Talançılığın erməni siması

post-img

Ekoaksiyanın gündəliyi

Laçın–Xankəndi yolunda 114 gündən bəri davam edən etiraz aksiyası siyasi məqsəd daşımasa da, nəticə etibarı ilə milli maraqlarımızın təmin olunmasına yönəlib. Aksiyaçılar ekoloji talana, iqtisadi cinayətlərə etiraz edirlər. 

Azərbaycanlı könüllülərin haqq səsi dünyanın bir çox mediasında eşidilir. Dünya mətbuatının nümayəndələri bir neçə dəfə aksiya keçirilən əraziyə gəlib­lər. Belə səfərlərdən biri də aprelin 2-də baş tutub. Belə ki, Şuşada səfərdə olan media nümayəndələri – britaniyalı jurna­list Eror Alexsandar və serbiyalı fotoqraf Knezevic Nemanja Azərbaycanın Qara­bağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi–Laçın yolunda keçirilən etiraz aksiyası ilə tanış olarkən yolun humani­tar məqsədlər üçün açıq olduğuna şa­hidlik ediblər.

Əcnəbi media nümayəndələri söh­bət əsnasında etiraz aksiyası barədə məlumatlandırılıblar. Onlara aksiyanın məqsədi və etirazçıların tələbləri barədə informasiya verilib. Qeyd edilib ki, ak­siyanın keçirilməsində məqsəd ekoloji cinayətlərə son qoyulmasıdır. Yol huma­nitar məqsədlər üçün tam açıqdır və heç bir blokadadan söhbət gedə bilməz.

Həmçinin xarici media nümayən­dələrinə aksiyanın dinc şəkildə keçiril­diyi barədə məlumat verilib. Bununla yanaşı, əcnəbi jurnalistlər Azərbayca­nın işğaldan azad olunan ərazilərində, xüsusən də Şuşada aparılan bərpa və yenidənqurma işləri barədə məlumat­landırılıb.

Qarabağda davam edən ekoloji ter­ror, separatçılıq, ümumilikdə, ölkəmiz üçün zərərlə nəticələnir, abadlıq-quru­culuq işlərinin də ləngiməsinə səbəb olur. Gedən proseslər oradan didərgin salınmış Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır. Bu, həm də Azərbaycan iqtisadiyyatına ziyandır. 

Qarabağdakı erməni separatçıları bütün hallarda beynəlxalq hüquq nor­malarını açıq şəkildə pozaraq, Azər­baycanın dünya ictimaiyyəti tərəfindən tanınan ərazilərində təbii sərvətlərimizi qeyri-qanuni istismar etməklə özbaşı­nalığa yol verirlər. Ermənistan silahlı qüvvələri üçtərəfli bəyanatın 4-cü mad­dəsində nəzərdə tutulduğu kimi, həmin ərazini tərk etməli idi. Lakin bu, baş ver­mədi. Onlar nəinki ərazidən getməyib, həm də daxili və xarici şirkətlərin cəlb edilməsi yolu ilə qeyri-qanuni qızıl və mis hasilatı ilə məşğul olublar. Bu qa­nunsuz əməllər ətraf mühitin çirklənmə­sinə, regionun ekoloji durumunda ciddi fəsadlar yaradacaq problemlərə səbəb olur. 

Dünyanın bir sıra ölkələrinin aparıcı mətbuat orqanları azərbaycanlı ekofəal­ların Şuşa ərazisindən keçən Laçın–Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyasının davam etdiyindən yazır. Məqalələrdə azərbaycanlı ekofəalların keçirdiyi aksiya ilə beynəlxalq ictimaiy­yətin diqqətini Azərbaycanın Qarabağ bölgəsindəki faydalı qazıntı yataqlarının yerli ermənilər tərəfindən qanunsuz is­tismarına və ekologiyaya vurulan ziya­na yönəltdikləri qeyd olunur. Bildirilir ki, üçtərəfli bəyanata uyğun olaraq, 2020-ci ilin noyabrında İkinci Qarabağ müha­ribəsindən sonra yola nəzarət üçün buraya müvəqqəti olaraq Rusiya sülh­məramlıları yerləşdirilib. Ekofəallar Qa­rabağda ermənilərin qanunsuz istisma­rını pisləyirlər. Ancaq bəzi ermənipərəst media qurumları Ermənistanın yalan məlumatlarını tirajlamaqla məşğuldur. 

Gün ərzində Şuşaya fasilələrlə qar yağıb, şaxtalı hava şəraiti hökm sürür. Aksiyaçıların toplaşdığı ərazidən keçən avtomobillərin hərəkətininin sərbəstliyi mütəmadi olaraq təmin edilir. Yol hu­manitar məqsədlər üçün açıqdır. Dünən yolda Rusiya sülhməramlılarına və Bey­nəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 100-dan çox nəqliyyat vasitəsi maneə­siz hərəkət edib.

 

Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”

Siyasət