Hazırda dünyada baş verən hərbi-siyasi gərginliklər fonunda beynəlxalq münasibətlər sistemi mürəkkəb və qeyri-müəyyən mərhələdən keçir. Xüsusilə Rusiya-Ukrayna müharibəsi və ABŞ-İsrail-İran gərginliyi kimi münaqişələr qlobal təhlükəsizlik mühitinə ciddi təsir edir. Təbii ki, bu proseslər iqtisadi sahədə də özünü göstərməklə enerji bazarlarında qeyri-sabitliyə və qiymət dalğalanmalarına yol açır.
2022-ci il fevral ayının 24-dən aktiv fazaya keçən Rusiya-Ukrayna müharibəsi xüsusilə Avropa bazarında çətinliklərə səbəb olsa da, bu il fevralın 28-də başlayan ABŞ-İran münaqişəsi qlobal enerji bazarında köklü dəyişikliklərə səbəb oldu.
Münaqişənin ilkin mərhələsində hərbi əməliyyatların siyasi sistemdə transformasiya, eləcə də hərbi-strateji imkanların məhdudlaşdırılması kimi prioritet məqsədlərlə xarakterizə olunsa da, prosesin uzanması əməliyyatların mahiyyətində və hədəflərində əhəmiyyətli dəyişikliklərə gətirib çıxardı. Belə ki, hazırda əsas diqqətin Hörmüz boğazının strateji-iqtisadi imkanlarına yönəldiyi müşahidə edilir ki, bu da münaqişənin daha çox iqtisadi və maliyyə maraqları müstəvisində formalaşdığını göstərir.
Nəticə etibarilə, sözügedən münaqişə region ölkələrinin sosial-iqtisadi sabitliyinə ciddi mənfi təsir göstərməklə yanaşı, eyni zamanda, qlobal iqtisadi sistemdə zəncirvari və genişmiqyaslı effekt yaratdı.
Qeyd edək ki, Hörmüz boğazı həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm əhəmiyyətə malik strateji su yoludur. Fars körfəzi ilə Oman körfəzi arasında yerləşən bu boğaz vasitəsilə dünya bazarına gündəlik 20 milyon bareldən çox xam neft nəql olunur ki, bu da qlobal enerji bazarında neftə olan tələbatın təqribən 20%-ni təşkil edir. OPEC ölkələrinin ixrac etdiyi neftin böyük hissəsi də məhz bu marşrut vasitəsilə dünya bazarına çatdırılır. Bu səbəbdən sözügedən strateji enerji daşınma dəhlizində baş verə biləcək hər hansı gərginlik qlobal enerji qiymətlərinə birbaşa mənfi təsir göstərir. Bu isə boğazın yüksək iqtisadi risk və geosiyasi həssaslıq səviyyəsinə malik olduğunu nümayiş etdirir.
Doğrudur, hazırda dünyada enerji ixracında xüsusi rola malik digər beynəlxalq əhəmiyyətli tranzit boğazlar da mövcuddur. Bunlara Malakka boğazı, Bab əl-Məndəb boğazı, Cəbəllütariq boğazı və digər bu kimi mühüm keçidləri misal göstərmək olar. Lakin qeyd olunan boğazlar beynəlxalq daşımalar baxımından əhəmiyyətli funksional rol oynasalar da, Hörmüz boğazı ilə müqayisədə qlobal miqyasda eyni xüsusi çəkiyə malik deyillər. Bu mənada, strateji coğrafi mövqeyə malik Hörmüz boğazını qlobal enerji bazarının “şah damarı” adlandırmaq mümkündür. Bu səbəbdən onun sabit və təhlükəsiz şəkildə fəaliyyətinin təmin olunması enerji təchizatının davamlılığı baxımından mühüm əhəmiyyət kəsb edir.
Eni təxminən 39 km (21 dəniz mili), gəmiçilik zolağının isə cəmi 3 km (2 dəniz mili) təşkil edən bu dar, lakin strateji əhəmiyyətə malik su yolu yalnız enerji təhlükəsizliyinin təmin edilməsində deyil, eyni zamanda, qlobal ticarət dövriyyəsinin 4,5%-ni təşkil etməklə, beynəlxalq ticarət sistemində mühüm rol oynayır. Belə ki, Fars körfəzi hövzəsində yerləşən zəngin karbohidrogen ehtiyatlarına malik ölkələrdən ixrac olunan neft və təbii qazla yanaşı, digər strateji məhsulların (gübrə, qiymətli metallar, alüminium, sement və s.) daşınması da əsasən bu marşrut vasitəsilə həyata keçirilir. Xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalında zəruri hesab edilən gübrə ixracı üçün Hörmüz boğazı əvəzsiz nəqliyyat yoludur. Hazırda dünyada gübrə ticarətinin təqribən 30%-i məhz bu boğaz vasitəsilə nəql edilir.
Həmçinin boğaz qlobal gübrə istehsalı üçün strateji əhəmiyyətə malik xammal axınlarının da əsas tranzit marşrutudur. Belə ki, dünya üzrə ammonyak tədarükünün təxminən 30%-i, kükürd ticarətinin 50%-i və mayeləşdirilmiş təbii qazın (LNG) 20%-i (gündəlik təxminən 300 milyon kubmetr) məhz bu xətt vasitəsilə daşınır. BMT-nin analitik və inkişaf yönümlü qurumu olan Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (Food and Agriculture Organization - FAO) proqnozlarına əsasən, mövcud vəziyyət davam edəcəyi təqdirdə, 2026-cı ilin ilk yarısında gübrə qiymətləri orta hesabla 15–20% arta bilər.
Bütün bunları nəzərə alsaq, bu su yolunda yarana biləcək hər hansı fasilə kənd təsərrüfatında məhsuldarlığın azalmasına, qiymət artımına və nəticə etibarilə qlobal ərzaq təhlükəsizliyinə ciddi təsir göstərə bilər. Bu mənfi hallar xüsusilə Cənub-Şərqi Asiya və Afrika regionunda yerləşən və idxaldan asılı inkişaf etməkdə olan ölkələrin əhalisinin ərzaq çatışmazlığı problemi ilə üzləşə biləcəyi riskini artırmış olur.
Belə ki, qlobal ərzaq təhlükəsizliyi ilə bağlı BMT-nin ən böyük humanitar yardım təşkilatlarından biri olan Ümumdünya Ərzaq Proqramının (World Food Programme - WFP) məlumatlarına əsasən münaqişənin uzanması səbəbindən yaxın gələcəkdə 45 milyon əhalinin kəskin aclıqla üzləşə biləcəyi proqnozlaşdırılır.
Nəzərə alsaq ki, münaqişədən öncə boğazdan gündəlik orta hesabla 150-200 gəmi keçdiyi halda, hazırda bu göstərici 10-dan artıq deyil. Bu səbəbdən, yüzlərlə gəmi körfəzdə gözləmə mövqeyində qalmaqdadır.
Bunun ağır nəticəsidir ki, hazırda bir çox ölkələrdə yanacaq çatışmazlığı səbəbindən həyəcan təbili çalınır. Xüsusilə Çin, Yaponiya, Hindistan və Avropa ölkələrində neft və təbii qaz təchizatında yaranan fasilələr enerji qiymətlərinin kəskin artmasına, sənaye istehsalında ləngimələrə və əhalinin gündəlik enerji tələbatının ödənilməsində çətinliklərə səbəb olmuşdur.
Avropa ölkələrinin təyyarə yanacağı idxalında körfəz ölkələrindən əhəmiyyətli dərəcədə asılılığını da nəzərə alsaq, bu hal yaxın gələcəkdə aviaşirkətlərin fəaliyyətində məhdudiyyətlərin yaranması və uçuşların azalması kimi xoşagəlməz halların yaranmasına da gətirib çıxara bilər.
Eyni zamanda, Hörmüz boğazının minalanması və minaların zamanla yerini dəyişməsi ehtimalı onların sonradan təhlükəsiz və effektiv şəkildə zərərsizləşdirilməsini əhəmiyyətli dərəcədə çətinləşdirir. Bu isə daşımalar üçün ciddi iqtisadi risk yaradır ki, bu da qısamüddətli dövrdə nəqliyyat gecikmələrinə, sığorta və daşınma xərclərinin artmasına, uzunmüddətli perspektivdə isə qlobal enerji bazarlarında qiymət dalğalanmalarına, təchizat zəncirində qeyri-sabitliyə və alternativ marşrutlara yönəlmə nəticəsində logistika xərclərinin artmasına səbəb ola bilər.
Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, münaqişə nəticəsində zədələnmiş enerji infrastrukturlarının, o cümlədən emal müəssisələri, boru kəmərləri sistemləri, dəniz limanları və logistika mərkəzlərinin əvvəlki istehsal gücünün bərpası mürəkkəb, eyni zamanda, uzunmüddətli proses kimi xarakterizə olunur. Bu isə neft və qaz təchizat zəncirinin tam normallaşmasının ciddi zaman tələb edəcəyini göstərir.
Mövcud münaqişənin davam edəcəyi təqdirdə, qlobal iqtisadiyyata təsir edə biləcək digər risklərdən biri də Hörmüz boğazı ilə uzanan sualtı internet kabellərinin zərər çəkməsi təhlükəsidir. Məlumdur ki, qlobal internet trafikinin təqribən 95%-i məhz sualtı vasitəsilə həyata keçirilir. Beynəlxalq Telekommunikasiya İttifaqının (International Telecommunication Union - İTU) məlumatlarına əsasən, Fars körfəzindən Hörmüz boğazı vasitəsilə iyirmiyə yaxın kabel keçir ki, bu da ümumdünya üzrə qitələrarası beynəlxalq internet trafikinin təqribən 20-25%-ni təşkil edir. Bu səbəbdən hər hansı təhlükə və ya pozuntu halı baş verdikdə mövcud internet sürətində əhəmiyyətli azalma müşahidə oluna, alternativ rabitə xətlərində isə həddindən artıq yüklənmə yarana bilər. Bu isə beynəlxalq bank əməliyyatlarına, onlayn ticarətə və fond birjasına ciddi mənfi təsir göstərə bilər. Nəticədə valyuta mübadiləsi, səhmlərin alqı-satqısı və ümumilikdə maliyyə bazarlarının fəaliyyəti xeyli zəifləyəcəkdir. Yekunda bu həm valyutaların, həm də səhmlərin qiymətində kəskin ucuzlaşmaya, dəyər itkisinə və inflyasiya təzyiqinin artmasına səbəb olacaqdır.
Qeyd edək ki, ABŞ-İran münaqişəsindən öncə dünya bazarında “Brent” markalı xam neftin bir bareli üçün 72-73 dollar səviyyəsində olan qiymətlər, münaqişədən sonra təqribən iki dəfəyə qədər artaraq, 120 dollara yüksəlmişdir. Eyni zamanda, maye qazın da qiymətində oxşar dinamika mövcuddur. Belə ki, münaqişədən əvvəl təbii qaz üzrə l meqavat-saat (MWh) üçün 35,5 avro olan qiymətlər hazırda 61,9 avro səviyyəsindədir. Doğrudur, razılaşdırılmış on dörd günlük atəşkəsdən sonra qiymətlərdə müəyyən qədər enmələr müşahidə edilsə də, yenə də əvvəlki göstəricələrə nisbətdə qiymətlər yüksələn xətlə davam edir. Belə ki, münaqişə zamanı mövcud enerji infrastrukturunun ciddi zərər görməsi və nəticədə bazarda formalaşan yanacaq qıtlığı səbəbindən tələb-təklif mühitinin pozulması qiymətlərin bir qədər düşəcəyi təqdirdə belə, münaqişədən öncəki səviyyəyə qayıtmağacağı, əksinə, yüksək olacağı proqnozlaşdırılır. Bu isə qlobal enerji təhlükəsizliyi baxımından risklərin hələ bir müddət yüksək səviyyədə qalacağını göstərir.
Qısamüddətli dövrdə mövcud iqtisadi çətinliklərin yumşaldılması məqsədilə ölkələr strateji ehtiyatlardan istifadə, vergi güzəştlərinin tətbiqi və subsidiyaların verilməsi kimi stabilləşdirici tədbirlərə müraciət edə bilərlər. Lakin bu kimi iqtisadi yanaşmalar mahiyyət etibarilə yalnız müvəqqəti xarakter daşıyır.
Uzunmüddətli iqtisadi sabitliyin təmin olunması isə ilk növbədə, münaqişələrin danışıqlar yolu ilə qarşılıqlı etimad əsasında və operativ şəkildə həll edilməsindən asılıdır ki, bu da qlobal enerji təchizatı zəncirinin bərpasına, eləcə də bazarlarda risk və qeyri-müəyyənlik səviyyəsinin azalmasına gətirib çıxaracaqdır.
Beləliklə, bütün bu kimi zəruri səbəblər beynəlxalq iqtisadi münasibətlərin təmin olunmasında Hörmüz boğazının əvəzsiz rolunu bir daha təsdiqləyir.
Təəssüf ki, mövcud münaqişə ocaqları Azərbaycanın sərhəd qonşularını əhatə edir. Bu isə qlobal iqtisadi sistemə inteqrasiya edən ölkə iqtisadiyyatına da müəyyən mənada öz təsirlərini göstərə bilər. Bununla belə, ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən praqmatik və balanslaşdırılmış siyasət nəticəsində mövcud çağırışların təsiri minimuma endirilir və aradan qaldırılır. Xüsusilə nəzərə alsaq ki, II Qarabağ müharibəsindən sonrakı dövrdə öz ərazi bütövlüyü və suverenliyini bərpa etmiş bir dövlət kimi bu şəraitdə inkişafın davam etdirilməsi strateji və iqtisadi cəhətdən mühüm vəzifədir.
Bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu və məqsədyönlü siyasət nəticəsində Azərbaycan həm siyasi, həm də iqtisadi müstəvidə öz mövqeyini daha da gücləndirir. Bu yanaşma xüsusilə enerji sektorunda özünü daha aydın şəkildə göstərir. Ən başlıcası isə ənənəvi enerji mənbələrindən asılılığın tədricən aradan qaldırılması, enerji tədarükünün diversifikasiyası məqsədilə bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi dövlətin əsas prioritetləri sırasındadır. Belə ki, enerji sektorunda bərpaolunan enerji payının artırılması məqsədilə bu sahə üzrə ixtisaslaşmış dünyanın qabaqcıl şirkətləri, eyni zamanda, beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq çərçivəsində mühüm layihələr icra olunmaqdadır. Bu layihələrin icrası enerji təchizatının davamlı və dayanıqlı şəkildə həyata keçirməklə ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Eyni zamanda, ekoloji tarazlığın qorunması baxımından karbon emissiyasının azaldılması, həmçinin ölkənin sosial-iqtisadi inkişafı istiqamətində yeni iş yerlərinin yaradılması baxımından da olduqca mühüm əhəmiyyət kəsb edir.
Coşqun MƏMMƏDOV,
AMEA Rəyasət Heyətinin elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru

