Pentaqon hələ də məxfi sənədlərin sızma miqyasını müəyyən edə bilmir və kəşfiyyat məlumatlarının yayılmasının mümkün nəticələrini öyrənir. Bu barədə ABŞ müdafiə nazirinin ictimai əlaqələr üzrə müavini Kris Miger bəyan edib. Məlumatı CNN telekanalı yayıb.
Miger deyib: “Müdafiə Nazirliyi məlumatların yayılma miqyasını öyrənmək, dəyən zərəri qiymətləndirmək və nəticələri yüngülləşdirmək üçün görüləcək tədbirlər üzərində 24 saat çalışır”. Onun sözlərinə görə, müdafiə naziri Lloyd Ostin aprelin 6-da sızma barədə məlumatlandırılıb və o vaxtdan bəri yuxarı komandanlıqla hər gün iclas keçirir.
Nazir müavini qeyd edib ki, Pentaqon təhqiqatla məşğul olan və nazirliyin bir neçə bölməsinin fəaliyyətini koordinasiya edən xüsusi qrup yaradıb.
“Reuters” agentliyi isə internetdə dərc olunmuş məxfi sənədlərin saxta ola biləcəyi və hazırda Pentaqonun onların doğruluğunu yoxlamağa başladığı barədə informasiya yayıb. Xatırladaq ki, həmin sənədlərdə Çin, Asiya-Sakit Okean və Yaxın Şərq regionu, eləcə də Ukrayna ilə bağlı məxfi informasiyalar yer alıb. Bu sırada Ukraynanın hava hücumundan müdafiə sistemlərinin düzülüşü, artilleriya mərmilərinin sayı və Baxmut ətrafında vəziyyətin qiymətləndirilməsi barədə də məlumatlar var.
“Xalq qəzeti”