Azərbaycanın xarici siyasətində Baltik ölkələri ilə əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə Latviya ilə münasibətlər qarşılıqlı hörmət və etimad prinsipləri üzərində qurularaq ardıcıl şəkildə inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan–Latviya əməkdaşlığı yeni mərhələyə yüksəlib, müxtəlif istiqamətlərdə əlaqələr daha da genişlənib.
Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri də bu əməkdaşlığın önəmini bir daha təsdiqlədi. Ali qonağın vurğuladığı kimi Latviya Azərbaycanı strateji tərəfdaş və etibarlı dost hesab edir. Keçirilən görüşlər, imzalanan sənədlər və səsləndirilən fikirlər iki ölkə arasında münasibətlərin möhkəm təməllər üzərində qurulduğunu bir daha ortaya qoydu. Əməkdaşlıq əlaqələri siyasi sahə ilə paralel olaraq iqtisadi və humanitar istiqamətlərdə yeni imkanlar açır. Perspektivdə isə tərəflər arasında əlaqələrin daha da dərinləşəcəyi gözlənilir.
Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. O qeyd edib ki, Latviya Prezidentinin ölkəmizə səfəri Azərbaycan–Latviya münasibətlərində yeni siyasi dinamikanın formalaşması üçün daha geniş imkanlar açacağına heç bir şübhə doğurmur. Bununla yanaşı bu səfər qarşılıqlı etimadın möhkəmləndirilməsi, siyasi dialoqun intensivləşdirilməsi və beynəlxalq platformalarda koordinasiyanın gücləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edirdi. Bakıda keçirilən biznes-forum isə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar formalaşdırmaqla tərəfdaşlığın və ikitərəfli əlaqələrin strateji xəttini daha da zənginləşdirdi. Dövlətimizin başçısının Latviya Prezidentinin ölkəmizə səfəri ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycan–Latviya münasibətlərində əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsi baxımından mühüm məqamlarla yadda qaldı və ikitərəfli əlaqələrin gələcək inkişafının mahiyyətini və strateji yönünü aydın şəkildə ortaya qoydu. Şübhəsiz, bu da Azərbaycan–Latviya münasibətlərində siyasi və iqtisadi əməkdaşlığın yeni mərhələsinin formalaşması demək idi.
Prezident İlham Əliyev aydın fikirlər səsləndirməklə qeyd etdi ki, həmkarı ilə ikitərəfli gündəliyin müxtəlif istiqamətləri, o cümlədən beynəlxalq əhəmiyyətli məsələlər həm təkbətək formatda, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş şəkildə müzakirə olunub. Eləcə də ölkələr arasında mövcud olan güclü əməkdaşlıq çərçivəsi Strateji Tərəfdaşlıq haqqında Bəyannamə ilə hüquqi əsasda təsbit olunub ki, bu sənəd də münasibətləri ən yüksək səviyyəyə qaldıraraq onların inkişafına möhkəm zəmin yaradıb. Ölkəmizin başçısı keçirilən biznes-foruma da toxunaraq bunun iqtisadi əlaqələrin inkişafı, qarşılıqlı sərmayə imkanlarının genişləndirilməsi və birgə istehsal layihələrinin formalaşdırılması baxımından mühüm platforma olduğunu diqqətə çatdırdı.
Müzakirə olunan digər vacib istiqamət birbaşa aviasiya əlaqələrinin genişləndirilməsi oldu. Ölkəmizin başçısı qeyd etdi ki, mövcud qlobal aviasiya və yanacaq bazarında müəyyən çətinliklərə baxmayaraq bu sahədə əməkdaşlıq yeni imkanlar yarada bilər və bu, həm iqtisadi əlaqələr, həm də insan axını baxımından strateji əhəmiyyət daşıyır. Bundan başqa Prezident təhsil sahəsinin də əməkdaşlığın vacib komponentlərindən biri olduğunu vurğulayaraq bildirdi ki, Latviyada 450-dən çox azərbaycanlı tələbənin təhsil alması humanitar əlaqələrin yüksək səviyyədə olduğunu göstərir və gələcək nəsillər arasında qarşılıqlı anlaşmanı gücləndirir. Həmçinin ölkəmizin başçısı Azərbaycan və Ermənistan arasında sülh prosesinin müsbət dinamika nümayiş etdirdiyini qeyd edərək bildirdi ki, bu istiqamətdə əldə olunan nəticələr bölgədə sabitliyin formalaşmasına xidmət edir və siyasi iradə ilə strateji baxışların uzunmüddətli sülhün əsas müəyyənediciləri olduğunu, bu modelin isə digər münaqişə bölgələri üçün də nümunə ola biləcəyini vurğuladı.
Deputat yekunda qeyd edib ki, Latviya prezidentinin Bakı səfəri əlaqələrin dərinləşməsi baxımından son dərəcə əhəmiyyətli oldu. Prezident Edqars Rinkeviçsin Azərbaycanın dövlət başçısına xitabən əməkdaşlığımızın davam etdirilməsini səbirsizliklə gözləyirəm fikri ikitərəfli münasibətlərə olan marağını, həm də Prezident İlham Əliyevə və Azərbaycana göstərilən yüksək ehtiramın nümayişi kimi yadda qaldı. Bu isə ölkəmizin beynəlxalq nüfuzunun və Azərbaycan liderinin qlobal səviyyədə formalaşmış siyasi çəkisinin göstəricisi oldu.

