Kahramanmaraşda zəlzələdən əziyyət çəkən 2500-dən çox şəxsə tibbi yardım göstərilib

post-img

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) 760 nəfərdən ibarət olan xilasetmə dəstəsi zəlzələdən sonra Türkiyənin Kahramanmaraş və Hatay şəhərlərində fəaliyyətlərini davam etdiriblər.

AZƏRTAC xəbər verir ki, bu barədə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, artıq 22 gün idi biz orada idik. “Axtarış-xilasetmə işləri yekunlaşıb. Kahramanmaraşda bizim 330 nəfərlik heyətimiz qalacaq. Onlar növbətçilik sistemi əsasında fəaliyyət göstərəcəklər. Əgər hər hansı hadisə baş verərsə, dərhal reaksiya veriləcək.

Bundan başqa, bizim Kahramanmaraşda iki hərbi hospitalımız var. Hazırda 25-dən artıq həkimimiz orada fəaliyyət göstərir. Kahramanmaraşda indiyədək zəlzələdən əziyyət çəkən 2500-dən çox şəxsə tibbi yardım göstərilib.

Bundan əlavə, beş psixoloqumuz fəaliyyətlərini davam etdirir, onlar da uçqun altında qalmış insanların qohum-əqrəbalarına psixoloji yardım göstərir”, - deyə nazir müavini bildirib.

 

Sosial həyat