Nə tədbir görülür, nə də cavab verilir

post-img

“Hörmətli Rəşad müəllim! “Xalq qəzeti”nin 24 yanvar 2023-cü il tarixli nömrəsində dərc olunmuş “Şəmkirin şəhər tipli qəsəbəsi niyə bu gündədir?” sərlövhəli yazı tədbir görülmək üçün Sizə göndərilir. Nəticə barədə redaksiyaya məlumat verməyiniz xahiş olunur”

Bu sözlər redaksiyamızın bu il fevra­lın 1-də Şəmkir Rayon İcra Hakimiyyəti­nin başçısına göndərdiyi məktubdandır. Yəni redaksiya bildirib ki, tənqiddən son­ra görülən iş barədə məlumat verilsin və biz də icra hakimiyyətinin cavab məktu­bunu qəzetdə dərc edərək, oxucularımı­za çatdıraq. 

Əslində, bu məktub göndərilməyə də bilərdi. Çünki rəsmi mətbuatı hər kəs, ilk növbədə icra strukturları izləyir və bilirik ki, Şəmkirdə də “Xalq qəzeti”nin çoxlu oxucusu var. Ona görə də tənqidi yazı ilə tanış olduqdan sonra dərhal reaksiya olmalı idi. Ya bildirilməli idi ki, məqalədə göstərilən faktlar həqiqətə uyğun deyil, ya da görülən və ya gələcəkdə görüləsi işlər barədə məlumat veriməli idi. Təsa­düfi deyil ki, ölkə Prezidenti, cənab İlham Əliyev deyib: “Əgər reaksiya verilməyə­cəksə, o pozuntuları törədənlər daha da böyük pozuntular törədəcəklər. Ona görə, mətbuatın burada nadir rolu var.”

Yenə hər ehtimala qarşı redaksiya tərəfindən məktub göndərilib ki, böyük rayondur, işi-güc çox, problemlər kifayət qədər, baş qarışıq ola bilər, oxumazlar. Amma bu, ehtimaldır, inanmırıq ki, rayon haqqında gedən tənqidi yazı oxunulma­sın. Çünki sosial şəbəkədə icra hakimiy­yəti, eləcə də onun başçısı fəaldır, mət­buata biganə deyil. 

Digər tərəfdən, məlumat aldıq ki, yazı dərc olunan günün ertəsi icra haki­miyyətinin başçısı tənqid etdiyimiz həmin Kür qəsəbəsinə gedib, adamları bir yerə yığıb, onlarla görüş keçirib, problemləri ilə maraqlanıb. Düzü bu xəbəri eşidən­də çox sevinmişdik. Fikirləşirdik ki, nə­hayət, bu böyük qəsəbədə işlər yoluna düşəcək. Yəni abadlıq-quruculuq işləri genişlənəcək, yol kənarlarındakı şəhid portretlərinə əl gəzdiriləcək, onların ət­rafı gül-çiçəyə bürünəcək, gözəl, müasir xəstəxanaya gedən yol sahmana salına­caq, xəstəxananın özü normal fəaliyyətə başlayacaq, məişət tullantılarının tüs­tüsü ətrafa yayılmayacaq, primitiv zibil qabları yeniləri ilə əvəz olunacaq, vaxtilə hamının əsl istirahət yerinə çevrilən park yenidən sakinləri öz qoynuna alacaq... Amma deyir “sən saydığını say, görək fələk nə sayır”.

Dünən, eləmədim tənbəllik, yenidən yolumu saldım Kür qəsəbəsindən. Ye­ganə diqqətimi cəlb edən yol kənarla­rındakı dəmir lövhələr üzərindəki şəhid şəkilləri oldu. Tənqiddən sonra az-maz qayda yaradıblar. Ona görə “az-çox” de­yirəm ki, tezliklə bu şəkillər də bozaracaq və təzə çəkilməsinə baxmayaraq artıq indidən ağarıb. Yəqin ki, keyfiyyətli ma­teriallardan hazırlansaydı, belə olmazdı.Qəsəbəyə gedən yolda bəzi portretlər yenə də hara gəldi səpələnib, çala-çuxu­run arasındadır. 

Adını çəkdiyimiz gözəl qəsəbə parkı isə indi lap biabırçı günə düşüb. Sanki yaz fəsli hələ gəlməyib. Ağacların dibi bellənməyib, ətrafda antisanitariya hökm sürür. Zibil qalaq-qalaq yığılıb. Fəvvarə­nin içərisi tullantılarla dolu üfunət qoxu­yan çirkabdır. Parka gedən yoldan ra­hat keçmək mümkün deyil. Çünki neçə vaxtdır dağılan içməli su xəttini düzəldən tapılmır, boş yerə axıb gedir. Hətta artıq bərbad vəziyyətə düşən yaxınlıqdakı məktəbin zirzəmisinə yaxınlaşmaqdadır. Burada rastlaşdığımız qəsəbə sakini Aqil Məmmədov dedi ki, park günün istənilən vaxtı sərxoşların məkanına çevrilir. Nor­mal istirahət üçün şərait yaradılmaması bir yana, heç ailə-uşaqla bura gəlmək mümkün olmur. Burada primitiv bir ka­fedə spirtli içkilər verirlər. Doğrudan da, sakinin dediyi mənzərəni öz gözlərimlə gördüm və çox təəssüf etdim. 

Yolu dağılan xəstəxana isə demək olar ki, işləmir. Təcili yardımın bir-iki iş­çisindən başqa bir kimsəni tapmaq da mümkün deyil.

Biz daim qərəzdən uzaq olmu­şuq. Məqsədimiz yalnız ümumi işimizə kömək etmək, nöqsanları görmək və onları xatırlatmaqdır. Cənab Preziden­timizin də dediyi bu sözlər bizə stimul verir, həvəsləndirir: “Bir çox hallarda ölkədə, misal üçün, hər hansı pozuntu­lar baş verdikdə, qüsurlar olanda, yaxud da, hər hansı bir xoşagəlməz vəziyyət yarananda mən məlumatı, o cümlədən, mətbuatdan əldə edirəm.»

Şəmkirin yaxşı işini, maraqlı təcrü­bəsini həmişə işıqlandırmışıq və bun­dan sonra da belə olacaq. Təkcə son bir neçə ayda, qəzetin müxtəlif nömrələrin­də rayon haqqında dərc etdiyimiz yazı­lara fikir verin: “Şəhid atası razılığını bil­dirdi”, “Küçələr öz görkəmini dəyişir”, “Nə arxa ehtiyac var, nə cuvara”, “Şəmkirdə bu günədək 120 min ton kartof yığılıb” və sair bu kimi müsbət səpgili yazılar ver­mişik. Bəs görəsən nə baş verdi ki, üç aya yaxındır bir yazıya cavab verilmir? Axı bizim qanunları oxuyan hər kəs yaxşı bilir ki, “qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, müraciətə, qanun­vericiliklə başqa müddət nəzərdə tutul­mamışdırsa, bir ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edil­məyən müraciətə ən geci 15 gün ərzin­də baxılmalıdır”. Mən hələ bu yaxınlarda mətbuatla bağlı, jurnalistlərin sorğusu ilə bağlı Milli Məclisdə qəbul olunmuş qa­nunu xatırlatmıram. O, daha sərtdir, tək­rar yazmaq istəmirəm.

Sonda dövlət başçımızın daha bir fikrini xatırlatmaq istəyirəm: “Dövlət mə­murları və yaxud digər şəxslər bilirlər ki, Azərbaycanda söz azadlığı, mətbu­at azadlığı imkan verməyəcək ki, onlar hansısa işlər görsünlər, qüsurlar burax­sınlar. Ona görə, jurnalistlər bəlkə özlə­ri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, gələcəkdə də siz bütün cə­miyyəti narahat edən, incidən məsələlər haqqında – harada ki hansısa ədalətsiz­lik, qanunsuzluq var – dərhal operativ re­aksiya verəcəksiniz, cəmiyyətin və döv­lət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz”

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri







Sosial həyat