2018-2021-ci illərdə həftədə bir dəfə Türkiyə telekanallarından birində yayımlanan və Azərbaycan mədəniyyətini, tarixini, coğrafiyasını təbliğ edən “Azərbaycan rüzgarı” televiziya proqramı yenidən fəaliyyətə başlayıb.
“Xalq qəzeti”nə bu barədə proqramın müəllifi, telejurnalist, İstanbul Universitetinin aspirantı Səidə Ömər bildirib. O deyib ki, proqramının əsas məqsədi Azərbaycanın qədim tarixi, ecazkar coğrafiyası, tarixi şəxsiyyətləri və zəngin mədəniyyəti ilə bağlı məlumatların Türkiyə ictimaiyyətinin diqqətinə çatdırmaq, ölkəmizi təbliğ etməkdir: “Hazırda Türkiyə ictimaiyyətində bu məlumatlara çox ehtiyac var. Xüsusilə, dövlət, ordu, xalqın birliyi ilə 44 günlük müharibədə əldə etdiyimiz Qarabağ Zəfərindən sonra Türkiyə cəmiyyətində Azərbaycanı, Qarabağı daha yaxından və daha ətraflı tanımaq istəyirlər”.
Telejurnalist onu da bildirib ki, ölkəmizi Türkiyə tamaşaçısına tanıtmaq üçün azərbaycanlı olmaq, o torpaqlarda böyümək, musiqimizi, ədəbiyyatımızı, incəsənətimizi, adət-ənənələrimizi, təbiətimizi bilmək vacibdir: “Bir azərbaycanlı olaraq mənim də məqsədim həm mədəniyyətimizi təbliğ etmək, həm də dünyada alternativi olmayan Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsinə bacardığım xidməti göstərməkdir”.
Qeyd edək ki, layihə yeni formatda Türkiyənin “Ulusal” kanalında hər həftənin bazar günləri efirə çıxacaq. Proqrama dəvət edilən ilk qonaqlar, Türkiyənin Azərbaycandakı səfirliyinin baş katibi Aygün Qocayeva, Azərbaycan parlamentinin millət vəkili, tarixçi, professor Musa Qasımlı Türkiyə və Azərbaycan arasında diplomatik əlaqələrdən Türkiyədə baş verən güclü zəlzələnin Azərbaycanda dövlət və cəmiyyət tərəfindən necə həssaslıqla qarşılanmasından, iki qardaş ölkənin sarsılmaz əlaqələrinin tarixi faktlara əsaslanmasından bəhs ediblər. Türkiyədə yaşayan, gənc azərbaycanlı müğənni Elgün Quliyev isə Azərbaycan və Türkiyə haqqında ifaları ilə iki ölkənin qardaşlığını musiqi ilə dilə gətirib.
“Azərbaycan rüzgarı” proqramının tamaşaçı rəğbətinə səbəb olduğunu diqqətə çatdıran S.Ömər layihə ilə bağlı bunları deyib: “Hesab edirəm ki, bu layihə Türkiyədən dünyaya açılan pəncərədir və bu pəncərə vasitəsi ilə iki ölkə qardaşlığının, müttəfiqliyinin ən yaxşı nümunə kimi bütün dünyaya yayılmasını istəyirəm. Odur ki, hər həftənin bazar günü dünya türklərini Türkiyə vaxtı ilə saat 18.30-da ekran başına dəvət edirəm”.
M.SULTANOVA,
Ankara