Suqovuşanın fatehləri

post-img

İkinci Qarabağ müharibəsi zamanı ən ağır döyüşlərdən biri Suqovuşan istiqamətində oldu. Düşmən ən müasir qüvvələrini bu ərazidə cəmləşdirərək ordumuzun irəliləməsinin qarşısını almağa calışırdı. Burada çox güclü istehkamlar qurulmuş, bir neçə müdafiə xətti təşkil edilmişdi. 

Qəsəbəyə gedən yüksəkliklərdə düş­mən yerləşmişdi. Həmin günləri xatırla­yarkən “N” saylı hərbi hissənin kəşfiyyat rəisi, polkovnik-leytenant Bayram İbişov deyir: “1353 yüksəkliyi düşməndən tə­mizləndikdən sonra Suqovuşana yol açıl­mışdı. Qarşıda bu yaşayış məntəqəsinin düşmən işğalından azad edilməsi kimi çox mühüm əməliyyat dururdu. Çünki onun həm hərbi, həm də strateji əhəmiy­yəti vardı. Suqovuşan Ağdərə və Sərsəng su anbarı istiqamətində mühüm əhəmiy­yətə malik yolların nəzarətdə saxlanılma­sında, Ağdərə və digər məntəqələrimizin işğalçılardan təmizlənməsində ordumuza böyük üstünlük yaradırdı. 

Bundan başqa, erməni ordusunun “6-cı müdafiə rayonu” kimi qeyd etdiyi 33651 nömrəli hərbi hissə də Suqovşan­da yerləşirdi. Bu səbəbdən də yaşayış məntəqəsinin azad edilməsi ordumuzun qarşısında duran ən mühüm vəzifələrdən biri idi. Döyüş tapşırığını yerinə yetirmək üçün 1353 yüksəkliyindən Suqovuşan yaşayış məntəqəsi istiqamətinə üç gün ərzində meşə ilə yol getdik. Yağış yağır­dı, paltarlarımız islanmışdı, botinkaları­mızın içi su ilə dolu idi. 

Əsgərlərimiz soyuqdan əziyyət çək­məli oldular. Üşüdülər, islandılar, ac qal­dılar, amma ruhdan düşmədilər, bunu heç vaxt büruzə vermədilər. Onlara nə duman, nə soyuq, nə yağış, nə də relyef mane ola bilmədi. Torpağımız işğaldan azad olunmalı idi…

Əvvəlcə Suqovuşanın ətrafındakı yüksəkliklər, postlar düşməndən təmiz­lənərək ordumuzun nəzarətinə keçdi. Ermənistan silahlı qüvvələrinin bölmələri bir neçə dəfə hücuma keçərək hərbiçilə­rimizi tutduqları mövqelərdən çıxarmağa çalışdılar. Hər dəfə də uğursuzluğa dü­çar olaraq geri çəkilməli oldular. Düşmə­nin 6-cı dağatıcı alayı ordumuzun uğurlu əməliyyatı nəticəsində darmadağın edil­di, müqaviməti qırıldı”. 

Bu uğurlu döyüşlərdən sonra “N” say­lı briqadanın döyüş hazırlığı bölməsinin rəisi, polkovnik-leytenant Əfqan Abdu­rahmanov kəşfiyyat bölüyü ilə sol tərəf­dən qəsəbəyə girdi. Başqa bölmələr də yaşayış məntəqəsinin azad edilməsində yaxından iştirak etdilər. 

“Biz ora daxil olanda erməni hərbçilə­ri artıq qaçmışdılar. Hər şey olduğu kimi qalmışdı, hərbi texnikalarını, silah-sursat anbarlarını, bazaları dolu şəkildə qoyub 530, 851, 951 və digər yüksəkliklərə çə­kilmişdilər. Onlar həmin yüksəkliklərdən bizi hədəf alaraq qəsəbəyə girişimizi əngəlləməyə çalışırdılar. Əməliyyat nə­ticəsində Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirdi”, – baş leytenant Cavid İbrahimli deyir. Onun sözlərinə görə, qəsəbə düşməndən azad edildik­dən sonra Azərbaycan Bayrağının ya­şayış məntəqəsində asılması əmri gəldi. Əmrdə deyilirdi: “Təcili düşmən bayrağı endirilsin və Azərbaycan bayrağı qaldırıl­sın. Çəkiliş aparılsın”.

“Çox həyəcanlı idik. Tapşırığın ye­rinə yetirilməsi kimlərə tapşırılacaq? Bu məqsədlə boylu-buxunlu, üst-başı təmiz olan hərbçilər seçildi. Polkovnik-leyte­nant Əfqan Abdurahmanov tapşırığın yerinə yetirilməsi üçün daha təh­lükəsiz hərəkət istiqamətini müəy­yənləşdirdi. Bu zaman o, ərazinin relyefini əsas götürdü, yəni ən təh­lükəsiz hərəkət istiqamətini seçdi. Həmin vaxt Suqovuşanı tərk etmiş düşmən qüvvələri su anbarının yuxarısında yerləşən 951 və 970 adlanan yüksəkliklərdə mövqe tutmuşdular. Bu yüksəkliklərdən snayperlər və iriçaplı silahlar­dan mövqelərimizə atəş açırdılar. Əfqan Abdurahmanov kəşfiyyat rəisi polkovnik-leytenant Bayram İbişova tapşırığı yerinə yetirmək üçün qrup yaratmağı tapşırdı”, – baş leytenant deyir. Onun söz­lərinə görə, B.İbişov ayağından yaralandılğına görə, Suqovuşana gedə bilmədi. “O, tapşırığı icra etmək üçün kəşfiyyatçılardan sək­kiz nəfərdən ibarət qrup yaratdı. Qrupa düşmən bayrağını endirib yerində Azərbaycanın üçrəngli bayrağını asmağı əmr etdi. Səkkiz nəfər­dən ibarət kəşfiyyat qrupundan dördü müşahidə və mühafizə üçün əlverişli yer­də yerləşdirildi. Fərid Məmmədli, Tərlan Qəzənfərov, Rəşad Tarverdiyev və İlkin Fərzəliyevdən ibarət dəstə isə Madagizə daxil oldu və bayrağımız bu qəsəbədə dalğalandı”.

Qəsəbədə dalğalanan bayrağın isə maraqlı tarixçəsi var. Bu barədə müd­dət-dən artıq hərbi qulluqçu İnqilab Qa­yıbov bildirir: “2016-cı ildən müddətdən artıq hərbi qulluqçu kimi kəşfiyyat bölü­yündə xidmətə başlamışam. Mənim bö-yük bayrağım var idi. Rəhmətlik bölük komandirim baş leytenant İsmət Hacıyev onu məndən istədi. Dedim ki, bayrağı məndən istəmə. İnşallah, arzuma çatım, zirvəyə asarıq, ya da bu bayraqla məni dəfn edərsiniz. Yaralandim, bayrağı ilk tibbi yardım göstəriləndə yanımda olan Fərid Məmmədliyə verdim. Sonradan İl­kin Fərzəliyev üçrəngli bayrağı Suqovu­şanda dalğalandırdı. Videonu isə Fərid çəkmişdi. Kimin asmasından asılı olma­yaraq işğaldan azad edilən torpaqlarda Azərbaycan Bayrağı dalğlanır. Bu mənim üçün qürurvericidir”.

Bayrağımızı Suqovuşanda qaldıran İlkin Fərzəliyevin sözlərinə görə, oktyab­rın 2-də Suqovuşan yaxınlığındakı yük­səklikdə dayanıblarmış: “Səhərə yaxın, təqribən, saat altıya dörd-beş dəqiqə qalmışdı. Əmr gəldi ki, qəsəbəyə girməli, bayrağımız yaşayış məntəqəsində qal­dırılmalıdır. Döyüş başlamazdan əvvəl bayraq məndə idi. Komandirə dedim ki, mənim üstümdə bayraq var, dedi ki, düş aşağı, bayrağı as. Mən və üç döyüşçü yoldaşım düşmən bayrağı asılmış mey­dana daxil olduq. Dörd kəşfiyyatçı isə əl­verişli mövqedə yerləşərək bizi düşmən atəşindən qoruyurdu. Bayraq asılan yer­dən, məndən 1500-1800 metr arxada er­mənilər təpənin üstündə dayanmışdılar. Yəni orada ermənilərin olduğunu bilirdik.

Düşmənin bayrağını endirdim, yerə düşən bayrağı ayağımla əski parçası kimi bir kənara atdım və bayrağımı­zı asdım. Yuxarı qaldırdığım bayrağın dalğalanması məni qürurlandırdı. Çox xoşbəxt idim, çünki bu torpaqlar illər­dir xilaskarlarının younu gözləyirdi. O torpaqlara ayaq basdığımız an sanki torpaq səni özünə çəkirdi. Neçə illərdir bizim həsrətlə baxdığımız kimi, inanın, ondan da böyük həsrətlə o torpaqlar bizi gözləyirdi. Mən də daxil olmaqla hamı­mız ən böyük arzumuza çatmışıq. 

Günlərlə ac-susuz yol gedir, yaralı yoldaşlarımıza kömək edirdik, eyni za­manda, döyüşürdük. Bizim üçün əsas bayrağımızı yüksəkdə dalğalandırmaq­dır, şəhid olsaq da olar. Çox sevinirəm və qürur hissi keçirirəm ki, bir sıra yaşayış məntəqələrinin və strateji yüksəkliklərin azad edilməsində mənim də payım var”, – deyə o, bildirir. 

Baş leytenant Cavid İbrahimli isə de­yir ki, bayrağın qaldırılmasında onun bö­lüyündən Əli Şahmarov da iştirak edib: “Üçrəngli bayrağımızın Suqovuşanda dal­ğalanması hər birimizdə böyük qürur hissi doğurdu. Çox xoşbəxt idik. Bunu yaşa­maq bizə nəsib oldu, bütün torpaqlarımı­zın işğaldan azad ediləcəyinə inamı daha da artırdı. Şanlı bayrağımız Suqovuşanda dalğalandı və bu, yaşayış məntəqələrində dalğalanan ilk bayraq idi”.

Beləliklə, ötən əsrin 90-cı illərinin əv­vəllərində Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilən Suqovuşan Vətən müharibəsinin yeddinci günündə azadlı­ğına qovuşdu. Düşməndən təmizlənən digər yaşayış məntəqələrimiz kimi, Suqo­vuşanın da azad, işıqlı günləri başlandı.

Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”nin bölgə müxbiri







Sosial həyat