Antalyada növbəti diplomatiya forumu işə başlayır

post-img

Bu gündən Türkiyədə beşinci Antalya Diplomatiya Forumu (ADF 2026) işə başlayır.

XQ xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsində, Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə reallaşan tədbir bu il “Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək” mövzusunda təşkil edilib.

Builki foruma 150-dən çox ölkədən 22 dövlət və hökumət başçısı, 14 dövlət və hökumət başçısının müavini, 39-u xarici işlər naziri olmaqla 50-dən artıq nazir, eləcə də 75-i beynəlxalq təşkilatların nümayəndəsi olmaqla ümumilikdə 500-dən çox yüksəksəviyyəli şəxsin qatılması gözlənilir.

Azərbaycan tədbirdə yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunur.

Üç gün davam edəcək forumda qlobal qeyri-müəyyənliklər və regional proseslər müxtəlif panel iclaslar, interaktiv sessiyalar və ikitərəfli görüşlərlə ətraflı müzakirə olunacaq. Builki tədbirdə Cənubi Qafqazdakı son vəziyyət də müzakirə olunacaq mövzular arasında yer alır.

ADF 2026-da dövlət rəsmiləri ilə yanaşı akademiklər, iş dünyasının mütəxəssisləri, media və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gətirilərək qeyri-müəyyənliklərin ən yaxşı şəkildə idarə olunması, qlobal problemlərin həlli və gələcək çağırışlara hazırlıq yolları araşdırılacaq, mümkün həll yolları barədə fikir mübadiləsi aparılacaq və ən yaxşı təcrübə nümunələri paylaşılacaq.

Forum çərçivəsində, liderlər panelləri də daxil olmaqla, 40-dan çox tədbir və sessiyanın keçirilməsi nəzərdə tutulur.

Sessiyalarda qlobal sistemdə dərinləşən qeyri-müəyyənliklər, transformasiya prosesləri və regional inkişaflar geniş spektrdə müzakirə olunacaq. Bununla yanaşı, siyasi, ekoloji, iqtisadi və texnoloji istiqamətlərdə formalaşan əsas gündəm mövzularının forum müzakirələrinin mərkəzində olması gözlənilir.

Tədbir dialoqun təşviqi, etimadın yenidən bərpası və daha güclü əməkdaşlığın qurulmasını hədəfləyir.

Qeyd edək ki, müxtəlif sahələr üzrə təxminən 5 min nəfərin qatılacağı tədbir dünyanın müxtəlif ölkələrindən mindən artıq media mənsubu tərəfindən işıqlandırılacaq.

Siyasət