Bakının şəhər qardaşı – Sarayevo

post-img

“Aprelin 13-də Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə Bosniya və Herseqovinanın Rəyasət Heyəti tərəfindən verilən rəsmi nahardan sonra Prezident İlham Əliyevə xizək hədiyyə edilib. Bildirilib ki, tamamilə əl işi olan bu xizəyin orijinalını 1984-cü ildə keçirilmiş Qış Olimpiya Oyunları zamanı bosniyalı idmançı istifadə edib. Bu hədiyyə məxsusi olaraq İlham Əliyev üçün hazırlanıb”. 
Bu rəsmi xəbər məni xəyalən ­1980-ci ildə bir günlük qonağı olduğum ­Sarayevo şəhərinə qaytardı. Prezident İlham ­Əliyevin Bosniya və Herseqovinaya səfəri zamanı dediyi kimi, 1972-ci ildə – hələ Sovet İttifaqı və Yuqoslaviyanın mövcudluğu dövründə Bakı və Sarayevo arasında qardaşlaşma sazişi imzalanmışdır. İndi bu qardaşlığın yarım əsrlik tarixi var, hazırda iki müstəqil dövlət olan dost ölkələr və onların paytaxtları arasında əlaqələr sürətlə inkişaf edir.
Hər iki şəhər üçün əlamətdar olan qardaşlaşma sazişi imzalanandan səkkiz il sonra, 1980-ci ilin oktyabr ayında Yuqoslaviyada keçirilən basketbol üzrə Avropa çempionatına ezam olunan sovet jurnalistləri qrupuna mən də daxil idim. Yuqoslaviyada avtobusla paytaxt Belqraddan çempionatın təşkil olunduğu və böyüklüyünə görə Bosniyanın ikinci şəhəri Banya-Luka şəhərinə gedərkən bir gün Sarayevoda olmaq imkanı qazandıq. Şəhərlə tanışlıq zamanı Narinka adlı bələdçi xanım Bosniya və Herseqovinanın ən böyük şəhəri, qədim tarixə malik Sarayevo haqqında bizə məlumat verərkən bildirdi ki, şəhərin adı saray sözündən götürülüb, tərcüməsi Saray və onu əhatə edən ərazi, oba deməkdir. 
Sarayevonu tərk edib Banya-Luka şəhərinə gəldikdə isə xoş bir sürpriz baş verdi. Çempionatın gedişini işıqlandırmaq üçün bir çox ölkədən gəlmiş jurnalistlər mətbuat mərkəzində qeydiyyatdan keçərkən bir nəfərin burada Bakıdan, Azərbaycandan kimsənin olub-olmadığını soruşduğunu eşitdim. Həmkarlarım dərhal məni göstərdilər. Demə, bizim Yuqoslaviyaya səfərimizdən bir neçə il əvvəl Bakıda olmuş Sarayevo şəhərinin nümayəndə heyətinin tərkibinə o da daxil imiş. Özünü Hüseyn Huciç kimi təqdim edən həmin şəxs Bakı təəssüratları haqqında danışarkən səfər günlərində bizim “İdman” – ”Sport” qəzetlərinin o zamankı redaktor müavini, mərhum həmkarım Aqşin Kazımzadə ilə tanış olduğunu da bildirdi.
Söhbət zamanı Hüseyn 1984-cü ildə Sarayevoda keçiriləcək XlV Qış Olimpiya Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü olduğunu, mətbuat, informasiya xidmətinin tərkibində çalışdığını, sarayevoluların bu böyük ümumdünya idman hadisəsinə səylə hazırlaşdıqlarını da söyləyib, həmin Olimpiadanın Təşkilat Komitəsinin üzvlüyünü bildirən vizit kartını mənə təqdim etdi. 
Bu qeydləri qələmə alarkən internetdən əldə etdiyim məlumata görə, Sarayevoda Qış Olimpiya Oyunları 1984-cü il fevralın 8-dən 19-dək keçirilmiş və Olimpiadada 49 ölkənin 1272 təmsilçisi iştirak etmişdir. Bu rəqəmlər o vaxta qədər keçirilən Qış Olimpiya Oyunları üçün rekord göstərici idi.
Basketbol üzrə Avropa çempionatının mətbuat mərkəzindəki həmin görüş Sarayevo Qış Olimpiadası – 1984-ün Təşkilat Komitəsinin üzvü Hüseyn ilə ilk və son görüşüm oldu. Belə ki, biz jurnalistlər hər gün çempionatın oyunlarını izləmək üçün idman sarayına tələsirdik, onun isə Olimpiadaya hazırlıqla əlaqədar öz işləri var idi. 
Amma yaxşı yadımdadır ki, çempionat başa çatan axşam biz Banya-Lukadan Belqrada qayıdarkən bələdçimiz avtobusda əlində bir bağlama mənə yanaşıb: “Hüseyn xahiş etdi ki,  bunu sizə çatdırım” – dedi. Bağlamanın içindəkilər isə üzərində Olimpiadanın rəmzləri əks olunmuş müxtəlif suvenirlər idi...
Bosniya və Herseqovinanın baş şəhəri qardaş Sarayevo artıq 39 ildir tarixdə XlV Qış Olimpiya Oyunlarının paytaxtı kimi yaşayır. Azərbaycan da öz növbəsində Avropa Oyunlarının vətəni olması ilə qürur duyur. Səkkiz il əvvəl, 2015-ci ilin iyun ayında həmin Oyunların ölkəmizin gözəl paytaxtı Bakıda necə parlaq, bəlkə də, təkrarolunmaz bir bayrama çevrildiyini təkcə Avropa yox, bütün dünya gördü. Onda  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın başçılıq etdiyi Təşkilat Komitəsi yarışları ən yüksək beynəlxalq səviyyədə təşkil etmiş və çoxminli iştirakçıların da, rəsmi şəxslərin də böyük rəğbətini qazanmışdı. Bakı ilk Avropa Oyunlarının paytaxtı kimi bir tarix yazdı. 


Oqtay BAYRAMOV, 
Əməkdar jurnalist

Sosial həyat