“Müstəqil ekspert” Luis Okampo hay lobbiçilik mexanizminin “vintciyi” imiş
Vaxtilə Azərbaycan əleyhinə sistemli şəkildə riyakar kampaniyalar aparan, hətta təhdid ritorikasından istifadə edən dairələrin gizli əməlləri ardıcıllıqla ifşa olunur. Bu prosesin növbəti “qurban”ı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) sabiq prokuroru Luis Moreno Okampodur. Okampo və oğlu Tomasın yer aldığı gizli videogörüntülər beynəlxalq hüquq pərdəsi altında gizlənən qərəzli fəaliyyətin real mahiyyətini gün işığına çıxarır. Sözügedən görüntülərdə L.Okampo Azərbaycanın Qarabağ bölgəsində yaşamış ermənilərin hüquqlarının müdafiəsi bəhanəsi ilə həyata keçirdiyi hücumların əsl motivlərini və bu prosesin hansı siyasi-maddi maraqlara xidmət etdiyini etiraf edir. İbrətamiz dialoqdur:
“Luis Moreno Okampo: Əgər mənim bu cür işlərlə məşğul olan bir şirkətim olsa, biz bunları maya dəyərinə edə bilərik. Məsələn, hazırda komandamda çox güclü bir mütəxəssis var - o, vaxtilə Avropa Parlamentinin üzvü olub. O, hüquqi məsləhətçisi idi.
Həmsöhbət: Borrell?
Okampo: Hə, Josep Borrell. Deməli, bu şəxs indi mənim üçün Avropa Parlamentində çalışır. Və orada - Avropa Parlamentində mən müraciət edə, etiraz edə, birbaşa suallar ünvanlaya və Ursula fon der Lyayenə təzyiq göstərə bilərəm. Beləcə Avropa siyasətinə təsir etmək mümkündür. Bundan başqa, bir məsələ də ortaya çıxıb - əvvəllər bilmədiyim bir şey. Tamamilə yenidir: Avropa Ədalət Məhkəməsi çərçivəsində Komissiyanı Azərbaycanla bağlanmış müqavilənin ləğvinə məcbur etmək üçün bir iş qaldırılıb. Səbəb isə odur ki, müqavilədə Azərbaycanın insan hüquqlarına riayət etməsini tələb edən bənd var və iddiaya görə bu şərtə əməl olunmur.
Beləliklə, mən özüm üçün yeni bir fəaliyyət sahəsi açmış oluram. Niyə bu məhz indi vacibdir? Çünki Avropa İttifaqı hazırda daha böyük əhəmiyyət daşıyır - Donald Tramp artıq, müəyyən mənada, məhdudiyyətləri aradan qaldırır. Biz artıq hazırlanmış bir xətt üzrə irəliləyirik. Təzyiqi artırırıq və mən bunu ABŞ-dakı erməni lobbisi ilə birlikdə edəcəyəm. Beləliklə, biz orada daha real, həyata keçirilə bilən bir istiqamətdə təkan veririk. Mən divarı dağıtmalı deyiləm - qapı artıq açıqdır, biz sadəcə onu açırıq.
Tomas Moreno Okampo (oğlu): Bizim işimiz insanların koordinasiyasını təşkil etmək idi ki, onlara “baxın, görün nələr baş verir” deyib hamını məlumatlandıraq. Nələrin baş verdiyini anlamalarına kömək etmək. Məsələn, bu gün bir görüş oldu. Bu gün aktivistlərlə, iş adamları ilə, bu iş üzərində çalışan insanlarla, ümumilikdə ermənilərlə bağlı vəziyyət üzrə işləyənlərlə görüş var idi, düzdür? Dağlıq Qarabağ erməniləri ilə bağlı. Onlardan biri, gənc bir qadın, sosial media kampaniyasına rəhbərlik edir - çünki Ermənistanda hazırda böyük bir qarışıqlıq var. Seçkilərlə bağlı daxili mübahisələrin olduğu dərin qarışıqlıq. Beləliklə, bizim nail olmalı olduğumuz şey Paşinyanın, Baş nazirin hakimiyyətdən uzaqlaşdırılmasıdır.
Həmsöhbət: Prezidenti?
Tomas Okampo: Biz onu uzaqlaşdırmalıyıq”.
* * *
Bəli, Okamponun bu ifşaedici videogörüntülərindən çıxarılan bu mətn əslində illərdir Azərbaycana qarşı yürüdülən qərəzli kampaniyaların hansı “mətbəxdə” hazırlandığını bütün çılpaqlığı ilə ortaya qoyur. O da bəlli olur ki, beynəlxalq hüquq sahəsində tanınmış L.Okampo öz nüfuzunu və əlaqələrini açıq bazara çıxararaq, humanitar məsələlərdən siyasi təzyiq rıçağı kimi istifadə edir.
Okamponun açıq şəkildə Avropa İttifaqının sabiq xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin onun komandasında çalışdığını bildirməsi və bu əlaqələr vasitəsilə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə təzyiq göstərmək gücündə olduğunu iddia edən “cahil cəsarət”i bütövlükdə Avropa diplomatiyasının rəzilliyidir. Bu da Azərbaycanla imzalanmış strateji müqavilələri hədəf almaq üçün bəzi Qərb siyasətçilərinin bar-bar bağırdığı “insan haqları” mövzusunun, sadəcə, alət olduğunu təsdiqləyir.
Erməni lobbisi ilə qurulan işbirliyi və regiondakı proseslərə süni müdaxilə cəhdləri də mətndə xüsusi yer tutur. Məsələnin ən təhlükəli cəhətlərindən biri bu şəbəkənin təkcə Azərbaycana qarşı deyil, eyni zamanda, Ermənistanın mövcud hakimiyyətinə qarşı yönəlməsidir. Okamponun oğlunun səs yazısında Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasının onların əsas hədəflərindən biri olduğunu etiraf edir. Kampaniyanın arxasında ABŞ-dakı erməni lobbisi və Rusiyada yaşayan erməni oliqarxları və regionda dayanıqlı sülhün əldə olunmasını istəməyən fiqurlar dayanır. Onların məqsədi yekun sülh müqaviləsini əngəlləmək, Ermənistanda daxili xaos yaratmaq, parlament seçkilərində revanşist qüvvələri yenidən hakimiyyətə gətirmək və Cənubi Qafqazı idarə olunan destabilizasiya durumuna salmaqdır.
Luis Moreno Okamponun şəxsiyyəti və keçmiş fəaliyyəti araşdırıldıqda, onun indiki əməllərinin heç də təsadüf olmadığı aydınlaşır. Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru vəzifəsində çalışdığı illərdə də onun adı ofşor hesablarda gizlədilən milyonlarla dollarlıq vəsaitlərdə və korrupsiya iddialarında hallanıb. Vəzifədən getdikdən sonra isə o, beynəlxalq statusunu tamamilə kommersiyalaşdıraraq müxtəlif lobbi qruplarının, xüsusən də radikal erməni diasporunun muzdlu funksionerinə çevrilib. Bu şəxsin beynəlxalq ədalət anlayışını şəxsi maraqlarına qurban verməsi siyasi əxlaqının əsas xarakterik cizgisidir.
Okamponun Azərbaycana qarşı fəaliyyətinin keçmiş detallarına nəzər saldıqda, onun xüsusilə 2023-cü ilin avqustunda ortaya atdığı manipulyativ “2023-cü ildə ermənilərə qarşı soyqırımı” adlı qondarma ekspert rəyi xüsusi diqqət çəkir. Həmin dövrdə L.Okampo Ermənistan rəhbərliyinin və erməni diasporunun birbaşa sifarişi ilə Azərbaycanın Qarabağ bölgəsində guya “soyqırımı” həyata keçirdiyinə dair heç bir hüquqi və faktoloji əsası olmayan saxta hesabat hazırlamışdı. Beynəlxalq hüquq ekspertləri həmin sənədi dərhal tənqid edərək, Okamponun Soyqırımı Konvensiyasının müddəalarını qəsdən təhrif etdiyini və hadisələrə qərəzli yanaşdığını sübut etdilər. Onun bu fəaliyyəti Azərbaycanın suverenliyini hədəf almaq, beynəlxalq ictimaiyyəti çaşdırmaq və Laçın yolu ətrafındakı vəziyyətdən istifadə edərək rəsmi Bakıya qarşı qlobal təzyiq cəbhəsi formalaşdırmaq məqsədi daşıyırdı. Yeni ortaya çıxan faktlar sübut edir ki, həmin dövrdəki fəallıq da məhz indiki ssenarinin, yəni pullu lobbiçilik maşınının tərkib hissəsi olub.
Avropa Parlamentinin özü kimi strukturların, qaranlıq şəbəkələrin təsirinə məruz qalması qitənin siyasi təhlükəsizliyi üçün ciddi siqnaldır. Avropa İttifaqının Ermənistana hibrid təhdidlərə qarşı mübarizə üçün qrup göndərdiyi bir vaxtda, əsas hibrid təhdidin elə Brüsselin özündən və Avropa siyasətçilərinin iştirak etdiyi korrupsiya sxemlərindən gəlməsi böyük paradoksdur. Bu hadisə Avropa məkanında “Qatargate”dən sonra yeni və daha böyük lobbiçilik qalmaqalının, bəlkə də yeni siyasi böhranın başlanğıcı hesab oluna bilər. Təqdim olunan faktlar təcili, hərtərəfli hüquqi istintaq tələb edir və Avropa xüsusi xidmət orqanları bu korrupsiya şəbəkəsinin fəaliyyətini tam olaraq araşdırmalıdır. Azərbaycan isə, öz növbəsində, beynəlxalq platformalarda üzləşdiyi bu cür qərəzli kampaniyaların kökündə dayanan siyasi və maliyyə maraqlarını ifşa etməyə, sülh və sabitlik yolunda qətiyyətli addımlar atmağa davam edəcək.
Tacir SADIQOV
XQ

