Parlament sədri Qarabağ avantürasını Ermənistana qurulmuş tələ adlandırdı
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan “Alman dalğa”sı (“Deutsche Welle”) teleradiosuna geniş müsahibə verib. Jurnalist Konstantin Eqqertin müəllif proqramına danışan Simonyan ölkəsinin xarici siyasət prioritetləri, Avropa İttifaqına (Aİ) inteqrasiya perspektivləri, Rusiya ilə münasibətləri, ölkənin inkişafında Qərbin yeni rolu, “Tramp marşrutu”, Azərbaycan və Türkiyə ilə normallaşma prosesi, eləcə də regionun gələcəyi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
İrəvanda keçirilən Aİ–Ermənistan sammiti çərçivəsində danışan Simonyan bildirib ki, Ermənistan artıq Avropa istiqamətində strateji seçim edib. Onun sözlərinə görə, ölkəsi Aİ üzvlüyünə namizəd statusu almaq üçün lazım olan əsas meyarlara görə Moldova, Ukrayna və Gürcüstan kimi ölkələrdən geri qalmır. Bununla belə, o vurğulayıb ki, Aİ-yə üzvlük uzunmüddətli prosesdir və Ermənistan bu istiqamətdə qanunvericilik, iqtisadiyyat və idarəetmə sahəsində islahatları davam etdirməlidir.
Simonyan xüsusilə iqtisadi şaxələndirmənin vacibliyini qeyd edib. O xatırladıb ki, Ermənistan hazırda Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqının üzvüdür. Buna görə də İrəvan həm Rusiya ilə iqtisadi əməkdaşlığı qorumağa, həm də Avropa ilə inteqrasiyanı paralel şəkildə inkişaf etdirməyə çalışır. Parlament sədri hesab edir ki, bəzi qüvvələr Ermənistan və digər postsovet ölkələrinin Avropa istiqamətində hərəkətinə mane olmaq üçün cəmiyyətdə həssas mövzulardan istifadə edir və emosiyalar üzərində oynayırlar. Rusiya ilə münasibətlərə toxunan Simonyan bildirib ki, Moskvanın bölgədə öz maraqları var və bunu gizlətmir. O qeyd edib ki, böyük dövlətlərin regionda təsir dairələri uğrunda rəqabəti təbiidir və Ermənistan da bu şəraitdə öz maraqlarını qorumağa çalışır. Onun sözlərinə görə, Ermənistan Rusiya ilə münasibətləri tamamilə pozmaq niyyətində deyil. Simonyan hesab edir ki, qaz qiymətləri və iqtisadi təzyiqlər mövzusu siyasi danışıqların bir hissəsidir və İrəvanın Moskva ilə problemlərin həlli sahəsində kifayət qədər təcrübəsi var.
Rusiya hərbi bazasının gələcəyi barədə danışan parlament sədri bildirib ki, baza mövcud müqavilənin müddəti bitənədək Ermənistanda qalacaq. O vurğulayıb ki, hazırda bazanın bağlanması məsələsi gündəmdə deyil. Simonyan NATO məsələsinə də münasibət bildirib və qeyd edib ki, Ermənistan hansısa hərbi blokun üzvü olmamalıdır. Onun fikrincə, ölkənin coğrafi mövqeyi və təhlükəsizlik reallıqları neytral siyasəti daha məqsədəuyğun edir: “Mən hesab etmirəm ki, Ermənistan hansısa hərbi blokun üzvü olmalıdır. Ölkəmizin yerləşdiyi coğrafi mövqeyi və imkanlarını nəzərə alsaq, Ermənistanın rolu neytral olmaqdır. Ermənistan kiçik ölkədir və həm bir tərəf, həm də digər tərəf üçün bazarlıq predmetinə çevrilə bilər. Mən istəmirəm ki, ölkəm nə Rusiya, nə Brüssel, nə ABŞ, nə də hər hansı başqa qüvvə üçün sövdələşmə vasitəsinə çevrilsin. Ermənistan İran, Azərbaycan, Türkiyə və Gürcüstanla qonşudur, dörd tərəfdən qapalıdır və dənizə çıxışı yoxdur. Tariximiz bizə çox şey öyrədib. Biz keçmişdə etdiyimiz səhvləri təkrarlamamalıyıq”.
Jurnalistin “söhbət hansı səhvlərdən gedir” sualına cavab olaraq Simonyan deyib: “Biz keçmişlə yaşayırdıq, keçmişi geri qaytarmağa çalışırdıq və gələcək haqqında düşünmürdük. Gələcəyimizi keçmişdən gələn hekayələr, təsəvvürlər və tarix üzərində qururduq. Biz 1991-ci ildə dövlət müstəqilliyimizi bərpa etdik. Və ilk gündən xəyal edirdik ki, müstəqil Ermənistan iki dəfə böyük olmalıdır. Bu isə müasir dünyada mövcud olmaq istəyən ölkə üçün düzgün yanaşma deyildi. Belə bir düşüncə vardı ki, müstəqillik əldə etmiş Ermənistanın sərhədləri daimi deyil, bu yalnız keçid mərhələsidir və biz vaxtilə Ermənistana məxsus olmuş torpaqları geri qaytaracağıq. Və bu axtarışların içində biz az qala 1991-ci ildə müstəqillik qazanmış real Ermənistanı itirəcəkdik”.
Bu kontekstdə o, Qarabağ məsələsinə də toxunub və bəyan edib ki, “Qarabağ hərəkatının səhifəsi bağlanıb”. Simonyan hesab edir ki, Qarabağ məsələsi region dövlətlərini xarici güclərdən asılı vəziyyətdə saxlamaq üçün istifadə olunurdu: “Qarabağ məsələsi müstəqil Ermənistan üçün qurulmuş bir tələ idi ki, Ermənistan heç vaxt tam müstəqil ola bilməsin, eyni zamanda Azərbaycan da eyni dərəcədə asılı vəziyyətdə qalsın və bölgədə təsir rıçaqları saxlanılsın. Biz bunu artıq bəyan etmişik: Qarabağ hərəkatının səhifəsi bağlanıb və bu məsələyə bir daha qayıtmamalıyıq. Yeganə düzgün yol budur”.
O bildirib ki, Ermənistan və Azərbaycan arasında münasibətlər artıq imzalanmış sənədlərdən daha irəli mərhələyə keçib və hər iki tərəf daha böyük addımlara hazırdırlar. ABŞ-ın dəstəklədiyi regional nəqliyyat layihələrindən danışan Simonyan qeyd edib ki, Ermənistan ərazisindən keçəcək yeni marşrut yalnız Azərbaycan üçün deyil, Xəzərin o tayındakı ölkələr üçün də strateji əhəmiyyət daşıyır. O bu layihəni region üçün mühüm iqtisadi və geosiyasi imkan adlandırıb.
Türkiyə ilə münasibətlərə toxunan Simonyan bildirib ki, Ermənistan artıq keçmişlə yaşamaq siyasətindən uzaqlaşmalıdır. Onun sözlərinə görə, İrəvan Ankara ilə münasibətlərin normallaşmasını və sərhədlərin açılmasını istəyir. Parlament sədri qeyd edib ki, Qarabağ məsələsinin bağlandığı elan olunduğu halda Türkiyənin sərhədi qapalı saxlaması məntiqsiz görünür. O hesab edir ki, Ermənistan–Türkiyə sərhədi yaxın gələcəkdə açıla bilər: “Biz Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasını gözləyirik. Düşünürəm ki, bu, yaxın vaxtlarda baş verəcək. Çünki artıq bütün məsələlər müzakirə olunub və sadəcə bunu reallaşdırmaq qalır. Sərhəd Qarabağ məsələsinə görə bağlanmışdı. İndi isə həm Türkiyə, həm də Azərbaycan bəyan edir ki, Qarabağ məsələsi bağlanıb. Azərbaycan Ermənistanla ticarət edir, amma Türkiyə sərhədi bağlı saxlayır. Lakin bu, uzun çəkməyəcək”.
* * *
A.Simonyanın səsləndirdiyi fikirlər Ermənistan siyasi düşüncəsində son illərin ən açıq etiraflarından biri kimi qiymətləndirilə bilər. Ermənistan parlamentinin sədri faktiki olaraq illərlə ölkəsini yanlış istiqamətə aparan ideoloji xəttin iflasa uğradığını qəbul edir. Onun “tarixi torpaqların qaytarılması” ideyasını səhv yanaşma adlandırması, Qarabağ hərəkatı səhifəsinin bağlandığını bəyan etməsi və Ermənistanın keçmişlə deyil, gələcəklə yaşamalı olduğunu söyləməsi təsadüfi açıqlamalar deyil. Bu, regionda formalaşmış yeni siyasi və geosiyasi reallığın qəbul edilməsidir. Əslində, Simonyanın dedikləri 2020-ci ildə Vətən müharibəsində qazandığımız tarixi qələbənin və 2023-cü ildə suverenliyimizin tam bərpa edilməsinin yaratdığı nəticələrin siyasi etirafıdır.
Rəsmi Bakı uzun illər davam edən işğala son qoymaqla regionda yeni güc balansı formalaşdırdı. Məhz bu reallıq Ermənistanı illərlə üzərində siyasət qurduğu miflərdən və xəyali gündəmdən uzaqlaşmağa məcbur etdi. Ermənistan rəhbərliyi artıq anlayır ki, Qarabağ məsələsi ölkəni inkişafdan, regional layihələrdən və təhlükəsiz gələcəkdən uzaq salıb. Simonyanın Qarabağ məsələsini Ermənistan üçün qurulmuş tələ kimi təqdim etməsi də əslində, keçmiş siyasətin ağır nəticələrinin etirafıdır. İrəvan indi başa düşür ki, regionda davamlı sabitlik yalnız Azərbaycanın ərazi bütövlüyünün qəbul edilməsi və qonşularla normal münasibətlər qurulması fonunda mümkündür. Bu baxımdan Türkiyə ilə münasibətlərin normallaşdırılması barədə səsləndirilən fikirlər də diqqət çəkir. Ermənistan artıq anlayır ki, qapalı sərhədlər və regional təcrid siyasəti, ilk növbədə, onun öz maraqlarına zərbə vurur.
Simonyanın açıqlamalarının digər mühüm tərəfi Ermənistan daxilində revanşist qüvvələrə verilən mesajdır. Son dövrlər keçmiş hakimiyyətə bağlı siyasi dairələr yenidən fəallaşmağa, cəmiyyətdə revanşist əhval-ruhiyyəni gücləndirməyə çalışırlar. Onlar hələ də köhnə iddialar, tarixi miflər və qarşıdurma siyasəti üzərindən hakimiyyətə qayıtmağa ümid edirlər. Lakin Ermənistan rəhbərliyinin bu cür açıq bəyanatları göstərir ki, ölkədə ən azı hakim siyasi komanda səviyyəsində əvvəlki siyasətin iflasa uğradığı artıq qəbul olunur. Bu mesaj həm də Ermənistan cəmiyyətinə ünvanlanıb. Regionda yaranmış yeni reallıq dəyişməyəcək. Azərbaycan hərbi, siyasi və diplomatik müstəvidə öz məqsədlərinə nail olub və bölgədə yeni reallıq formalaşdırıb. Bu baxımdan Simonyanın açıqlamaları, sadəcə, siyasi müsahibə deyil, həm də Ermənistanın yeni mərhələyə keçid etməyə məcbur qaldığını göstərən mühüm siyasi etiraf kimi qiymətləndirilə bilər.
Səxavət HƏMİD
XQ

