Əsl vətəndaş, xeyirxah insan, görkəmli alim

post-img

“Tanınmış oftalmoloq, akademik Zərifə xanım Əliyeva ölkəmizdə bu sahədə elmi kadrların formalaşması istiqamətində böyük işlər görüb, elmin özünə çox yeniliklər gətirib. Hər bir ölkənin inkişafı elmin inkişafından asılıdır”. Bu fikirləri Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru Rauf Bəylərov akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

Əczaçılıq fakültəsi üzrə TEC-in rəh­bəri, dosent Nərgiz Məmmədova bildirib ki, Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə Əliyeva təbabətdə öz dəst-xətti ilə seçil­mişdir. O, həm də əsl vətəndaş, xeyirxah insan kimi yaddaşlara həkk olunmuşdur. 

Tələbələrin konfransa hazırlıq prose­sini əks etdirən videoçarxın nümayişin­dən sonra Milli Oftalmologiya Mərkəzinin elmi təşkilatı, tədris və metodik bölmə­sinin müdiri Yazgül Abdıyeva akademik Zərifə Əliyevanın Azərbaycanda oftal­mologiya elminin inkişafındakı müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Zə­rifə xanım Azərbaycanda geniş yayılmış traxomanın müalicəsi, peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, pro­filaktikası və müalicəsi, habelə oftalmo­logiyanın müasir problemlərinə dair bir çox tədqiqatların müəllifidir. 

Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli akademik Zərifə Əliyeva­nın məşhur həkim olması ilə yanaşı, həm də qayğıkeş insan kimi yaddaşlarda qal­dığını qeyd edib: “Zərifə xanım həyatda iz qoyub getməyi bacaran insanlardan­dır. Zərifə xanım valideynlərinə layiqli bir övlad, sədaqətli ömür-gün yoldaşı və qayğıkeş ana idi. TEC konfransının belə bir şəxsiyyətin 100 illiyinə həsr edilməsi bizim üçün böyük bayramdır”.

ATU-nun TEC rəhbəri, dosent Müşfiq Həsənov da böyük ziyalı alim, oftalmoloq Zərifə xanım Əliyevanın 100 illiyinə həsr olunduğu üçün bu tədbirin önəminin bö­yüklüyünü qeyd edib. Deyib ki, məşhur alim, tanınmış həkim və istedadlı insan Zərifə Əliyevanın apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, fundamental əsər­ləri Azərbaycanda təkcə oftalmologiya yox, ümumiyyətlə tibb elminin parlaq sə­hifələrini təşkil edir. 

Konfransa 71 tələbə 46 elmi iş təq­dim edib. “AzerMed” QSC-nin dəstəyi ilə keçirilən tədbirdə 15 elmi iş mükafatlan­dırılıb. “Ən yaxşı poster”, “Ən yaxşı eks­perimental iş”, “Ən yaxşı referativ iş” kimi nominasiyalar üzrə qalib olan tələbələrə diplom və xüsusi hədiyyələrlə yanaşı, pul mükafatları da təqdim edilib. 

 

Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”

5-3zer.jpg

Sosial həyat