Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 5 ali təhsil müəssisəsindən 24 tələbə istehsalat təcrübəsinə cəlb olunub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, təcrübəçilər arasında Bakı Avrasiya Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin sosial iş ixtisasları üzrə təhsil alan tələbələr üstünlük təşkil edir. Təcrübə müddətində onlara Mərkəzin sosial pedaqoji və psixoloji dəstək departamentinin işi ilə yaxından tanışlıq imkanı yaradılıb, həssas təbəqədən olan əhali qrupuna göstərilən xidmət istiqamətləri barədə məlumat verilib. Bildirilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda bu tipli ilk unikal məkandır. Mərkəzdə tətbiq olunan, Ümumdünya Səhiyyə Təşkilatının da təsdiqlədiyi CARe metodologiyası (Comprehensive Approach Rehabilitation), benefisiarlarla iş, təlim prosesi, qəbul qaydaları və digər zəruri məsələlərlə bağlı təqdimatlar keçirilib. Qazanılan təcrübə gələcək fəaliyyətlərində, eləcə də uğurlu karyera qurmalarında əhəmiyyətli rol oynayacaq.
Qeyd edək ki, ali təhsil müəssisələrinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətinə əsasən 2022-2023-cü tədris ili üzrə təqdim edilmiş siyahılar əsasında cari ilin fevral-may ayları ərzində 19 ali təhsil müəssisəsindən ümumilikdə 371 tələbənin nazirlik sistemində istehsalat təcrübəsi keçməsi planlaşdırılır. Təcrübə proqramının may ayının 25-dək davam etdirilməsi nəzərdə tutulur.