Dağlar diyarı Lerikdə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar ard-arda üç ağacəkmə aksiyası keçirilib.
Martın sonunda təşkil olunan ilk kampaniya çərçivəsində Lerik şəhərinin park və xiyabanlarında, rayonun idarə, müəssisə, təşkilatların həyətlərində və kənd ərazi icra nümayəndəliklərində 1800-dən yuxarı şam, sərv, akasiya, qovaq, çinar və s. cinslərdən olan müxtəlif növ ağac və gül kolları əkilib. İməcilikdə rayon rəsmiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bir həftə öncə Lerik şəhərində “Paşa Holding”in təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə 1-ci Qarabağ və Vətən müharibəsində həyatını qurban vermiş qəhrəmanların şərəfinə “Vətən Bağı” ağacəkmə aksiyası keçirilib.
Dünənki ağacəkmə aksiyasına isə şəhid ailələri və qazilər də qatılmışdılar. “Qırmızı Ürəklər" Xeyriyyə Fondunun əməkdaşları, kənd icmalarının üzvləri ümumilikdə park və xiyabanlarda 200-dən artıq müxtəlif növ ağac və gül kolu əkiblər.
Ə.ƏLİYEV, “Xalq qəzeti”