Ürək odu – göz işığı

post-img

ZƏRİFƏ ƏLİYEVA – 100

ANA! Öz tutumuyla bu varlıqla müqayisə olunası iki ruhi-müqəddəs tanıyıram: Çörək və Qurani-Kərim. Bu sözün – varlığın bütün canlılarda gücü, anlamı eynidir. Bala-övlad yolunda, dünyaya gətirdiyinin yolunda həyatından belə keçmək qüdrəti. Mütləq məhəbbətin bir nümunəsi. Gəlin etiraf edək ki, bu qan yaddaşından gələn məhəbbətin də dərəcələri olur, belə deyək ki, daha böyükləri, nəhəngləri olur. Və bu nəhəng hisslər, sevgilər zərif analarımızın qəlbində olur. Analar övladlarını laylalarla, bayatılarla oxşayırlar. Övladlar analarını “Ana” Cəfər Cabbarlı şeiriylə... 

Zərifə xanım haqqında bir Ana kimi danışanda öz müşahidələrimdən başqa, xatirəsi həmişə mənə əziz olan iki gözəl insanın – müəllimlərimin sözləri yada dü­şür. Professor Zəhra xanım Quliyeva və dosent Ləzifə xanım Əliyevanın (Ləzifə xanım Zərifə xanımın böyük bacısı idi). Onlar danışırdılar ki, Zərifə xanım övlad­larına fanatik məhəbbətli bir Ana idi. İşdə müxtəlif otaqlardakı telefonlardan (çox nəzərə çarpmasın deyə) dəfələrlə zəng edib evdə qoyub gəldiyi ciyərparalarını soruşardı. Və bu telefon danışıqlarından yalnız birini dinləyən adam heç vaxt onu unutmaz, bir ananın övladlarına olan məhəbbətinin ifadəsini ömrü boyu özüylə gəzdirərdi...

Onun həyat yoldaşı – o zamanlar Azərbaycan KP MK-nın birinci katibi Heydər Əlirza oğlu Əliyevə olan müna­sibətindən bir anın şahidi olmuşdum: Ləzifə xanımgildə balaca nəvəsi Eminin ad günündə (anam İldız xanımla mən də orada idim) dünənki televiziya ilə verilən iclasda Heydər Əlirza oğlunun böyük çıxışından söhbət düşəndə Zərifə xanı­mın gözlərini, üzünün ifadəsini heç za­man unutmaram. Bircə onu dedi ki, mən nəfəsimi dərmədən bütün çıxışı dinlədim, heyran olmuşdum. 

Zərifə xanım yeri gələndə çox incə yumorla danışardı. Gülarə xanım da (Zərifə xanımın bacısı) doğmaları, çox yaxınları ilə şux zarafatlar edərdi. O məc­lisdə Ləzifə xanım bir balaca soyuqlamış­dı, Gülarə xanım bunu görcək gülə-gülə dedi ki, Ləzi bacı ( o, Ləzifə xanımı meh­ribancasına belə çağırardı) eybi yoxdu, keçib gedəcək, təki xəstələnək, ancaq ölməyək. Zərifə xanımın zərif, olduqca yerində olan yumorundan Zəhra xanım, Ləzifə xanım, kafedramızın onunla həm­yaş olan dosentləri Səkinə xanım, Rəfiqə xanım saatlarla gözəl xatirələr danışar­dılar. Səkinə xanım və Rəfiqə xanım indi də danışırlar. İncə, zərif, yerinə düşən yu­mor, yüksək zövq sahiblərinə, geniş dün­yagörüşünə əslzadələrə məxsus əlamət­dir və çox təəssüf ki, bu, dünyada bütün yaranmışlara nəsib olan xoşbəxtlik deyil. Bu səadət Zərifə xanımın saysız bəzək­lərindən, tale vergilərindən biri idi. 

Allah-təala onu valideynlərindən də yarıtmışdı. Dünyanın ən dəyərli kişilə­rindən biri, xeyirxahlarından biri, alim­lərindən biri, siyasi xadimlərindən biri, ləyaqət sahiblərindən, seçilmişlərindən, tanınmışlarından biri, varlığıyla Azər­baycanın tarixi bir mərhələsi olan Əziz Əliyevin ailəsində dünyaya gəlmişdi Zərifə xanım. Anası Leyli xanım xanım­lar xanımı, ağlı-zəkası bir dünyanı idarə edəcək bir güc, nur sahibi idi. Leyli xa­nımın da söhbətləri heç vaxt unudulma­yacaq gözəllikdə idi. O söhbətlərdən bir epizodu xatırladım. Leyli xanım danışır­dı ki, həyat yoldaşı Əziz müəllim uzun müddət Vətəndən uzaqda işləyirmiş. O vaxt uşaqların böyüyü Ləzifənin (Leyli xanımın dilindən deyirəm) əlindən tutub Mircəfərin (Mircəfər Bağırov) qəbuluna getdim, xahiş elədim ki, Əzizi (Əziz Əli­yev) Azərbaycana qaytarsın, nə iş verir, versin, lap adi iş olsun. O da qayıtdı ki: Leyli xanım, Əziz Azərbaycana gəlsə o heç bir işdə işləyə bilməz, ona layiq olan yer ancaq mənim yerimdir, onu da mən tutmuşam. Bunu deyib bir xeyli susdu. Mən də gözləmədiyim cavabdan sonra heç bilmədim nə deyəm, sağollaşıb gəl­dim evimizə. 

Zərifə xanımın böyük qardaşı, profes­sor Tamerlan Əziz oğlu Əliyev Tibb Uni­versitetində terapiya kafedrasının müdiri idi. Ürəyimdə bir kitablıq söz, məhəbbət var onun ünvanına. İnşallah, ömür vəfa eləsə yazacağam. Ancaq bircə onu de­yim ki, bu yaşıma qədər doğmalarım, dostlarım, müəllimlərim qarışıq lap yaxın­dan tanıdığım əzizlərimin bir siyahısı var ürəyimdə. Mən Allahımı heç vaxt unutma­ram, ancaq o adamların Tanrı dərgahın­dakı hörmətlərinə güvənib dara düşəndə yalnız ürəyimdə pıçıltıyla Allahdan sonra onları köməyimə çağırıram. O kiçik siya­hıda Hüseyn babam var. Onlardan biri də Tamerlan müəllimdir. Böyük, çox böyük ləyaqət sahibi, nur daşıyıcısı, professor Tamerlan Əziz oğlu Əliyev! Mənim üçün həmişə canlı olan müqəddəs insan! 

Bu böyük ailənin, nəsil-şəcərənin Zərifə xanımla bağlı hər bir üzvü Dilbər xanım, akademik Cəmil Əliyev haqqında saatlarla danışmaq imkanım var. Ancaq bu xatirə yazının qəbul olunmuş reqla­mentinə uyğunlaşmalıyam. 

Bir ailənin iki üzvü – olduqca böyük şəxsiyyətlərdən dünyaya gələn övladla­rın genetik varisliyi valideynlərin və öv­ladların böyük xoşbəxtliyidir. 

Sevil xanımın qeyri-adi çoxşaxəli is­tedadının, savadının, təvazökarlığının, mədəniyyətinin bu səviyyədə olmasında atasının və Zərifə xanımın müstəsna rolu olmuşdur. Uzun illər bundan əvvəl Zərifə xanımla anamın arasında olan bir söh­bəti heç cürə unuda bilmirəm. O söhbət Ləzifə xanımgilin evində Ləzifə xanım, qızı Svetlana xanım və Gülarə xanımın yanında olmuşdu. Zərifə xanım deyirdi ki, Sevil (o vaxtlar Sevilin 16-17 yaşı olardı) bir tikə çörəyi (arasında pendir) qalanda belə atmır, tullamır, büküb qoyur ki, son­ra yeyərəm. Atası ölkənin birinci yox, lap yüzüncü adamı olan qız ya oğlan uşağın­dan bu cür nümunə, hətta deyərdim ki, müqəddəs davranış nadir hadisə idi, lap elə indinin özündə də heyrət və qibtə do­ğurardı...

Zərifə xanım alim idi. Adı böyük hərf­lərlə yazılan alim. Zamanı qabaqlayan. Onun bir neçə istiqamətdə apardığı iş­lər illər keçəndən sonra daha da aktu­allaşır, gərəkli olur, qiyməti daha da ar­tır. Məsələn, gözün peşə xəstəlikləri ilə əlaqədar Sovet İttifaqında yaradılan ilk sanballı elmi laboratoriya. Onun rəhbər­lik etdiyi, böyük ideyaları reallaşdıran bu kollektivin gördüyü işlərin elmi nəticələri bütün dünyada qəbul olunurdu. Əslində, akademik Zərifə xanım Əliyeva dünya­da bu elmi istiqamətin pioneridir. Heç də təsadüfi deyil ki, o, SSRİ Tibb Elmləri Akademiyasının yüksək Averbax Müka­fatına layiq görülmüşdü. Akademik Zərifə xanım Əliyevanın məşğul olduğu elmi is­tiqamətlərdən biri də iridodiaqnostikaya həsr olunan ilk elmi monoqrafiyanın apa­rıcı müəlliflərindən olması idi. 

Zərifə xanım bu günü uzun illər əvvəl görüb, tibbi deontologiyaya aid qiymətli elmi-fəlsəfi əsərlər yazıb mərkəzi mətbu­atda çap elətdirmişdi. 

O, Moskvada nəşr olunan o zamankı SSRİ-nin ən nüfuzlu oftalmoloji elmi dər­gisi olan “Vestnik oftalmologii” jurnalının redaksiya heyyətinin üzvü idi. O jurnalın baş redaktoru Ümumittifaq Göz Xəstə­likləri İnstitutunun direktoru, akademik M.M.Krasnov idi. Həmin illərdə mən bu elm ocağında aspiranturada, sonra isə doktoranturada təhsil alırdım. Zərifə xa­nımla vaxtaşırı həmin elmi mərkəzdə, müxtəlif elmi toplantılarda, ya da jurnalın redaksiya heyətinin yığıncaqlarına gələn­də görüşərdik. Bu qısa görüşlərdə, o, həmişə çox səmimi olardı, qayğılarımla maraqlanırdı. 

Bir dəfə mənə dedi ki, Heydər Əli­yeviç də sənin boyartımını izləyir, uğur­ların haqqında bizim evimizdə söhbətlər olur. Mən bir az utanaraq ona və Heydər Əlirza oğluna təşəkkür etdim. Bir müd­dət sonra Ümumittifaq Göz Xəstəlikləri İnstitutunun təqdimatı ilə elm sahəsin­də Ümumittifaq Lenin Komsomolu Mü­kafatına layiq görüləndə Heydər Əlirza oğlu məni Moskvadan Bakıya telefonla şəxsən təbrik elədi. 

Heydər Əlirza oğlu sonralar illər keçəndən sonra mənfur Qorbaçovun həsədinə tuş gəlib Bakıya dönəndən sonra, (yerli hakimiyyətlə də müxalif mövqedə olanda) yazıçıların Filarmoni­yada keçirilən qurultayında təsadüfən mənə yaxın oturacaqda əyləşdi. Xəlil Rza ilə birgə idilər. Görüşdük. Fasilədə həmin İdrak ətri (esselər) 77 zəngə görə bir daha təşəkkür etdim. Və bir də dedim ki, Siz Moskvadan məni təbrik etdiniz, ancaq burada Kamran Bağırov heç elə bil ki, yoxuymuş. Gülümsündü: “Fikir ver­mə, hamı bir olmaz ki”, – dedi. 

Akademik Zərifə xanım Əliyevanın elmi-pedaqoji, ictimai fəaliyyəti haqqın­da yazılanlardan fərqli qısaca öz mü­şahidələrimi qələmə aldım. O, bir övlad kimi, bir evin, bir kişinin xanımı kimi, bir ana kimi, alim, müəllim, vətəndaş kimi, həmişə ucalardan ucadaydı. Elmi konf­ranslardan sonrakı toplantılarda, ya bay­ramlarda, ad günlərində əksər hallarda unudulmaz Gülarə xanım da iştirak edər­di, həmişə birinci mahnı sifarişi “Anamın anasısan, Azərbaycan” olardı. “Ana” və “Azərbaycan” sözlərini heç kim onun kimi tələffüz elə bilməzdi. 

44 günlük müharibəmizin cahanşü­mül Qələbə ilə şərəflənən günlərində onun da ruhu şad oldu!

Akademik Zərifə xanım Əliyeva pre­zident xanımı, prezidentin Anasıdır. Bu, onun taleyi idi. Böyük, olduqca böyük həssaslıqla duymaq, görmək, heyran ol­maq, zəhməti sevmək, insanları, Vətəni sevmək onun tükənməz istedadı idi. 

Böyük sevgidən yaranıb, böyük məhəbbətlə insanları, Vətəni sevənlər əbədi yaşayanlardır... 

Paşa QƏLBİNUR,
ATU-nun oftalmologiya kafedrasının müdiri, professor

ze1.jpg

Sosial həyat