Ağcabədi və Qubada Uşaq Reabilitasiya mərkəzləri yaradılacaq. Bu, əlilliyi olan uşaqlar üçün reabilitasiya infrastrukturunun respublikamızın bölgələri üzrə genişləndirilməsi çərçivəsində həyata keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il ərzində hər iki mərkəzin tikintisinə başlamağı nəzərdə tutub.
Qeyd edək ki, bölgələrdə yeni uşaq reabilitasiya müəssisələrinin yaradılması regionlarda yaşayan əlilliyi olan uşaqların bərpa müalicəsi imkanlarının, onların reabilitasiya xidmətlərinə əlçatanlığının artırılmasına xidmət edir. Son illərdə nazirliyin reabilitasiya və sosial xidmət müəssisələri əsaslı təmir olunaraq yenidən qurulub. Həmçinin 2021-ci ildə Qəbələ rayonunda Uşaq Reabilitasiya Mərkəzi inşa olunaraq istifadəyə verilib.
Hazırda Bakıda iki uşaq reabilitasiya müəssisəsi fəaliyyət göstərir. Qeyd olunan mərkəzlərdə əlilliyi olan uşaqlar tibbi, sosial, tədris-peşə reabilitasiyası xidmətləri ilə əhatə olunurlar.
Z.HÜSEYNOVA, “Xalq qəzeti”