“Türkiyə Cümhuriyyətin 100-cü ildönümü təntənələrinə həyatın bütün sahələrində son illərdə qazanılmış uğurların sevinci və öyüncü ilə hazırlaşır. Bu hazırlıqlar yeni dünya düzəninin yaratdığı qeyri-sabitlik şəraitində Türkiyənin geopolitik və strateji mövqeyi baxımından xarici və daxili siyasətdə sabitlik adası yaratma cəhdləri ilə müşayiət olunub”. Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Yedditəpə Universitetinin professoru Məsut Hakkı Çaşın “Xalq qəzeti”nə bu açıqlamasında Türkiyənin, əsasən, son 20 ildəki fəaliyyətini dəyərləndirərək daha sonra bildirdi:
–Türkiyə xüsusilə də SSRİ-nin dağılmasından sonra, Azərbaycan və Orta Asiya respublikaları, həmçinin Bosniya, Kosova, Somali və Əlcəzair kimi münaqişə bölgələrinə də bacardığı dərəcədə sülh və sabitlik gətirib və bu mövqeyini ildən-ilə gücləndirib. Digər tərəfdən, yeni dünya düzəni qurularkən Türkiyə NATO ilə birlikdə keçmiş Yuqoslaviyanın parçalanması zamanı Bosniya və Kosova əməliyyatları ilə yanaşı, böyük qətliamların da qarşısını alıb. Türkiyə Əfqanıstanda da beynəlxalq terror və Talibana qarşı mücadiləni NATO ilə birlikdə aparıb.
Ölkə rəhbərliyi çoxqütblü dünyada çoxmərkəzli bir xarici siyasət yürüdərək, böyük güclərlə balans siyasəti irəli sürüb. Qara dənizin altından keçən rus qazının Şərqdən Cənub–Şərq və Avropaya daşınması “Türk axını” layihəsi ilə icra olunur. “Akkuyu” atom elektrik stansiyasının (AES) inşası rus şirkətlərinə verilib. Aprelin 27-də bu AES-in birinci enerji blokuna nüvə yanacağı doldurulacaq. Rusiya turistlərinin ölkəmizə ziyarətləri isə rekord səviyyəyə çatıb.
Ölkəsinin Rusiya və Ukrayna arasında önəmli vasitəçi rol oynadığına diqqət çəkən həmsöhbətim, Türkiyənin Qara dənizdə sabitliyi təmin etdiyini də vurğuladı:
– Montro Konvensiyasına əsasən, Türkiyə Qara dənizlə Aralıq dənizini birləşdirən Bosfor və Dardanel boğazları üzərində hüququndan istifadə edərək Rusiya–NATO müharibəsinin qarşısını alıb. Məhz Rusiya və Ukrayna ilə münasibətlərini balansda saxlayan Türkiyə “Taxıl koridoru” açmaqla qlobal dünyanın ərzaq böhranının qarşısını alıb.
Türkiyənin Rusiyanın yanında yer alması bəzi NATO ölkələri tərəfindən tənqid olunsa da, ölkəmiz BMT qərarı olmadığı üçün Rusiyaya qarşı sanksiyalar tətbiqinə əməl etmədi. Bu baxımdan Türkiyə Rusiyaya hava sahəsini də bağlamayıb.
Türkiyə–Azərbaycan qardaşlığı 44 günlük müharibədə Azərbaycan ordusunun zəfər əldə etməsində və Ermənistanın Qafqazda haqsız işğal etdiyi torpaqlardan çıxmasında böyük rol oynadı.
Professor Məsut Hakkı Çaşın daha sonra Türkiyənin Yaxın və Orta Şərq siyasətinə də toxunaraq rəsmi Ankaranın BMT tərəfindən legitim olaraq tanınan Liviya Milli Keçid Hökumətini dəstəklədiyini və ölkədə qırğınların qarşısının alınmasında böyük rol oynadığını diqqətə çatdırdı:
– Digər tərəfdən, Türkiyə Qətər ilə münasibətləri inkişaf etdirdi, İsrail ilə siyasət təkrar normallaşma prosesinə girdi, İranın nüvə silahı əldə etməsi cəhdlərinə qarşı narahatlığını ifadə etdi. Türkiyə hazırda NATO-nun üçüncü böyük gücü olaraq təşkilatı Qara dənizdə, Baltik dənizində və Şərqi Avropada dəstəkləyir.
Müsahibimiz onu da vurğuladı ki, cümhuriyyət tarixinin 100-cü ilinə güclü bir dövlət olaraq qədəm basan Türkiyənin inkişaf etdirilməsində Prezident Ərdoğanın rolu inkaredilməzdir:
–Son 2 onillikdə ölkəmizdə infrastruktur, dəniz və hava limanları, fabriklər açılması ilə yanaşı, dəmir yollarının müasirləşdirilməsi, yeni sürət qatarının fəaliyyətə başlaması kimi çox böyük önəmli dəyişiklərə imza atıldı. Türkiyənin özəlliklə də bölgədə meydana gələn İraq, Liviya, Suriya savaşları və Rusiya–Ukrayna müharibələrindən aldığı dərslər Türkiyə müdafiə sənayesinə çox böyük uğurlar qazandırdı.
Pilotsuz uçuş aparatları (İHA) və silahlı pilotsuz uçuş aparatlarının (SİHA) istehsalı ilə Türkiyə dünyada yüksələn bir gücə çevrildi. Müdafiə sənayesi sahəsində “Akıncı”, “Hürkuş”, “Singur”, “Aksungur”, “Anka 3”, “Qızıl alma” kimi adlar, demək olar ki, dünyada bir marka olaraq tanınmağa başladı. Bundan əlavə, Türkiyə Silahlı Qüvvələri xüsusilə zirehli heyət daşıyıcı (ZPT), tank və raket sektorlarının milli sərmayələri və yerli istehsalatları ilə də məşğul oldu.
Yaxın gələcəkdə yerli, yəni, milli döyüş təyyarələrini sahəyə buraxmağa hazırlaşan və işlərini sürətlə davam etdirən Türkiyə, başda “F-16” təyyarələri olmaqla ABŞ-dan asılılıqdan xilas olacaq, hətta bu sahədə dünyanın aparıcı ölkələrindən birinə çevriləcək. Keçən il 28 ölkəyə satmış olduğu SİHA-larla Türkiyə dünyada birinci oldu.
Hərbi dəniz donanmasında da Türkiyənin böyük uğurlar qazandığını vurğulayan siyasətçi ölkəsinin Qara dəniz, Aralıq dənizi və Egey dənizlərində öz Vətənini qoruyacaq çox önəmli bir dəniz gücü halına gəldiyini bildirdi:
Ölkəmiz elektronik hərbi gəmilərilə Aralıq dənizində Amerikadan sonra ən önəmli donanmaya çevrilib. Hərbi dəniz qüvvələrinin uğurları Türkiyəni Yunanıstanın Şimali Kipr Türk Cümhuriyyətinə qarşı ola biləcək müdaxiləsinə qarşı hazır vəziyyətə gətirib.
Bugünlərdə isə ölkəmiz ilk müşahidə peykini səmaya, ilk aviadaşıyıcı gəmisini isə suya buraxdı. Beləliklə, hava, quru və dəniz donanmasındakı uğurları və diplomatiyası ilə Türkiyə regionun ən güclü dövlətinə çevrilib.
Söhbəti apardı:
M.SULTANOVA
Ankara