Avropa Azərbaycanın “yaşıl enerji” potensialına böyük ümidlə baxır

post-img

Bir müddət bundan əvvəl respublikamızda səfərdə olan “Fortescue Metals” və “Fortescue Future Industries” şirkətləri Direktorlar Şurasının sədri xanım Cin Baderşnayder Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verdiyini, ölkəmizin bu sahədə böyük imkanlarının, o cümlədən ixrac üçün kifayət qədər potensialının olduğunu vurğulayaraq deyib: “Azərbaycan enerji təhlükəsizliyi sahəsində böyük uğurlar əldə edir və Avropada xüsusi hörmətə malikdir. Bu ölkədə külək enerjisi əldə edilir, hətta termal stansiyalar var. Azərbaycanın enerji sahəsində uğurlarının daha çox olacağına inanıram. Azərbaycan investisiya üçün əlverişli dövlətlərdən biridir. Bax, elə buna görə də Azərbaycan ilk və bəlkə də yeganə hidrogen habına çevrilmək imkanına malikdir”.

Bu, bir daha onu göstərir ki, Azərbay­can bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələr­dəndir. Belə ki, respublikamızın iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan ümumi “yaşıl enerji” potensialı 200 qiqavatdır. Dənizdə külək enerjisinin potensialı 157 qiqavat, quruda külək və günəş enerjisinin poten­sialı 30 qiqavata, işğaldan azad olunmuş ərazilərdə isə enerji potensialı 10 qiqava­ta yaxındır.

Hazırda ölkəmizdə “yaşıl enerji” la­yihələrinə dair bir sıra anlaşmalar inten­siv şəkildə davam etdirilir. İmzalanan icra müqavilələri isə 25 qiqavat gücündə “yaşıl enerji”nin istehsalını nəzərdə tu­tur. Bu gün Azərbaycanın enerji sistemi­nin qoyuluş gücü 8 qiqavatı keçmir. Bu həcmdə “yaşıl enerji”nin istehsalı, təbii ki, onun sonradan istifadəsi ilə bağlı müəy­yən məsələləri həll etməyi nəzərdə tutur. Bununla bağlı hidrogen istehsalına “yaşıl enerji”nin yönəldilməsi, eyni zamanda, “yaşıl elektrik enerjisi”nin ixracı istiqamə­tində ciddi addımlar atılır. Enerji ixracı ilə bağlı ötən ilin sonunda 4 ölkə–Azərbay­can, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış müqavilə üzrə artıq böyük əhəmiyyətə malik perspektiv iş aparılır. 

Hazırda SOCAR “yaşıl enerji” sahə­sində beynəlxalq konsaltinq şirkəti ilə əməkdaşlıq edir. Bu əməkdaşlığa az kar­bon emissiyası, istixana və qaz tullantı­larının azaldılması və s. daxildir. Altı ay ərzində SOCAR-ın öz hədəflərini müəy­yənləşdirəcəyi nəzərdə tutulur. Burada əsas məqsəd reytinqlərdəki vəzifələrə uyğunlaşmaqdır.

Prezident İlham Əliyev Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə martın 13-də Berlində keçirdiyi görüşdə bununla bağlı ətraflı bəhs edib. Dövlətimizin baş­çısı respublikamızda bərpaolunan enerji mənbələrinin böyük potensialı olduğunu bildirib. Ölkə rəhbəri bu fikri konkretləş­dirərək Azərbaycanda külək və günəş enerjisi mənbələrinin potensialının 200 qiqavata yaxın olduğunu vurğulayıb. Pre­zident İlham Əliyev belə bir ehtiyat hesa­bına bu gün xarici sərmayədarların cəlbi­nin, həmin enerji həcmlərini ixrac etmək məqsədilə lazımi ötürmə imkanlarının da diqqətdə saxlanıldığını deyib. 

Xatırladaq ki, hazırda ölkəmizin BP ilə birgə icra etdiyi Səngəçal terminalına elektrik enerjisinin verilməsi layihəsi də Azərbaycanın bərpaolunan enerji siyasə­tindən qaynaqlanır. BP-nin Qarabağın azad olunmuş şəhərlərindən birində – Cəbrayılda 240 meqavat gücündə günəş enerji stansiyasının tikintisində birbaşa xarici sərmayədar olması da bunun bariz ifadəsidir. İstehsal olunmuş həmin enerji­nin respublikamızın enerji sisteminə daxil ediləcəyi nəzərdə tutulur. 

BP ilə birgə icra edilən Səngəçal terminalına elektrik enerjisinin verilməsi layihəsi gerçəkləşəndən sonra burada “mavi yanacaq”dan istifadə dayandırı­lacaq. Həmin qaz boru kəmərinə daxil ediləcək və Avropaya yönləndiriləcək. Bir sözlə, burada dövlətimizin başçısının vurğuladığı kimi üçtərəfli uduşlu vəziyyət yaranır. Yəni Azərbaycan 240 meqavat­lıq günəş enerji stansiyasını alır, BP-nin Səngəçal terminalı karbonsuz və daha səmərəli qaydada fəaliyyət göstərməyə başlayır və orada işlədilən qaz Avropaya ixrac olunur. Göründüyü kimi, sözügedən layihə enerji səmərəliliyi baxımından mü­hüm əhəmiyyət daşıyır. 

Yeri gəlmişkən, Prezident İlham Əli­yevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə Berlin görüşündə səsləndir­diyi bir fikri də diqqətə çatdırmaq istərdik. Bu, xarici investorların ölkəmizin bəro­aolunan enerji potensialına marağının reallaşdırılması ilə bağlı məsələdir. Ölkə rəhbəri həmin toplantıda qeyd edib ki, Azərbaycanda elektrik enerjisi ilə bağlı mövcud daxili qiymətlər xarici sərmayə­darlar üçün sərfəlidir. Elə buna görədir ki, artıq iki əcnəbi qlobal enerji şirkəti– “Masdar” və “ACWA Power” tərəfindən ümumi həcmi 470 meqavat olan layihələr reallaşdırılır. Bu yaxınlarda isə BP ilə 240 meqavat təşkil edəcək yeni bir layihə ilə əlaqədar təməlqoyma mərasiminin ger­çəkləşəyi gözlənilir. Beləliklə, üç əsas enerji şirkəti hesab edir ki, Azərbaycanda bərpaolunan enerji sahəsində qiymətlər, tənzimləyici qaydalar və biznes mühit münasibdir. 

Onu da deyək ki, “ACWA Power”, “Masdar”, BP və “Fortescue” resursları hesabına reallaşdırılacaq bərpaolunan enerji layihələrinin ümumi həcm səviyyə­si 25 qiqavatdır. Beləliklə, əminliklə deyə bilərik ki, Azərbaycan yaxın dövrdə Avro­pa üçün vacib “yaşıl enerji” təchizatçısına çevriləcək və Avropanın enerji təchizatın­da önəmli rol oynayacaq. 

Samir HEYDƏROV,
iqtisadçı-ekspert:

– Azərbaycan son illər bir sıra ölkələrlə “yaşıl kimya”, “yaşıl ener­ji”, “yaşıl enerji zonası”, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsasında sıx əməkdaşlıq edir. Bu münasibət­lər dövlətlərin siyasi və iqtisadi ortaq maraqlarını şərtləndirir, eyni zaman­da, respublikamız üçün geosiyasi üs­tünlüklər qazandırır. Çünki Avropanın enerji təhlükəsizliyində rol almaq Azər­baycanın müstəqil siyasi xəttinin daha da güclənməsinə önəmli təsir göstərir. 

Belə bir şərait, daha konkret ifadə etsək, uğurlu enerji siyasəti Azərbay­canı Avropanın enerji bazarında nü­fuzlu iştirakçıya çevirir. İndiyə kimi əldə olunan uğurlu təcrübə –“yaşıl enerji” potensialının düzgün istifadəsi ölkəmi­zin cəlbediciliyini daha da artırır. Bu isə Azərbaycanın çox böyük “yaşıl enerji” potensialına malik olmasından xəbər verir.

Azərbaycan, Gürcüstan, Macarıs­tan və Rumıniyanın Avropa Komissi­yası sədrinin iştirakı ilə “yaşıl enerji”nin ötürülməsinə dair imzalanan saziş əsa­sında Xəzər dənizindəki külək enerjisi stansiyalarından Avropaya ötürmə xət­tinin çəkiləcəyi, həmin xəttin bir hissə­sinin Qara dənizin dibi ilə aparılacağı və bununla bağlı hazırda respublika­mızda texniki əsaslandırma prosesinin reallaşdırıldığı bildirilir.

Onu da qeyd edim ki, Azərbaycan 2030-cu ilədək enerji balansında bər­paolunan enerji payının 30 faizə yük­səldilməsini qarşıya mühüm vəzifə kimi qoyur. Bu, ölkəmizdə enerji təhlükəsiz­liyinin və dayanıqlı iqtisadi inkişafın gücləndirilməsi, habelə ekoloji vəziy­yətinin yaxşılaşdırılması baxımından olduqca mühüm önəm daşıyır. 

Bütün bunlar isə ondan xəbər ve­rir ki, ölkəmiz beynəlxalq “yaşıl enerji” bazarında vacib təchizatçıya və oyun­çuya çevrilmək ərəfəsindədir. Bu, ilk növbədə, Azərbaycanın “yaşıl hid­rogen”i ixrac etmək niyyətindəki qəti mövqeyi ilə bağlıdır. Bununla bərabər, bərpaolunan enerji potensialının real­laşdırılması, “yaşıl enerji” sahəsində keçidin olduqca sürətlə gerçəkləşməsi də yaxın perspektivdə bu istiqamətdə əldə ediləcək uğurlardan xəbər verir.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

11-3.jpg

İqtisadiyyat