Kütləvi zəhərlənmələr nə ilə bağlıdır?

post-img

İranda hakimiyyət əleyhinə xalq etirazları davam edir. Martın 3-də günorta saatlarında etnik bəluçların yığcam yaşadıqları Zahidan şəhərində kütləvi aksiyalar keçirilib. Polis və xüsusi təyinatlı qüvvələr nümayişçilərin toplaşdığı Məkki məscidini mühasirəyə alıb. Məlumatı Gunaz.TV verib. 

Məlumata görə, güc strukturları məscidə sığınmış insanları çıxarmaq üçün binanın içərisinə gözyaşardıcı qaz buraxıblar. Çox sayda nümayişçi həbs edilib. Eyni zamanda şəhərin ək­sər hissələrində internet kəsilib.

Nümayişlər cümə namazında nü­fuzlu din xadimi, Zahidan şəhərinin imamı Mövləvi Əbdülhəmidin İran hakimiyyətini sərt tənqid etməsindən sonra başlayıb. İmam çıxışı zama­nı şagirdlərin zəhərlənməsinə görə Tehran hakimiyyətini ittiham edib: “Məqsəd qızların və qadınların etiraz aksiyalarında iştirak etdiklərinə görə onlardan qısas almaqdır. Bu, necə ha­disədir ki, bu günə kimi səbəbləri ay­dınlaşdırılmayıb? Bu hadisələrdən hö­kumət qüvvələrinin xəbərsiz olduğuna kim inanar?” – deyə din xadimi bildirib.

Şagirdlərin şübhəli şəkildə zəhər­lənmələri və məktəblərdə təhlükəsiz­liyin təmin edilməməsi ilə bağlı etiraz aksiyaları İranın bir neçə şəhərinin 50-dən çox məktəbində də keçirilib və buna etiraz olaraq martın 6-da kütlə­vi aksiyalara çağırış edilib. Bu barədə İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası bəyanat yayıb: “Şagirdlərin kütləvi zəhərlənməsi ilə bağlı rəsmilərin, xü­susən də təhlükəsizlik qüvvələrinin susqunluğu heç nə ilə əsaslandırıla bilməz”, – deyə bəyanatda bildirilir.

Bəyanatda ölkədəki ağır iqtisadi şərait, İran pulunun dəyərdən düşmə­si, işçi və təqaüdçülərin hüquqlarının təmin olunmaması xüsusi vurğula­naraq, təhsil işçiləri ilə bərabər bütün vətəndaşların martın 6-da nümayiş­lərə qatılmasının vacibliyi qeyd olunur.

Bundan əlavə, martın 2-də gecə saatlarında Ərdəbil şəhərinin bir neçə yerində də vətəndaşlar məktəblərdə 400 şagirdin zəhərlənməsi ilə bağlı etiraz aksiyaları keçiriblər. Qadın və qızların daha fəal iştirak etdikləri aksi­yalarda dini lider Əli Xamenei və hö­kumət əleyhinə şüarlar səsləndirilib.

Ölkədə etiraz aksiyalarında iştirak edənlərin məhkəmələr tərəfindən cə­zalandırılması da davam etməkdədir. Bu günlərdə təbrizli həkim və tanınmış ortoped Rza Rzazadənin 6 ay müddə­tinə həbs cəzasına məhkum edilməsi ilə bağlı hökmün təsdiqlənərək qüvvə­də saxlandığı bildirilib. O, Təbriz Tibb Elmləri Universiteti rəhbərliyinin şi­kayəti əsasında həbs olunub. Şikayət­çilər həkimin İranın ali dini rəhbəri Əli Xaməneini təhqir etdiyini iddia ediblər. Məhkəmə isə heç bir şahid ifadəsi ol­madan güneyli həkim barəsində həbs qərarı çıxarıb. 

Qeyd edək ki, Təbrizin “Şühəda” xəstəxanasının həkimi olan Rza Rza­zadə dekabrın 7-də Təbrizin Ümumi və İnqilab Prokurorluğuna çağırılaraq, “sistemi və rəhbərliyi təhqir etmək” itti­hamı ilə saxlanılıb.

İran həbsxanalarında tanınmış fəal alim və müəllimlər də cəza çəkirlər. Onlardan biri də Tehran Müəllimlər İtti­faqının üzvü, İran Təhsil İşçiləri Həm­karlar İttifaqı Koordinasiya Şurasının müfəttişi, ana dilində təhsil hüququnun müdafiəçisi, müəllim Cəfər İbrahimidir. O, İran Müəllimlər İttifaqının 2022-ci il mayın 1-nə təyin etdiyi kütləvi etiraz aksiyalarından bir gün əvvəl Rəsul Bu­daği, Əliəkbər Bağati və Məhəmməd Həbibi ilə birgə təhlükəsizlik məmur­ları tərəfindən saxlanılaraq Tehranın Evin həbsxanasına göndərilib. 

Bu günlərdə universitet rəhbərli­yinin doktoranturaya qəbul imtahan­ları ilə əlaqədar çoxsaylı müraciətləri nəzərə alınaraq İbrahimi müvəqqəti olaraq azadlığa (məzuniyyətə) buraxı­lıb.

Beynəlxalq Əfv Təşkilatı isə 2023-cü ilin ilk iki ayında İranda edam­ların statistikası ilə bağlı hesabat dərc edib. Bildirilib ki, iki ay ərzində İranda 94 nəfər edam edilib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çox­dur. “Son aylar insan haqları təşkilat­larının, o cümlədən BMT-nin İnsan Haqları Şurasının İranda edamların dayandırılmasına dəfələrlə çağırış et­məsinə baxmayaraq, 2022-ci ilin eyni dövrü ilə müqayisədə edamların sa­yında əhəmiyyətli artım var”, – deyə hesabatda qeyd edilir. 

Bununla yanaşı, sənəddə İran ha­kimiyyət orqanlarının məhbuslardan məcburi etiraflar almaq üçün onlara qarşı zorakılıq və digər işgəncə növləri tətbiq etdikləri də vurğulanır.

 

P.ƏMİRCANOV, “Xalq qəzeti”

Sosial həyat