Ankara Bilkənd Universitetinin professoru Əmrulla Məmmədovun qardaş ölkədə 2023-cü il mayın 14-də keçirləcək prezident və parlament seçkilərinin xüsusi əhəmiyyəti və hazırkı seçki prosesinə qatılan namizədlərinin şansları və məramları barədə redaksiyamızın xahişilə hazırladığı analitik yazının ikinci hissəsini bu gün oxucuların diqqətinə təqdim edirik.
II məqalə
Ötən yazıda qeyd etdiyimiz kimi, seçkilərdə əsas rəqabətin iki alyans arasında olacağı aydındır. Bunlardan birincisi AKP və MHP-nin (Milliyyətçi Hərəkat Partiyası) liderlik etdiyi Xalq Alyansıdır. Bu iki partiyanın birliyi 2016-cı il 15 iyul dövlət çevrilişinə cəhddən sonra ölkənin varlığı üçün təhlükə yarandığı zaman ağır sınaqdan üzüağ çıxıb. Hər iki liderin hünəri və uzaqgörənliyi sayəsində bu birlik həm partiya üzvləri, həm də cəmiyyət tərəfindən böyük dəstək alıb.
2016-cı ildən sonra Türkiyə və onun ətrafında baş verənlər, Qərbin rəsmi Ankaranın müstəqil xarici siyasətindən narahatlığı, İraq və Suriyada terror aktları və ABŞ-nin bu bölgəyə hərbi müdaxilələri, bunun ardınca COVID-19-un yaratdığı qlobal tibbi, sosial, iqtisadi, üstəlik, Rusiya–Ukrayna müharibəsi özünün kövrək dövrünü yaşayan Türkiyə iqtisadiyyatına mənfi təsir etdi.
Bu qarışıq dövrdə neft və təbii qazın qiymətləri yüksəldi, unutduğumuz yaşayış minimumu və yüksək inflyasiya rəqəmləri yenidən gündəmə gəldi. Təbii ki, bütün bunların sadə vətəndaşların gündəlik həyatına təsir etməməsi mümkün deyildi. Müxalifət isə çoxdan fürsət gözləyirdi. Məhz buna görə də 2022-ci ilin əvvəlindən etibarən ana müxalifət partiyası CHP və onun tərəfdarı İyi Partiya (İP) növbədənkənar seçkilərlə bağlı tələblər irəli sürdülər.
Amma boş yerə. İqtisadiyyatın yavaş-yavaş dirçəlməsi və hakimiyyətin seçkilərin vaxtında keçiriləcəyi ilə bağlı davamlı etirazları müxalifəti çıxış yolunu ölkədən kənar ünsürlərdə axtarmağa vadar etdi. Müxalitət liderləri müxtəlif Qərb ölkələrinə, xüsusilə, ABŞ-yə dəstək səfərləri etdilər, Türkiyədə hökumət əleyhinə olan və qadağan olunmuş təşkilatlarla fikir mübadiləsi apardılar, hətta PKK-ya dəstək verən müxtəlif dərnək və fondlarla məsləhətləşmələrdə bulundular.
Hər halda, bəzi Qərb ölkələrinin liderləri Rəcəb Tayyib Ərdoğanın və AKP iqtidarının getməsini istədiklərini açıq şəkildə bildirirlər və buna nail olmaq üçün müxalifətə hər cür dəstək verəcəklərini vəd edirlər. Nəticədə, bütün bunlar cəmiyyətdə indiyədək heç vaxt görünməmiş qütbləşməyə gətirib çıxardı.
Qeyd etmək lazımdır ki, R.T.Ərdoğan və ümumən Xalq Alyansının son 20 ildə böyük uğurları olub. Müdafiə sənayesində yerli istehsalın nisbəti səksən faizə yüksəlib, quruda, dənizdə və havada ölkəni müdafiə edərək qorumaq üçün modern hərbi maşınlar, texnika və silah sistemləri yaradılıb. Pilotsuz uçuş aparatı “Bayraktar”ın və onun yeni, daha təkmil modellərinin şöhrəti bütün dünyanı dolaşır. Ökədə nəhəng infrastuktur layihələri icra olunub, İstanbul hava nəqliyyatı üzrə dünyanın ən böyük “hab”larından birinə çevrilib. Bu günlərdə Türkiyə kosmosa özəl müşahidə peykini çıxarıb, özünün ilk aviadaşıyıcı gəmisini suya buraxıb. Yeni TOGG avtomobillərinin milli brendə çevriləcəyinə ümidlər böyükdür.
İstər Aralıq dənizi və Qara dənizdə, istərsə də kontinental şelfdə yerli mütəxəssislərin və avadanlıqların köməyilə edilən kəşflər yeni neft və təbii qaz yataqlarının aşkar edilməsinə səbəb olub. Tezliklə bu təbii qaz evlərimizə də gələcək.
Terrorla mübarizədə baş verənlər təqdirəlayiq mübarizə nümunəsidir. Türkiyə Silahlı Qüvvələri (TSK) 40 ilə yaxındır ki, PKK terroru ilə mücadilə aparır. Amma TSK son 15 ildə xüsusilə böyük uğurlara imza ataraq, ölkədəki terror ünsürlərini sıfıra endirib. Yeni antiterror konsepsiyasına görə, TSK İraq və Suriyadakı terror ünsürlərini yerindəcə məhv edən, onlara itki verən mövqeyə yüksəlib.
Xarici siyasətdə təşəbbüslər də gözəldir. Yeni Afrika siyasəti, xüsusilə, Liviya, İsrail və Misirlə yaxınlaşan, Ukrayna–Rusiya müharibəsində hər iki tərəflə danışa və ünsiyyət qura bilən etibarlı vasitəçi kimi çıxış edən, Qafqazda və Mərkəzi Asiyada postsovet məkanında yerləşən ölkələrlə yaxşı münasibətlər quran, NATO-nun ikinci ən güclü ordusu, həm də siyasi səhnənin əvəzsiz ortağı olan Türkiyə özünün zəkalı və qətiyyətli mövqeyi sayəsində həm Yunanıstanı bir addım geri çəkilməyə vadar etdi, həm də ABŞ-ni bəzi hərbi alış-veriş etməyə razı saldı.
Bütün bunlar həm Xalq Alyansının vahid namizədi R.T.Ərdoğanın seçki yarışında əlini gücləndirir, həm də Xalq Alyansını yaradan partiyaların ümumi məclis seçkilərində uğur qazanması üçün zəmin yaradır. Son günlər həyata keçirilən tədbirlər qərarsız seçicilərin öz tərəfinə keçməsini təmin edəcək. Bunlar Xalq Alyansına qalməsi üçün güclü dəstək xarakteri daşıyır.
İkinci Seçki Alyansı – Millət Alyansına gəldikdə biz nə görürük? Qarşımızda ideoloji və seçki kütləsi baxımından əks qütblərdə olan və seçiciləri arasında “qan uyğunsuzluğu” səbəbindən onları bir yerdə saxlamaq, möhkəmlətmək çox çətin olan alyans nümunəsi var.
Ana müxalifətdəki dünyəvi CHP-nin rəhbərlik etdiyi alyansın digər görünən üzvləri millətçi və mühafizəkar partiyalardır: İP, Səadət Partiyası, DEVA Partiyası, Gələcək Partiyası və Demokrat Partiyası. Biri də var – HDP, zahirən görünməzdir, PKK-nın siyasi qolu kimi işləyir, 6 partiyalı masaya istədiyini qəbul etdirməyə cəhd edir.
Onları bir araya gətirən və məcburi birliklərinin “sementi” olan ünsür R.T.Ərdoğana qarşı patoloji nifrət və kin-küdurətdir. Bundan sonra nə olursa-olsun, Ərdoğan getsin. Onların başqa arzuları və düşüncələri yoxdur. Onları ölkə, iqtisadiyyat, cəmiyyət maraqlandırmır. Bu səbəbdən son aylarda tez-tez böhranlar yaşansa da, sonda yenidən bir araya gəlməli oldular. Bu 6 partiyalı masanın lideri olaraq CHP istədiklərini aldı və qarşılığında yalnız vədlər verdi.
Fikrimcə, deyilənlərin işığında seçki mübarizəsi şiddətli keçsə də, R.T.Ərdoğan birinci turda qalib gələcək. Parlament seçkilərində Millət Alyansı və HDP-nin rəhbərlik etdiyi Əmək və Azadlıq Alyansı (İşçi Hərəkatı Partiyası – EHP, İşçi Partiyası-EMEP, Xalqların Demokratik Partiyası-HDP, Sosialist Məclislər Federasiyası – SMF və Sosial Azadlıq Partiyası – TÖP) partiyaları qısa müddət ərzində parlamentdə balanssız çoxluq təşkil edə bilərlər. Bunlar, əlbəttə, ehtimallardır. Əlahəzrət zaman ən şeyin doğrusunu ortaya qoyacaq.
Nəhayət, bu seçkilər fonunda Azərbaycan–Türkiyə münasibətlərinə toxunmaq istərdim. Bu əlaqələr son 32 ildə müxtəlif mərhələlərdən keçərək indiki vəziyyətinə çatıb. Bir vaxtlar Dağlıq Qarabağdan yaralıları və mülki vətəndaşları, o cümlədən uşaqları xilas etmək üçün Türkiyədən tələb olunan 2-3 helikopteri Azərbaycana çatdırmaq iqtidarında olmayan Ankara bu gün xoşbəxtlikdən Bakının ən yaxın müttəfiqidir. Türkiyə Respublikasının Prezidenti R.T.Ərdoğan İkinci Qarabağ müharibəsində “can Azərbaycana” hərtərəfli dəstək verib. Bu, danılmaz reallıqdır ki, Türkiyə Azərbaycan Ordusunu öyrədib, silahlandırıb, hər cür texniki və maddi-texniki yardım göstərib.
Bu gün Azərbaycanın üçrəngli bayrağı Şuşada, Zəngilanda, Laçın və Kəlbəcərdə, Ağdamda və Füzulidə dalğalanırsa, Türkiyənin indiki yetkililərinin, xüsusilə Türkiyə Cümhuriyyətinin Prezidenti sayın R.T.Ərdoğanın əməyi danılmazdır. Türkiyə bir dövlət olaraq BMT və NATO, Avropa İttifaqı və Rusiyaya qarşı Azərbaycanı dəstəkləyib, İranın müdaxiləsinə qarşı qəti mövqeyini bəyan edib. Bu baxımdan, fikrimcə, Türkiyə Cümhuriyyətinin vətəndaşı olan və seçkilərdə səs verəcək soydaşlarımız Xalq Alyansının və onun namizədi R.T.Ərdoğanın seçilməsi üçün əllərindən gələni etməlidirlər.
P.S. “Xalq qəzeti” olaraq biz də inanırıq ki, Türkiyə vətəndaşları mayın 14-də keçiriləcək prezident seçkilərində özləri ən doğru və ədalətli seçim edəcəklər. Müdrik türk xalqının seçimi bütün hallarda bizim üçün məqbuldur.
Çapa hazırladı:
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”