Bir güllə atılmadan azad edilən Kəlbəcər!

post-img

Kəlbəcərin Ermənistan tərəfindən 1993-cü il aprelin 2-də işğal edilməsi nəticəsində günahsız insanlara vəhşicəsinə divan tutuldu, 511 dinc sakin öldürüldü, 321 nəfər isə əsir götürüldü və itkin düşdü, 58 min rayon sakini ata-baba torpağından didərgin salındı. Bununla yanaşı, Ermənistan tərəfindən rayonun bütün yaşayış məntəqələri, infrastrukturu, qədim və zəngin maddi-mədəni irsi məhv edildi. Bölgədə yerləşən və Azərbaycanın qədim alban xristian irsinə aid olan monastrların original arxitektur xüsusiyyətləri dəyişdirilərək erməniləşdirildi.

Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası tərəfindən 822 saylı qətnamə qəbul edildi. Bu sənəddə bütün işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, həmin qətnamə, o cüm­lədən sonradan qəbul edilən daha 3 qətnamə yerinə yetirilmədi. BMT və ATƏT-in prinsiplərinə zidd şəkildə 1999-cu ildən başlayaraq, Kəlbəcər ra­yonu ərazisində Ermənistan tərəfindən süni şəkildə məskunlaşdırma aparıldı. 

Lakin Azərbaycan xalqı özü bey­nəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibə­sində qazanılan möhtəşəm Zəfər nə­ticəsində imzalanmış Üçtərəfli bəya­nata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaq­la, rayonun 147 yaşayış məntəqəsi iş­ğaldan azad edildi. Rayonun bir güllə atılmadan, heç bir itki verilmədən düş­məndən geri alınması Prezident, Ali Baş Komandan İlham Əliyevin döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də qalib sərkərdə olduğunu təsdiqlədi. 

Yeri gəlmişkən, rayonun şimal his­səsi Vətən müharibəsinin ilk günlərin­də ordumuz tərəfindən işğalçılardan azad edilmişdi. Kəlbəcərdəki strateji yüksəkliklərin götürülməsi ermənilərin istifadə etdikləri nəqliyyat-kommunika­siya infrastrukturuna nəzarətə imkan verdi. Nəticədə isə Ermənistan ordusu­nun hərəkətləri rəşadətli ordumuz tərə­findən iflic vəziyyətinə salındı.

Kəlbəcərin azad edilməsi tarixi ha­disə idi. Rayonun işğal altına düşməsi isə xalqımızın böyük faciəsi idi. Çünki Laçın və Şuşa rayonları 1992-ci ilin may ayında ələ keçiriləndən sonra ermənilərin növbəti hədəfi Kəlbəcər idi. Bu məsələdə isə əsas günahkar o dövr hakimiyətdə olan Azərbaycan rəhbərliyinin bacarıqsızlığı, naşılığı, qətiyyətsizliyi idi. Prezident İlham Əli­yev bu barədə çıxışlarının birində de­yib: “Hər kəs bilir ki, Şuşa və Laçının işğala məruz qalması AXC–Müsavat cütlüyünün xəyanəti nəticəsində baş vermişdir. O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi, AXC–Müsavat cüt­lüyü hakimiyyətə can atırdı, nəyin ba­hasına olursa-olsun hakimiyyəti zəbt etməyə çalışırdı və onların nəzarəti altında olan bəzi qüvvələr, bəzi satqın­lar Şuşanı demək olar ki, ermənilərə təhvil verdilər və Şuşa demək olar ki, müdafiə olunmadı. Şuşada olan bəzi silahlı dəstələr Şuşadan çıxdı və faktiki olaraq Şuşa ermənilərə təslim edildi. Məhz bunun nəticəsində Azərbay­canda hakimiyyət böhranı yaşandı və AXC–Müsavat cütlüyü bundan istifa­də edib qanunsuz yollarla hakimiyyəti uzaqlaşdırıb, hərbi çevriliş törədib ha­kimiyyətə gəldi. Şuşa və Laçının iş­ğal altına düşməsi sırf AXC-Müsavat cütlüyünün xəyanətidir, satqınlığıdır. Kəlbəcər rayonu işğal altına düşəndə, artıq AXC–Müsavat cütlüyü öz çirkin məqsədlərinə çatmışdı, hakimiyyətdə idi…”.

Yuxarıda qeyd etdiyimiz kimi, rayon işğal dövründə tamamilə dağıdılıb. Yeri gəlmişkən, düşməndən təmizləndikdən sonra Kəlbəcərə səfər edən Prezident İlham Əliyev buradakı erməni vəhşili­yi ilə bağlı deyib: “Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdıl­mışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıb­lar. Bütün binalar dağıdılıb. Bəzi bina­larda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni fa­şizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi da­ğıtmışdılar. 2020-ci ildə biz bunları bu­radan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”.

Səfər zamanı dövlətimizin başçı­sı və birinci xanım tərəfindən Göygöl və Kəlbəcər rayonlarını birləşdirəcək Toğanalı–Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməli qoyuldu. Bundan əlavə, Kəlbəcər–Laçın avtomobil yolu üzərin­də inşa olunacaq tunelin də inşasına başlanıldı.

Ötən il şəhərin Baş planı Azərbay­can Prezidentinə təqdim olunub, ra­yonda İşğal və Zəfər muzeyləri komp­leksinin təməlqoyma mərasimi keçirilib. 110/35/10 kilovoltluq “Kəlbəcər” ya­rımstansiyası istismara buraxılıb. 

Kəlbəcər rayonunda həyata keçi­rilən layihələr sırasında Toğanalı–Kəl­bəcər avtomobil yolunun inşası xüsusi əhəmiyyət kəsb edir. Göygöl və Kəl­bəcər rayonlarını birləşdirən Toğana­lı–Kəlbəcər–İstisu avtomobil yolunun layihə uzunluğu 80,7 kilometrdir. 

Toğanalı–Kəlbəcər, Kəlbəcər-La­çın avtomobil yolu üzərində Murovdağ­da tunelin inşası, “Kəlbəcər-1” Kiçik Su Elektrik yarımstansiyasında işlər sürət­lə aparılır. 

Beləliklə, Kəlbəcər ərazisinin dağ­lıq relyefi, füsunkar təbiət mənzərələri, keyfiyyətli su ehtiyatları və tarixi abi­dələri buranın gələcəkdə turizm məka­nı kimi şöhrət tapacağına zəmin yara­dır. Rayon ərazisi turizmin də inkişafı üçün böyük potensiala malikdir. Kəlbə­cərdə infrastrukturun yaradılması xari­ci ölkələrdən turistlərin Kəlbəcərə cəlb olunmasına şərait yaradacaq.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

Sosial həyat