Hayastanın baş nazirinin “2007-ci ildə Madrid prinsipləri ortaya çıxanda Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb” fikrini gecikmiş etirafı kimi qəbul etmək olar. Amma bu etirafın ardınca Paşinyanın daha hansı təxribata əl atacağını bilmədiyimizdən, çomağı əlimizdə möhkəm tutmalıyıq.
Ermənistanın təkcə Qarabağla bağlı uğursuzluqda deyil, ümumiyyətlə, bölgədə, MDB məkanında, hətta beynəlxalq müstəvidə üzləşdiyi hərbi-siyasi, diplomatik kollapslarda özündən əvvəlki hakimiyyət yetkililərini günahlandırmağı adətə çevirmiş Nikol Paşinyanın budəfəki bəyanatları yeni olmasa da, bəzi simptomları tibbi narahatlıq doğurur. Misal üçün, kollapsa düşən xəstədə başgicəllənmə, hipotoniya, huşun itrilməsi kimi ağırlaşmalar baş verəndə spesifik müalicə üsulu kimi, ayaqlarını yuxarı qaldıraraq uzanması məsləhət görülür. Deyəsən, Hayastanın başını itirmiş baş nazirinin reallıqdan uzaq, siyasi avantürizm nümunəsi sayıla biləcək açıqlamaları da məhz kollaps xəstəliyinin əlamətlərini xatırladır.
* * *
“Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb”. Erməni mediası yazır ki, baş nazir Nikol Paşinyan bu sözləri Ermənistan Milli Assambleyasında çıxışı zamanı deyib. Parlamentarilərə müraciətində Madrid prinsiplərindən danışan Paşinyan 2007-ci ildə rəsmi İrəvanın Qarabağ münaqişəsinin mərhələli həlli variantının təklif edildiyi bu formatda diplomatik fiaskoya uğradığını bildirib. Yəni, onun sözlərinə görə, bu prinsiplərin qəbulu “Azərbaycan üçün Qarabağın öz müqəddəratını təyin etməsi məsələsində başlanğıc nöqtəyə çevrilib”. O, Madrid prinsiplərinə görə, Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını etiraf edib: “Bu faktın üstündən keçmək mümkün deyil və ondan yayına da bilmərik. İndi biz məhz on altı il əvvəl səpilən toxumun “məhsulunu” görürük”. Düz sözə nə deyə bilərik. Bəli, səpilən toxum sonda hazır məhsula çevrildiyi kimi, qazana tökülən ədviyyat da gec-tez aşpazın öz qaşığında üzə çıxır. On altı il əvvəl əkdiklərini indi biçməyə və yeməyə tərəddüd edən, 2018-ci ilin mayından bu barədə açıqlama verilməməsini hökumətin kobud səhvi olduğunu deyən Hayastanın baş nazirinin növbəti etirafı daha maraqlı və yaddaqalan olub: “Hansısa yolla düşdüyümüz bu tələdən çıxa biləcəyimizi və ya heç olmasa, problemin həllinə töhfə verəcəyimizi düşündük. Amma qurulan tələ beynəlxalq səviyyədə razılaşdırıldığı üçün biz bunu edə bilmədik”. Paşinyana xatırladırıq ki, indi edə biləcəkləri yeganə şey Bakının sülh təkliflərini qəbul etməkdir. Münaqişənin dinc yolla həllini istəyən şəxs isə hər şeydən əvvəl səmimi olmalıdır. Əks təqdirdə nə dialoq baş tutur, nə də qarşılıqlı anlaşma.
* * *
Ermənistan Milli Assambleyasının deputatı Sisak Qabrielyanın İrəvanın Rusiya və KTMT ilə münasibətlərinə dair sualına cavab verən Paşinyan burada mövqelərinin dəqiq, şəffaf, legitim və əsaslı olduğunu vurğulayıb. Hayların baş naziri sələflərinin bu münasibətlərin məhz onun hakimiyyəti dövründə pisləşdiyi barədə iddiaları ilə razılaşmadığını söyləyib: “Bu münasibətlər nə vaxt pisləşmişdi? Xatırlatmaq istəyirəm ki, məhz keçmiş iqtidarların vaxtında Moskva ilk dəfə Azərbaycanla çoxmilyardlıq silah müqaviləsi imzaladı. Əgər onların Kremllə yaxşı münasibətləri var idisə, niyə bizim strateji müttəfiqimiz 2011, yaxud 2012-ci ildə Bakı ilə silah satışına dair ilk sazişi bağladı, İrəvana silah verilməsini isə məhdudlaşdırdı?”.
• XATIRLATMA: Hayastanın baş naziri bunları bilmirsə, getsin arxivdə SSRİ Ali Soveti Rəyasət Heyətinin sənədlərinə baxsın. Sovet İttifaqı dağıldıqdan sonra dünya birliyi Azərbaycanın sərhədlərini və ərazi bütövlüyünü tanıyıb, ölkəmiz beynəlxalq təşkilatlara həmin sərhədlər çərçivəzində üzv olub.
Özündən savayı hamını günahkar çıxaran Paşinyan iki respublika arasında sərhəd probleminin əsasının Serj Sarkisyanın prezidentliyi dönəmində qoyulduğunu iddia edib. Öncədən düşünülmüş 11 aprel hərbi avantürasının ardınca dörd tərəfdən daha çeşidli zərbələr almağa başlayan rəsmi İrəvanın bu dəfə də əməllərinin fəsadları ilə üz-üzə qaldığını söyləyə bilərik. Hərbi-siyasi dəstək almaq üçün onu Parisə, Brüsselə, Praqaya, Vaşinqtona apara biləcək yolları bağlanan Paşinyan hökumətinə qarşıda Şimal müttəfiqindən gözlədiyi ağır zərbələri, alacağı cəzaları hesablamaq qalır.
Xəstənin cəzalandırılması insafdan sayılmasa da, onun sağalma ehtimalının həm də bu üsuldan asılı olduğunu deyənlərlə razılaşmamaq mümkün deyil.
Fikrət SADIQOV,
politoloq
– Paşinyan bir yandan bəyan edir ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir, digər tərəfdən deyir ki, bu, ayrıca bir məsələdir və Qarabağ erməniləri bunu Bakı ilə danışmalıdılar. Azərbaycanla sülh sazişinin imzalanması gündəmə gələndə isə Paşinyan orada mütləq bir maddədə Qarabağ ermənilərinin təhlükəsizliyinin əks olunmasını irəli sürür. Yəni, yenə də ona aid olmayan məsələlərə müdaxilə edir. İndi də deyir ki, guya Madrid prinsiplərinə riayət olunmadı, əvvəlki rəhbərlik siyasi baxımdan özünü düzgün aparmadı, belə yox, başqa cür hərəkət etməli idi. Bunların hamısı cəfəngiyyatdır. Onun əsas məqsədi keçmiş hakimiyyəti qaralamaq və onu tənqid etməkdir. Düzdür, bu, onların daxili siyasi çəkişmələridir və bizə aidiyyatı yoxdur. Sabiqlər isə ona cavabında bildirirlər ki, vaxtilə Rusiyadan “İskəndər” raketlərini biz almışıq, Moskva ilə hərbi-texniki sazişi biz bağlamışıq. Sənsə indi üzünü Avropaya çevirmək istəyirsən. Bu yolla heç nə əldə olunmayacaq və s.
Bütün bunların fonunda Paşinyan iqtidarı yenə Azərbaycana qarşı təxribatla məşğuldur. Atəşkəsi pozurlar, bizə qarşı ərazi iddialarını davam etdirirlər. Deməli, bu vəziyyətdə Paşinyan normal, sağlam siyasi addımlar atmaq qabiliyyətinə malik deyil. O, bu kursu davam etdirərsə, hər dəfə Azərbaycan tərəfindən adekvat cavabını alacaq. Bakı heç bir təxribata göz yummayacaq. Onlar bunu anlamalı və nəticə çıxarmalıdırlar.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”