Üstümüzə Kolonna gəlir

post-img

Fransanın Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələrinin aprelin 11-də törətdiyi təxribatla bağlı bəyanat yayıb. Qeyd edək ki, həmin gün saat 16:20 radələrində Ermənistan ordusunun hərbçiləri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Nəticədə, üç hərbi qulluqçumuz şəhid olub, dördü yaralanıb. Yaralanan hərbçilərimizdən ikisi əraziyə yaxın yerləşən hərbi tibb müəssisəsindən sanitar aviasiya vasitəsilə ixtisaslaşdırılmış hərbi tibb müəssisəsinə təxliyə olunub. Ermənistan müdafiə nazirliyi 4 hərbçi itirdiklərini, 6 nəfərin yaralandığını açıqlayıb.

Fransa XİN hər zamankı kimi, olaya özünəməxsus şəkildə münasibət açıqla­yıb. Qeyd edib ki, insident aprelin 11-də Ermənistanla Azərbaycan sərhədində baş verib. Dərhal da ermənipərəst xislə­tinə sadiq qalaraq, hadisənin Ermənista­nın Dığ (bəyanatda kənd Tex adlandırılır) yaşayış məntəqəsi ərazisində baş verdi­yini vurğulayıb. İki ölkə arasında sərhəd­lərin delimitasiya və demarkasiya edil­mədiyi, şərti xarakter daşıdığı bir dövrdə Fransa XİN-in hansı kəndin harada olma­sına dair rəyi heç də birmənalı qarşılan­mır. Xarici siyasət idarəsi daha sonra hər iki tərəfdən 7 nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən zo­rakılıqdan (?) dərin narahatlığını bildirib.

Fransa sərhədin delimitasiyasının is­tisnasız olaraq danışıqlar yolu ilə həyata keçirilməli olduğunu xatırladıb və tərəfləri bu istiqamətdə səylərini davam etdir­məyə çağırıb. Azərbaycan da hər zaman mübahisəli məsələlərin sülh yolu ilə danı­şıqlar masası arxasında həllinin tərəfdarı olub. Ermənistanla danışıqlar prosesinin 30 ilə yaxın uzanması da rəsmi Bakının sülhpərvərliyinin ifadəsi hesab olunmalı­dır. Bu baxımdan bəyanatın bu bəndində əksini tapan məqamlar, əslində, İrəvana ünvanlanmalıdır. Necə deyərlər, top Er­mənistanın meydanındadır.

Ancaq Fransa XİN-in bura qədərki fi­kirlərini birtəhər yola vermək olar. Görün, “demokratiya beşiyi”nin diplomatik orqanı daha sonra nə deyir: “Ermənistanın ərazi bütövlüyünə hörmət və Azərbaycan Si­lahlı Qüvvələrinin qoşunların təmas xətti­nin Ermənistan tərəfindəki işğal olunmuş (???) mövqelərdən çıxarılması gələcək insidentlərin qarşısının alınması və regi­onda davamlı sülhün əsaslarının qorunub saxlanılması üçün zəruridir. Fransa sər­hədin Ermənistan tərəfində yerləşdirilmiş, onun töhfə verdiyi və gərginliyin azaldıl­masında mərkəzi rol oynayan Avropa İtti­faqının mülki missiyasının (EUMA) fəaliy­yətini tam dəstəkləyir. Fransa Ermənistan və Azərbaycan arasında atəşkəs rejiminə əməl edilməsi, dialoq və danışıqların da­vam etdirilməsi üçün Avropa İttifaqı ilə birgə işləməyə davam edəcək”, – deyə bəyanatda qeyd olunur.

Fransa ATƏT-in Minsk qrupunda üç həmsədr dövlətdən biri olsa da, 30 il ər­zində Ermənistana Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmaqla bağlı bir dəfə də olsun çağırış etməyib. Rəsmi Paris erməni lobbisinin və ölkədəki er­məni icmasının maraqları naminə nəinki Azərbaycanla, eləcə də Türkiyə ilə mü­nasibətləri pisləşdirmək yolu tutub. Sta­tus-kvonun dəyişdirilməsi üçün təşəbbüs göstərməyib, qondarma “erməni soyqırı­mı”nın tanınması ilə bağlı 4 dəfə (1998, 2000, 2001 və 2006-cı illərdə) qətnamə qəbul edib. Fransanın keçmişi ermə­nipərəst və anti-Azərbaycan, anti-türk, islamofob addımlarla doludur. Mövqeyin­də obyektivlikdən əsər-əlamət olmayan bir ölkənin Azərbaycanı nədəsə ittiham etməyə mənəvi haqqı yoxdur.

***

Fransa XİN-in bəyanatına ölkəmizin cavabı özünü çox gözlətməyib. Azərbay­can Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Fran­sanın Avropa və Xarici İşlər Nazirliyinin Ermənistan tərəfinin 11 aprel tarixində Laçın rayonu istiqamətində yerləşən mövqelərimizə qarşı təxribatı ilə əlaqə­dar Ermənistanı dəstəkləyən 12 aprel tarixli bəyanatı reallığı əks etdirmir. 25 ilə yaxın müddətdə Azərbaycan–Ermə­nistan münaqişəsində vasitəçi olarkən Ermənistanın təcavüzünə və işğalçı si­yasətinə qiymət verməyən, münaqişənin həllinə çalışmayan, Azərbaycanın işğala son qoyaraq münaqişəni təkbaşına həll etməsindən sonra ölkəmizə qarşı qa­rayaxma kampaniyası aparan Fransa bu bəyanatla növbəti dəfə qeyri-ədalətli mövqe nümayiş etdirib.

Üçtərəfli bəyanata və Fransa Pre­zidentinin də iştirakçısı olduğu Praqa görüşünün nəticələrinə uyğun olaraq, Ermənistanı Azərbaycanın ərazi bütöv­lüyü və suverenliyinə hörmət etməyə çağırmayan, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini çıxarmağı Er­mənistandan tələb etməyən Fransa tərəfinin birtərəfli əsasda yalnız Ermə­nistanın ərazi bütövlüyünə hörmət edil­məsinin vacib olduğunu bəyanatda bildir­məsi Fransanın ölkəmizə qarşı qərəzinin nümunəsidir. Fransa tərəfini, Ermənis­tanı növbəti təxribatlara təhrik edən, re­vanşist qüvvələrə dəstək verən bu kimi bəyanatlardan çəkinməyə çağırırıq”.

***

Onu da qeyd edək ki, Katrin Kolonna­nın Fransa XİN-ə rəhbərlik etdiyi 11 aya yaxın müddət ərzində nazirliyin bu tipli təhrikçi bəyanatlarının sayı artıb. Özü korsikalı olsa da, illərlə istibdad içində yaşamış Korsikanın, 300 minlik korsunun bugünkü problemlərinə laqeyd olan xanım Kolonnanın bu canfəşanlığı xeyli müəm­malıdır. K.Kolonnanın korsikalıların doğ­ma dili korsunun hüququnun tanınmasına Fransa hökumətinin inadla “yox!” demə­sinə susqunluğu da diqqətdən yayınmır. Yaxşı olardı ki, xanım Kolonna Fransadan min kilometrlərlə uzaqda yerləşən Ermə­nistan–Azərbaycan şərti sərhədində baş verənlər barədə danışmaqdansa, bir dəfə də Marseldən, yaxud Kanndan müva­fiq olaraq 398 və 365 km uzaqlıqda olan Korsikanın problemlərini qaldırsın. Digər tərəfdən, Azərbaycanın mövqeyi elə güc­lüdür ki, onu üzərinə yüz Kolonna və ya kolonun gəlməsi qorxuda bilməz. Azər­baycan indiyədək doğru bildiyi siyasəti yürüdüb. Bu siyasi xətt bundan sonra da davam etdiriləcək.

Züriyə QARAYEVA,
politoloq

– Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Ermənistanı dəstəkləyən bəyanatı reallığı əks etdirmir. Rəsmi Paris həmsədr olduğu müddətdə Er­mənistanın təcavüzünə və işğalçılıq siyasətinə qiymət verməyib. İndi isə Fransa Ermənistanı dəstəkləməklə yanaşı, birbaşa Azərbaycanı ittiham etməyə başlayıb. Vətən müharibə­sindən sonra Fransa ard-arda ölkə­mizlə bağlı həqiqəti əks etdirməyən, absurd və bütün bəndləri yalanlar­dan ibarət qətnamələr qəbul edib. Emmanuel Makronun ən çox gü­vəndiyi Frankofoniya Təşkilatı belə qətnamələrdən birini qərəzli adlan­dırıb. Nəticə etibarilə, Azərbaycana yönəlik əsassız ittihamlar qətnamə­dən çıxarılıb. Fransa Azərbaycan və Türkiyəyə düşmən mövqeyində olan Ermənistanı dəstəkləməklə özü də düşmənçiliyini bildirir.

Fransa dövləti Makrondan öncə də ermənipərəst mövqe sərgiləyib. Bunun bir səbəbi Fransada güclü erməni lobbisinin olması ilə bağlıdır­sa, digər səbəbi bu ölkənin əsrlərdən bəri dənizlərdə hegemon olmaq istə­yi və bu marağının İngiltərə, ABŞ-la yanaşı, həm də Türkiyə ilə toqquş­masıdır.

Beləliklə, Fransa uzun illərdən bəri türk düşməni rolunu oynamağa davam edir. Fransa XİN-in məlum bəyanatına da bu kontekstdə baxılmalıdır. Bey­nəlxalq hüququn Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə baxma­yaraq, Makron hökuməti açıq-aşkar ermənipərəst mövqe sərgiləyərək, Fransanı Ermənistanın faşizm siyasə­tinin əsirinə çevirib.

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət