Uşaq avtobusun dalınca qaçırdı...

post-img

Bu günlərdə Nizami Xəzər Hasiloğlu adlı bir nəfər özünün “Facebook” səhifəsində Sumqa­yıtda şahidi olduğu ibrətamiz bir hərəkət barədə “Bu gün şahidi ol­duğum hadisədən çox duyğulan­dım...” sərlövhəli paylaşım yerləş­dirib. Orada deyilir: 

“Sumqayıtda “Əşya bazarı” adla­nan ərazidə bir azyaşlı uşaq çiynində çantası ilə 10 nömrəli marşrutun arxa­sınca qaçırdı ki, avtobusa minib gedə­cəyi ünvana tez çatsın. Avtovağzalın yaxınlığından təxminən beş yüz metr qaçdı. 

Sürücü ya onu görmürdü, ya da da­yanacaq deyil deyə saxlamırdı. Bu an ərazidə xidmət aparan Sumqayıt şəhər Polis İdarəsinin PPX-nin (Post Patrul Xidməti) əməkdaşları yağışlı havada üst-başı islanmış və təngnəfəs olmuş uşağı yoldan götürərək avtobusa çat­dırdılar. İnanın, həmin an gözlərim doldu. Düzü, həmin PPX əməkdaşla­rını tanımıram. Amma, çox təşəkkür edirəm”.

Bu kiçik qeydlərlə bağlı “Facebook”a çox sayda rəylər daxil olub. Onların demək olar ki, hamısında həmin po­lis əməkdaşlarının bu nəcib hərəkəti təqdir olunur. Məsələn, Nicat Dadaşov adlı bir nəfər hadisəyə münasibətini bu sözlərlə bildirib: “Həqiqətən, vicdanlı polislərimiz çoxdur ki, az deyil”. 

Sosial şəbəkə izləyicisi Əminə Abdullayeva isə düşüncələrini daha pafoslu şəkildə ifadə edib: “Eşq olsun polislərimizə!” 

Yeri gəlmişkən, paylaşım gözəl li­rik bir musiqi ilə müşayiət olunur. Bu məqamın özü də “Facebook” izləyicilə­rinin diqqətindən yayınmayıb. Onların bir neçəsi paylaşımı müşayiət edən lirik musiqi parçasına görə də müəllifə ayrıca təşəkkür etməyi özlərinə borc biliblər. 

Sonda bir məqama da diqqət ye­tirmək istəyirəm. Böyük ehtimalla haqqında bəhs olunan polis əmək­daşları sosial şəbəkədə populyarlaşan paylaşım barədə eşidiblər. Amma bunu “biz etmişik” deyib “forslanmağı” özlə­rinə rəva görməyiblər. Biz də adlarını bilmədiyimiz Sumqayıtın həmin ictimai asayiş əməkdaşlarına ürəkdən deyirik: Çox sağ olun! 

Hazırladı:
M.HACIXANLI, “Xalq qəzeti”

Sosial həyat