Arıqlamağa qarşı qanun

post-img

İtaliya hökuməti son zamanlar arıqlamaq üçün iştahasızlıq yaradan dərmanları və yeməkdən imtinanı təbliğ edənləri cəzalandıran qanun layihəsi hazırlayıb.

İtaliyanın Qardaşları Partiyası (FdI) tərəfindən təqdim edilən qanun layihəsində həddindən artıq zəifliyi təbliğ edənlərin 2 ilə qədər həbs cə­zası və 60 min avroya kimi cərimələn­məsi nəzərdə tutulur. Zərərli dərman­ların qurbanlarının 14 yaşından kiçik olduğu halda həbs cəzasının 4 ilə qədər uzadılacağı və cərimənin 150 min avro təşkil edəcəyi bildirilir.

Qanun layihəsini açıqlayan senator Alberto Balboni sosial media da daxil olmaqla, hər vasitə ilə anoreksiya (hə­dsiz arıqlama) və bu kimi xəstəlikləri təbliğ edənlərə “təzyiq” edəcəklərini bildirib. Bundan əlavə, İtaliya mətbua­tı, həddindən artıq arıqlığı təşviq edən sosial media blogerlərinin hədəf alına­cağını da açıqlayıb.

Senator ölkədə hər il təxminən 4 min insanın bu xəstəliklərdən öldüyünü və onların əksəriyyətinin gənclər oldu­ğunu deyib və bunu “sosial xəstəlik” adlandırıb.

Bununla bərabər, Qanun layihə­si müxalifət və ekspertlər tərəfindən tənqidlə qarşılanıb. Belə ki, müxalifət partiyasından millət vəkili Çiara Qriba­udo senator Balboninin anoreksiyanı “drama” çevirərək cəza qanunu tətbiq etməyə cəhd etsə də, digər xəstəliklər­dən əziyyət çəkənlərə dəstək üçün “bir avro” belə ayırmadığını söyləyib.

Səadət RZAYEVA,
“Xalq qəzeti”

Sosial həyat