Kahramanmaraşda Azərbaycan məhəlləsi salınır

post-img

Fevralın 6-da Türkiyənin 11 vilayətində dağıntılara səbəb olan güclü zəlzələdən sonra azərbaycanlı iş adamları və qeyri-hökumət təşkilatlarının bir araya gələrək yenidən bərpa etdikləri “Qardaş köməyi” platformasının fəaliyyəti davam edir. 

Bu dəfə zəlzələ ocağı Kahramanmaraş şəhərində 200 konteynerlik Azərbay­can məhəlləsi qurulacaq. 

Platformanın Türkiyə təmsilçisi, Asif Qurbanlının “Xalq qəzeti”nə bildirdiyinə görə, bu günlərdə məsələ ilə əlaqədar Kahramanma­raşın Türkoğlu rayonunda vali Tuncay Akkoyun ilə gö­rüşüblər. 

Valinin edilən yardım və dəstəyə görə, Azərbaycana və “Qardaş köməyi” platfor­ma üzvlərinə təşəkkür etdiyi­ni deyən Asif Qurbanlı bildirib ki, Tuncay Akkoyun ilə aparı­lan müzakirələrdən sonra ən azı 200 yaşayış konteyneri­nin yer alacağı Azərbaycan məhəlləsinin qurulmasına qərar verilib: “Platforma tərə­findən göndərilən 100-dən çox yaşayış konteynerləri artıq sahəyə gətirilib. Onu da xüsusi olaraq qeyd edim ki, Türkiyənin Fövqəladə Halla­rın İdarə Olunması Agentliyi (AFAD) rəsmiləri də məhəllə salınacaq ərazidə aparılan işlərə baxış keçirib”.

A.Qurbanlı Azərbaycan Sahibkarlar Konfederasi­yası, Gəncliyə Yardım Fon­du, MÜSAİD, Azərbaycan Türkiyə İş Adamları Dərnə­yi, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi, Kiçik və Orta Müəs­sisələr və Klublar Assosi­asiyası, Azərbaycan Qida və İçki İstehsalçıları Asso­siasiyası, Türkiyə Məzunla­rı, Aydınlar və İş adamları Platforması, Müasir İnkişaf Assosiasiyasının birləşdiyi “Qardaş köməyi” platforması zəlzələ zonasına etdiyi yar­dımlara da toxunub: “İndiyə­dək 100-dən çox yaşayış konteyneri, 1000 tondan çox ərzaq, 200-dən çox genera­tor, 155 çadır, 2 xəstəxana çadırı, 22 ton dərman və tibbi ləvazimat göndərilib. Yəni bu günə qədər 160-dan çox yük maşını və 5 təyyarə göndərib və göndərilməkdə davam edir”. 

Qeyd edək ki, XX əsrin əvvəllərində ölkəmiz Anado­luya yardım fəaliyyətini “Qar­daş köməyi” devizi altında həyata keçirdiyi üçün sözü gedən platforma da belə ad­landırılıb.

Onu da bildirək ki, Kah­ramanmaraşın mərkəzində yerləşən Azərbaycan bulvarı bu şəhərin ən çox dağıntıya məruz qalan ərazilərdən bi­ridir.

 

M.SULTANOVA,

Ankara

 

9-1.jpg

Sosial həyat