Azərbaycanda azad mediaya fundamental dəstək məramı

post-img

Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü il noyabrın 24-də “Jurnalistlə­rin dostu” mükafatının təqdim edilməsi ilə bağlı mərasimdəki çıxışında bu mü­kafatın ona verilməsinin böyük məna daşıdığını vurğulayaraq bildirmişdi: “Çünki ölkə Prezidentini “Jurnalistlə­rin dostu” adına sizin tərəfdən layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən iş­lərə işarə vurur. Mən bundan sonra da çalışacağam ki, Prezident kimi Azər­baycanda azad medianın inkişafı üçün dəstəyimi verim və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafını təmin edim. Çünki müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Azər­baycanın qarşısında isə belə məqsəd qoyulub ki, Azərbaycan gələcəkdə inki­şaf etmiş ölkələrin sırasına daxil edilsin. Belə olan halda, Azərbaycanda media ilə bağlı məsələlər ən yüksək səviyyədə öz həllini tapmalıdır”.

Azərbaycanda azad medianın in­kişafına dövlət səviyyəsində həmişə yüksək diqqət və qayğı göstərilib. Azər­baycan Prezidenti cənab İlham Əliyevin aprelin 1-də “Vergi Məcəlləsində dəyi­şiklik edilməsi haqqında” Qanunu təs­diqləməsi bunun növbəti əyani göstə­ricisidir. Qanunla audiovizual media istisna olmaqla, digər media subyektləri öz fəaliyyətlərindən əldə etdikləri gəlir­lər, reklam gəlirləri və müvafiq maddi yardımlardan tutulan gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, eləcə də istehsal etdikləri media məhsullarının əlavə dəyər vergisindən 3 il müddətinə azad olunur. 

Bəli, Prezidentin Vergi Məcəlləsinə dəyişikliyi təsdiqləməsi, Azərbaycan dövlətinin mediaya dəstək siyasəti­nin xarakterini bir daha ortaya qoydu. Dəstəyin fundamental tərəflərinə diqqət yetirildiyini də, həmçinin. Necə deyərlər, dövlətimiz mediaya balıq tutub vermir, balıq tutmaq üçün şərait yaradır. Son illər bu sahəyə dəstək məqsədilə atı­lan addımlar, o cümlədən, jurnalistlərə güzəştli ipoteka kreditinin verilməsi ilə bağlı müvafiq qaydalara dəyişikliyin olunması, kütləvi informasiya vasitələri məhsullarının nəşri ilə bağlı qəzet ka­ğızının idxalı və satışı üzərindən əlavə dəyər vergisinin götürülməsi, indi isə Vergi Məcəlləsində edilmiş sözügedən dəyişiklik dövlətin mövcud istiqamətdə­ki siyasətinin davamlı xarakter daşıdığı­nın göstəricisidir.

Onu da bildirək ki, ölkəmizdə medi­aya dövlət dəstəyi ardıcıl və prinsipial prosesdir. Bu proses medianı bütöv orqanizm kimi nəzərdə tutur və fəaliy­yətinin daha da optimallaşdırılmasına hesablanıb. Nəzərə alaq ki, mediaya dövlət dəstəyi siyasəti, eyni zamanda, bu sahənin bazarın təsirlərindən zəruri müdafiəsinin təşkili üzrə effektiv mexa­nizmdir. Prezident İlham Əliyevin “Azər­baycan Respublikasının Vergi Məcəl­ləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”­nu təsdiqləməsi isə mexanizmin işləkli­liyini bir daha sübuta yetirməkdədir.

Digər tərəfdən, ötən il qəbul edilmiş “Media haqqında” Qanunun 4-cü mad­dəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətinin stimullaşdırılması tələbinin nəzərə alın­ması, əsas götürülməsi rəhbər tutulur. Vergi Məcəlləsinə dəyişiklik həmin qa­nuna uyğun olaraq həyata keçirilmək­dədir ki, bu isə eyni zamanda media qanunvericiliyimizin işləkliliyinin vurğu­lanması nöqteyi-nəzərdən vacibdir.

Ümumən, medianın iqtisadiyya­tımızda təmsilçiliyi son dərəcə vacib məsələdir. Zaman-zaman biz mövcud istiqamətdə müəyyən geriləmələrin şa­hidi olurduq. Vergilər Məcəlləsinə dəyi­şikliyin növbəti müsbət təsiri məhz hə­min geriləmənin aradan qaldırılması ilə bağlı olacaqdır. Nəticə etibarilə reklam bazarında ciddi təmsilçilik medianın əlahiddə statusunun vurğulanmasına gətirib çıxaracaqdır. Bu, həm iqtisa­di, həm də mənəvi baxımdan mühüm məsələdir. Nəzərə alaq ki, özünü təmin edən media orqanı daha çox müstəqil və azaddır. Bütün bunlar isə jurnalisti­kanın fəlsəfəsindən irəli gəlir.

Bu fəlsəfə ayrı-ayrı media təmsil­çilərinin fikirlərində də kifayət qədər əhatəli təsvir olunur. Məsələn, Azər­baycan Mətbuat Şurasının sədri Rə­şad Məcid bildirib ki, media cameəsinin gözləntilərini doğruldan və günün tələb­lərinə adekvat olan dəyişiklik, media sektorunun sosial-iqtisadi durumuna müsbət təsir göstərəcək. “Azərbayca­nın reklam bazarında medianın iştirak payının onsuz da aşağı olduğu bir vaxt­da dövlət başçısının təsdiqlədiyi qanun bu sektorun üzləşdiyi maddi çətinlikləri əhəmiyyətli dərəcədə aradan qaldıra­caqdır” – deyən R.Məcid əlavə edib ki, dəyişiklik qlobal böhran risklərindən qo­runma təminatı olmaqla yanaşı, inkişaf üçün imkanların yaradılmasını, pers­pektivdə medianın sosial-iqtisadi cəhət­dən güclənməsini və müstəqil fəaliyyə­tini şərtləndirir: “İndiki zamanda media sektoru üçün bundan yüksək dividend ola bilməz. Bu, həm də media subyekt­lərinin bazar münasibətlərində etibarlı tərəfdaş kimi tanınması baxımından çox önəmlidir”.

Lakin çalışmaq lazımdır ki, bu fəaliy­yət medianın vahid orqanizm kimi ölkə iqtisadiyyatında yerinin və mövqeyinin qərarlaşmasına imkan versin. Yəni, media subyektlərinin iqtisadi sferada sərbəst təmsilçiliyinin formalaşması, onların gəlirlərinin artması, redaksiya­ların öz əməkdaşlarının həyat şəraitini yüksəltməsi, sosial vəziyyətini yaxşılaş­dırması baxımından müsbət dinamika­nı yaratması vacibdir. Bununla yanaşı, MŞ sədri vurğulayıb ki, güclü medianın informasiyalı cəmiyyətin əsas element­lərindən biri sayıldığını nəzərə alsaq, müasir dövrdə jurnalistikanın dövlət idarəçiliyində, cəmiyyət həyatında nə qədər müstəsna əhəmiyyət daşıdığı aydın olar. Bu mənada Azərbaycan dövlətinin ölkəmizdə medianın inkişafı istiqamətində atdığı bu ardıcıl addımlar, birmənalı olaraq, alqışlanmalı və təqdir edilməlidir. 

MŞ İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru El­çin Mirzəbəyli Trend-ə açıqlamasında bildirib ki, məlum dəyişiklik peşəkar medianın inkişafına və media subyekt­lərinin iqtisadi müstəqilliklərinin təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərə verilən çox mühüm dəstəkdir: “Qısa bir zaman kəsiyindən sonra peşəkar media subyektləri dövlət başçısının müvafiq fərmanı ilə qüvvəyə minən Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun, daha qısa və aydın ifadə etsək, vergi güzəştlərinin təsirini öz fəa­liyyətlərində ciddi şəkildə hiss edəcək­lər”. Onun sözlərinə görə, sözügedən əlavə və dəyişikliklər, eyni zamanda so­sial şəbəkələrlə peşəkar media resurs­ları arasındakı qeyri-bərabər rəqabətin mümkün qədər aradan qaldırılmasına, media sektorundakı sahibkarlıq fəa­liyyətinin stimullaşdırılmasına, reklam bazarının və biznes mühitinin kənar tə­sirlərdən sığortalanmasına və Azərbay­can mediasının, informasiya məkanının qorunmasına xidmət edir. 

Bəli, sonda bir daha vurğulayaq ki, Prezident İlham Əliyevin qərarı ilə me­dianın vergilərdən azad edilməsi son illərdəki media islahatlarının məntiqi davamıdır. Əminik ki, bu islahat media­mızın qarşısında keyfiyyətcə yeni pers­pektivlər açacaq və zaman keçdikcə bu perspektivlər özünü konkret şəkildə göstərəcək.

 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Sosial həyat