Avropa ilə strateji tərəfdaşlıqdan hərbi əməkdaşlığa

post-img

Azərbaycanın müdafiə strategiyasının coğrafiyası genişlənir

Azərbaycan hazırda dünyanın 40-a yaxın ölkəsi ilə ikitərəfli əsasda hərbi əməkdaşlıq etsə də, onların arasında Türkiyə, Pakistan, İsrail, Rusiya və İtaliya kimi dövlətlər xüsusi yer tutur. Bu əlaqələr birgə hərbi təlimlər, müdafiə sənayesi layihələri, silah tədarükü və peşəkar kadr hazırlığı kimi sahələri əhatə edir. Hərbi və hərbi-texniki əməkdaşlıq ölkəmizin milli təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri hesab olunur.

Hərbi və hərbi-texniki sahədə əməkdaşlıq etdiyimiz ölkələrin coğrafiyasının getdikcə genişlənməsi, əlbəttə, müsbət haldır. Belə ölkələrdən biri də Slovakiya Respublikasıdır. Mayın 11-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov adıçəkilən ölkəyə rəsmi səfər edib. Səfər Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın dəvəti əsasında həyata keçirilib. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Z.Həsənovun slovakiyalı həmkarı Robert Kalinakla görüşündə Azərbaycanla Slovakiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti barədə ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Tərəflər, həmçinin hərbi, hərbi-texniki əməkdaşlıqların inkişaf perspektivlərini müzakirə ediblər.

* * *

Qeyd etmək yerinə düşər ki, Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 24-də tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər isə bundan 22 ay sonra – 1993-cü il noyabrın 23-də qurulub. Slovakiyanın Azərbaycandakı səfirliyi 2019-cu il oktyabrın 1-dən fəaliyyət göstərir. 2023-cü il iyulun 14-də isə Azərbaycanın Slovakiyada səfirliyi təsis olunub. Slovakiyanın Baş naziri Robert Fitsonun 2024-cü il mayın 6-7-də Azərbaycana etdiyi rəsmi səfər isə Bakı–Bratislava əlaqələrində dönüş anı hesab olunur. Həmin səfər zamanı Prezident İlham Əliyev və Baş nazir Robert Fitsonun təkbətək və geniş tərkibdə görüşü keçirilmiş, 3 sənəd imzalanmış, Azərbaycan Prezidenti və Slovakiya Baş naziri mətbuata bəyanatlarla çıxış etmişdilər. İmzalanan sənədlərə gəldikdə isə bunlardan birincisi “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” idi. Həmin sənəd iki ölkənin münasibətlərini faktiki olaraq strateji tərəfdaşlıq səviyyəsinə qaldırdı. Prezident İlham Əliyevin imzalanma mərasimindən sonra mətbuata birgə bəyanat zamanı söylədiyi bu fikirlər diqqəti cəlb edir: “Bu gün Slovakiya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür. Hörmətli cənab Baş nazir Azərbaycana səfər edir və səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, çox ciddi siyasi sənəddir və bizim əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir. Hesab edirəm ki, bu gün Slovakiya–Azərbaycan əlaqələrində yeni səhifə açılır və ümid edirəm, bizim müştərək yolumuz çox uğurlu olacaq”.

Həmin gün imzalanmış ikinci sənəd “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu”, üçüncü isə “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” idi. Sonuncu sənədlərə Azərbaycan tərəfdən müdafiə sənayesi naziri Vüqar Mustafayev, müdafiə naziri Zakir Həsənov, Slovakiya tərəfdən isə Baş nazirin müavini, müdafiə naziri Robert Kalinak dərkənar qoymuşdu.

Dövlətimizin başçısı bununla bağlı demişdir: “Bildiyiniz kimi, bu gün imzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verilmişdir”.

Baş nazir Fitso isə Azərbaycanla əməkdaşlığa, xüsusilə hərbi sahədə əməkdaşlığa böyük önəm verdiklərini, bunu yüksək qiymətləndirdiklərini vurğulamışdı. Qeyd etmişdi ki, Azərbaycanda birgə istehsal sahələrinin yaradılması fikri hər kəs üçün cəlbedici olmalıdır: “Biz bunun müəyyən detallarını artıq müzakirə etdik və bizim Baş nazirin müavini, müdafiə naziri cənab Kalinak bu sahədə də çox böyük fəallıq göstərir. O da əlindən gələni edəcək ki, bu layihələr uğurlu olsun. Söhbət Slovakiyanın xaricindəki istehsal sahələrindən gedir”.

Slovakiyanın Azərbaycanla hərbi və hərbi-texniki sahədə əməkdaşlıqda maraqlı olduğunu göstərən digər fikir ölkənin Prezidenti Peter Pelleqriniyə məxsusdur. O, Prezident İlham Əliyevin 2025-ci il dekabrın 8-də Bratislavaya etdiyi rəsmi səfər zamanı mətbuata birgə bəyanatla çıxış edərkən bildirmişdir: “Biz, sadəcə olaraq, Azərbaycana silah satmaq niyyətində deyilik. Bildiyiniz kimi, bu sahə Slovakiyada çox inkişaf edib. Biz özüyeriyən artilleriya qurğuları, sursat və digər məhsullar sahəsində də böyük təcrübəyə malikik. Biz Azərbaycanla texnologiya ötürülməsi, Azərbaycanın maliyyəsindən istifadə edilməsi və birgə istehsalın üzərində işləyə və birlikdə istehsal etdiyimiz məhsulları üçüncü ölkələrə sata bilərik. Mən şadam ki, bizim Baş nazirin müavini və müdafiə naziri cənab Kalinakın səfəri zamanı da Azərbaycan tərəfi avtomatik artilleriya sistemlərinin alışı ilə maraqlanıb və artıq niyyətini bildirib”.

Göründüyü kimi, müdafiə naziri Zakir Həsənovun hazırkı səfəri dövlət başçılarının əldə etdikləri razılaşmaların icrası məqsədi daşıyır. Bu baxımdan Bratislavada keçirilən görüşlər Azərbaycan–Slovakiya münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Xüsusilə müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsi iki ölkənin strateji tərəfdaşlıq niyyətinin praktiki nəticələrə yönəldiyini təsdiqləyir. Slovakiyanın hərbi sənaye potensialı, artilleriya sistemləri və hərbi texnologiyalar sahəsində təcrübəsi Azərbaycan üçün maraq doğurur. Bakı isə, öz növbəsində, regional təhlükəsizlikdə mühüm rol oynayan, müasir ordu quruculuğu həyata keçirən etibarlı tərəfdaş kimi çıxış edir. Tərəflər arasında birgə istehsal müəssisələrinin yaradılması perspektivi əməkdaşlığı yeni mərhələyə daşıya bilər. Bu, həm Azərbaycanın müdafiə sənayesinin inkişafına, həm də texnologiya transferinə əlavə imkanlar açır. Eyni zamanda, Slovakiya ilə əlaqələrin dərinləşdirilməsi Azərbaycanın Avropa məkanında hərbi tərəfdaşlıq coğrafiyasını daha da genişləndirir.

Ehtiyatda olan polkovnik Şair Ramaldanovun fikrincə, Azərbaycan–Slovakiya əməkdaşlığı təkcə silah alışı ilə məhdudlaşmır və daha geniş strateji məzmun daşıyır. Onun sözlərinə görə, Slovakiya NATO üzvü kimi müasir müdafiə sənayesi imkanlarına malikdir və bu potensialın Azərbaycanla paylaşılması qarşılıqlı maraqlara xidmət edir: “Xüsusilə birgə istehsal və texnologiya transferi məsələlərinin gündəmə gəlməsi mühüm əhəmiyyət daşıyır. Bu yanaşma Azərbaycanın yerli müdafiə sənayesinin inkişafına, yeni texnologiyaların mənimsənilməsinə və ixrac imkanlarının genişlənməsinə töhfə verə bilər”.

Ş.Ramaldanov hesab edir ki, son illər Azərbaycanın müdafiə sahəsində çoxtərəfli əməkdaşlıq siyasəti ölkəmizin hərbi imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Slovakiya ilə münasibətlərin inkişafı da həmin strategiyanın tərkib hissəsidir. Bu əməkdaşlıq Avropa müdafiə sənayesi ilə inteqrasiyanı gücləndirməklə yanaşı, Azərbaycanın təhlükəsizlik sahəsində yeni tərəfdaşlar qazanmasına şərait yaradır.

S.NAZİMOĞLU
XQ



Siyasət