Türkiyə milli tankını da yaratdı

post-img

Qardaş Türkiyənin BMC şirkətinin istehsal etdiyi “Altay” əsas döyüş tankının ilk dəsti 2023-cü il aprelin 23-də Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək. Bunu mətbuata açıqlamasında şirkətin baş direktoru Murat Yalçıntaş deyib.

Şirkət rəhbəri bildirib ki, aprel ayın­da Türkiyə Silahlı Qüvvələrinə sınaq üçün 2 ədəd “Altay” tankı veriləcək. 2024-cü ilin sonlarına qədər tamamla­nacaq sınaqlardan sonra 2025-ci ildə başlanacaq seriyalı istehsal zamanı “Altay” tankında Cənubi Koreya isteh­salı olan mühərrik və transmissiyadan istifadə ediləcək. 2026-cı ilin ikinci yarısından etibarən “Altay” tankları “BMC Power”nin istehsal edəcəyi yerli mühərriklə təchiz olunacaq. İndidən bir çox xarici ölkədən tankla bağlı mü­raciətlər daxil olur.

Türkiyənin Müdafiə sənayesi (SSB) naziri İsmail Dəmir bundan əv­vəl bildirmişdi ki, hazırda Cənubi Ko­reyanın zirehli texnikalarında istifadə edilən güc qurğuları “Altay” tankına quraşdırılandan fərqlidir. Cənubi Kore­ya hələ də alman transmissiyasından istifadə edir.

“Altay” tankının prototipi hər cür iqlim və ərazi şərtlərində keçirilən çə­tin testlərdə üstünlüyünü təsdiqləyib. Fərqli ssenarilərdə atış testləri keçi­rilən tankın bütün hava şəraitində və məsafələrdə yüksək vuruş dərəcəsi qeydə alınıb. Birinci mərhələdə ha­zırlanan prototiplərin kalifikasiya və qəbul testləri 2017-ci ilin fevralında uğurla tamamlanıb.

Türkiyə Milli Müdafiə Nazirliyin­dən istehsala icazə sənədi alındıqdan sonra, “Otokar” şirkəti Quru Qoşun­ları Komandanlığının ehtiyaclarını qarşılamaq üçün “Altay” tankının se­riyalı istehsalını əhatə edəcək ikinci mərhələdə 250 ədəd tankın istehsalı və onların İnteqrə Logistik Dəstək iş­lərinə dair təklifi SSB-yə təqdim edib. SSB-nin elan etdiyi bu tenderə “Oto­kar” ilə yanaşı, BMC və FNSS şirkətlə­ri 2017-ci il noyabrın 16-da təkliflərini verib. 2018-ci ilin aprel ayında Türkiyə Müdafiə Sənayesi Nazirliyi “Altay” tan­kının seriya istehsalı üçün qərar verib. 

SSB başqanı İsmail Dəmir 2020-ci ildə seriya istehsalının ilkin mərhələ­sində əldə olan mühərriklərlə 5 və ya 6 “Altay” əsas döyüş tankının isteh­salının həyata keçiriləcəyini, sonrakı mərhələdə bu prosesin xaricdən alı­nan mühərriklərlə davam etdiriləcəyini bildirmişdi. 

Bundan başqa, Türkiyə Müdafiə Sənayesi Nazirliyi “Altay” tankının gövdə platforması üzərindən inkişaf etdirilərək minatəmizləmə maşını ya­ratmaq istəyir. Bununla bağlı, 2018-ci ildə SSB Məlumat İstək Sənədi (BİD) ilə layihəyə qoşulacaq şirkətlərə mü­raciət edib. SSB işi Quru Qoşunlar Ko­mandanlığı üçün aparacaq.

Layihə çərçivəsində mexaniki ke­çid açma sistemi ilə tank və piyada əleyhinə minaları yerindən çıxarıb ke­çid kənarına atan, minaları partlatmaq yolu ilə müəyyən ölçülərdə keçid qa­zan, maqnetik lokator sistemi ilə maq­netik borulu minaları partladan, tə­mizlənmiş keçid işarələmə sistemi ilə minalı sahədə açdığı keçidi işarələyə bilən yeni tırtıllı texnikanın hazırlan­ması planlaşdırılır. 

 

Rizvan FİKRƏTOĞLU, Xalq qəzeti

Sosial həyat