdərənin süqutu, bir sözlə, Qarabağın açarı idi. Düşmən əsas qüvvəsini o istiqamətə yığmış, yüksəkliyin qorunmasını xüsusi təyinatlılara tapşırmışdı. Lakin buna baxmayaraq, ağır döyüşlər nəticəsində yüksəkliyin bir hissəsi – “951” yüksəkliyi ordumuz tərəfindən azad edildi...
Bəli, abadlaşan Suqovuşan bizə həm də ona görə əzizdir ki, əvvəllər qəsəbənin müdafiəsində, sonra isə erməni işğalından azad edilməsində onlarla igidimiz mərdliklə döyüşərək həlak olub.
Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”nin bölgə müxbiri