Daun sindromlu insanların sosial problemlərini öyrənmək, onlara göstərilən diqqət və qayğını artırmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 2011-ci ildə 21 mart tarixini “Ümumdünya Daun Sindromlu İnsanlar Günü” elan edib. Bu günün təsis edilməsində əsas məqsəd cəmiyyətin diqqətini sözügedən şəxslərin problemlərinə çəkmək, maarifləndirmə tədbirlərinin keçirilməsinə şərait yaratmaqdır. Həmin gün aidiyyəti orqanlar, müxtəlif beynəlxalq və qeyri-hökumət təşkilatları bu istiqamətdə bir sıra tədbirlər həyata keçirirlər.
Qeyd edək ki, “Daun” adı ilk dəfə 1866-cı ildə bu sindromun əsas fiziki xüsusiyyətlərini qeyd edən həkimin – Con Lenqdon Daunun şərəfinə adlandırılıb. Daun sindromu 21-ci cüt xromosomlarda baş verən anomaliya zamanı trisomiyanın əmələ gəlməsi hal hesab olunur. Daun sindromu genetik bir təsadüfdür, anomaliyadır və bu cür uşaq hər bir ailədə doğula bilər. Daun sindromu ilə doğulan uşaqlar arasında əqli və fiziki cəhətdən inkişaf edənlərə də rast gəlmək mümkündür.
Daun sindromlu uşaqların zehni inkişafına erkən dövrdən başlamaq və 4-5 yaşına qədər çox ciddi yanaşmaq lazımdır. Onların sevgi, diqqət və fəal ünsiyyətə böyük ehtiyacı var, çünki digər uşaqlarla müqayisədə onlar valideynlərinə daha çox bağlı olurlar. Bunun başlıca səbəbi həmin uşaqların dostluq münasibətlərinə üstünlük verməsidir. Həmin uşaqların xüsusi dərnək, bölmə və məşğələlərdə iştirak etməsi çox faydalıdır. Burada onlar ümumbəşəri dəyərlər, azad və sərbəst inkişaf, vətəndaş tərbiyəsi, tolerantlıq, azadlıq və insan hüquqlarına hörmət öyrənirlər.